Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft “ölür”: Azərbaycanı nə gözləyir...

Dünya neft bazarında baş verənlər ciddi müzakirə olunur. Bu günlər xeyli gözlənilməz hadisələrə şahidlik edirik.

Bizimyol.info xəbər verir ki, Amerika neft markası olan WTI-nin qiyməti dünən hətta mənfi saldoya düşmüşdü. Günün sonuna doğru -40 dollar kimi heyrət ediləcək göstərici qeydə alınmışdı. Bu gün də vəziyət fərqli deyil. Üstəlik, başqa neft markalarının qiymətlərində də eniş müşahidə olunur. Məsələn, “Brent” günə 25.57 ilə başlasa da, bu dəqiqələrdə 19-20 dollar civarında təklif edilir.

Azərbaycan neftinin vəziyyəti də qənaətbəxş deyil. “Azeri Light” Qərb limanlarında 21.3-ə təklif olunur. Böyük ehtimalla sabah xeyli aşağı qiymət elan ediləcək. Ola bilər ki, “Azeri Light” tarixinin ən aşağı qiymətini məhz bü günlərdə görəcək.

Dünya neft bazarında baş verənlər nəylə bağlıdır? ABŞ prezidenti Donald Tramp bunda yalnız Səudiyyə Ərəbistanını günahlandırır. Düzdür, ərəb ölkəsi prosesdə həlledici rol oynayır. Hələ martda hasilatın kəskin artırılması neft qiymətlərinə böyük təsir göstərmişdi. Qiymətlər təxminən iki dəfə aşağı düşmüşdü. Bundan sonra Səudiyyə Ərəbistanı növbəti ciddi tədbirləri həyata keçirməyə başladı. Məsələn, Cənubi Avropaya orta qiymətdən xeyli ucuz neft çatdırmaq, bundan başqa, müştərilərə nisyə neft təklif etmək...

Amma dünya neft bazarında baş verənlər təkcə Səudiyyə Ərəbistanının manevrləri ilə bağlı deyil. Anbarlar təbii sərvətlə dolub-daşır. Neft ehtiyatını saxlamağa faktiki yer qalmayıb. Dünən birja iştirakçılarının davranışı da neft bolluğuna adekvat idi. Onlar məhsulun öz üstlərində qalmaması üçün hətta əlavə pul ödəməyə hazır olduğunu göstərirdi.

Bəs Azərbaycanı nə gözləyir? Yuxarıda qeyd etmişdik ki, Səudiyyə Ərəbistanı Cənubi Avropa bazarına iddiasını ortaya qoyub. Ərəblər avropalılara orta qiymətdən 10,3 dollar ucuz məhsul təklif edir. Bu addım bizim üçün arzuolunmaz nəticə ortaya çıxara bilər. Azərbaycan öz neftinə əsasən Avropanın cənubunda müştəri tapa bilir. Digər tərəfdən “Azeri Light”ın keyfiyyət göstəricisinin yüksək olması da indiki dövrdə nikbinliyə əsas vermir. Bizim neftdən daha çox təyyarə, avtomobil yanacağının istehsalında istifadə olunur. Dünya isə ənənəvi həyata qayıtmağa çox cürət etmir.

Qərbdə həyat yavaş-yavaş bərpa olunur, amma aviareyslərin işə düşməsi hələ müzakirə predmeti deyil. Avropa İttifaqı qeyri-Avropa ölkələrinin Şengen zonasına buraxılmasını sentyabra qədər təxirə salmaq istəyir. Belə görünür ki, dünya neft bazarının əsas oyunçuları ciddi addımlar atmasa, yaxın müddətdə qiymətin yüksəlişi baş verməyəcək.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »