Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Pandemiya dövründə dövlət əhalinin sosial müdafiəsini təmin etdi” - Ekspert

Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əlaqədar “Evdə qal” kampaniyası davam etməkdədir.

Bunun nəticəsində iqtisadi aktivliyin aşağı düşməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən insanların maddi rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi əsas məsələ kimi qarşıya qoyulub.

Pandemiyanın sosial-iqtisadi fəsadlarının azaldılması və postpandemiya dövrünə hazırlıq məqsədi ilə görüləcək tədbirlərin maliyyələşdirilməsi üçün büdcədən 1 milyard manat vəsait ayrıldı və daha sonra bu vəsaitin 3.5 milyard manata çatdırıldı. Hazırda hökumətin 4 istiqamətdə təqdim etdiyi Tədbirlər Planına əsasən pandemiyadan ziyan çəkən 20 sahə üzrə problemlərin həlli ilə bağlı mühüm işlər görülür.

Koronavirus pandemiyası dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Bizimyol.info-ya müsahibə verib. Müsahibəni təqdim edirik:

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sahib Məmmədov

-Sahib müəllim, statistika göstərir ki, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Bütün bunlar əmək bazarında canlanma tendensiyasıdırmı? Sizcə, pandemiya dövründə yaranmış vəziyyətdə bu rəqəmlər nəyi göstərir?

-Öncə qeyd edim ki, dövlət başçısı koronavirus pandemiyasının bütün sahələrə təsirlərini nəzərə alıb, həm sahibkarlara, həm də əhaliyə dəstək paketləri hazırlandı. Hökumət üçün ən asanı formal əmək bazarında işləyənlərlə bağlı dəstək paketinin hazırlanması oldu. Belə ki sistemdə müqavilələrlə çalışan sahibkarlar haqqında məlumatlar görünür. “Kölgə iqtsiadiyyatı”nın nümayəndəsi olmayan sahibkar subyektlərinin hamısına dövlət dəstəyi verildi. Onlar da yardımını alıblar, almayıblarsa, proses davam edir, alacaqlar. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.

Ən çətin məsələ “kölgə iqtisadiyyatı” tərəfdə olanlara yardımın verilməsi ilə bağlıdır. Dövlət onlara da dəstək vermək istəyir. Belə ki, şərait yaradılıb ki vətəndaşlar işsiz kimi qeydiyyatdan keçsinlər və dövlət dəstəyindən yararlansınlar.

Amma ortaya suallar çıxır. Suallar da “kölgə iqtisadiyyatı”nın və qeyri-rəsmi əmək bazarının həcminin həddən artıq yuxarı səviyyədə olması və işsizlərin sayılmasındakı kriteriyalarda olan ciddi qüsurlarla bağlıdır. Dəfələrlə deyirdik ki, işsizliyi mövcud kriteriyalarla saymaq doğru olmaz. Bu vəziyyətdə işsizlik çılpaqlığı ilə üzə çıxıb. İşsizliyin statistikası etiraf olunan səviyyədə deyil.

Prezident dəfələrlə aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll edilməsi üçün göstəriş verib. Yeri gəlmişkən, ilkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min vətəndaş dövlətdən 190 manat yardım alacaqdır. Prezident göstəriş verdi ki, insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan vətəndaşların sayı 600 minə çatdırılsın. Yəni, 200 min əvəzinə, 600 min vətəndaşa dövlət iki ay ərzində hər ay 190 manat vəsait verəcək. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Bəlkə də, yaxın gələcəkdə 600 mindən çox vətəndaşa 190 manat yardım veriləcək .

Halbuki vaxtında qeyri-formal əmək bazarının həcmi məhdudlaşdırılsaydı, məşğul insanların qeydiyyatı üçün stimullaşdırıcı tədbirlər görülsəydi, mənzərə bir qədər fərqli ola bilərdi.

Hər halda dövlətimizin sahibkarlara və əhaliyə verdiyi dəstək və yardımlar çox önəmlidir. Məsələn, mən dünən Almaniyada kiçik müəssisələrə dövlətin etdiyi yardımlarla bağlı məlumatı izləyirdim. Onlara edilən yardımlar çox cüzidir. Və ona görə həmin müəssisələr iflas olurlar.

Bizdə dövlətin verdiyi yardımlar çox əhəmiyyətlidir. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Bütün bunlar koronavirus dövründə əmək bazarında stabilliyi qoruyub saxlamaq üçündür, sahibkarlıq subyektlərinin sıradan çıxmaması ilə bağlıdır. İşçilər də maaşsız qalmasın. Sahibkarlıq subyektlərinə və işçilərə yardım olunmasaydı, iş yerləri bağlanacaq və postpandemiya dövründə iş yerlərinin və dövlətə vergi ödəyənlərin sayı azalacaqdır. Dövlətin siyasəti stabilləşmə siyasətidir və dəstək verməklə vəziyyətin ağırlaşmasının qarşısını almağı hədəfləyib.

-DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Ödənişli ictimai işlər aztəminatlı əhali təbəqələrinin sosial vəziyyətinə necə təsir edir? Və başqa ölkələrin təcrübəsində ödənişli ictimai iş yerlərinin yaradılması kimi bir hal varmı?

-Ödənişli ictimai iş yerləri işsizlik müavinəti kimidir. Xarici təcrübə belədir ki, işsizlikdən qeydiyyatdan keçənlərə bu müavinət verilir. Bizdə işsiz kimi təsdiq olunan insanlara minumum əmək haqqı miqdarında dövlət yardım edir. Bunu ələbaxanlıq kimi olmasın deyə ictimai işlər növü formasında edirlər. Nəticədə həmin şəxslər ictimai faydalı işlər görürlər və minimum qazanc əldə edirlər. Aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün prezidentin təşəbbüsü ilə həyata keçirilən ictimai iş yerlərində işləyənlərin maaş kartları hətta yüksək vəzifəli şəxslərin ciblərindən çıxdı. Prezidentin bu hallara reaksiyasını gördünüz. Ondan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimai iş yerlərində işləyən vətəndaşların siyahısını dərc etdi. İstənilən jurnalist istənilən rayon üzrə adları siyahıda yoxlaya bilər. Nazirliyin bu işini mən alqışlayıram.

Prezidentin təşəbbüsü ilə açılan ictimai iş yerləri aztəminatlı ailələrə xeyli əhəmiyyətli köməkdir. İnsanları maarifləndirmək lazımdır ki onlar DOST İş Mərkəzinə müraciət etsinlər. Əgər elan olunan kriteriyalara uyğun gəlirsə mütləq ictimai işlə təmin olunacaqlar. Xüsusən kənd sakinlərinin ictimai iş yerində işləməklə aldığı 250 manat məbləğində əmək haqqı tam yerinə düşür. Bəzən deyirlər ki 250 manat nədir ki? Səhv fikirdir. Dövlət insanlara verdiyi bu dəstək , yardım çox əhəmiyyətlidir. Pandemiya dövründə dövlət əhalinin sosial müdafəsini təmin etdi.

-Belə fikirlər də səslənir ki, 190 manat çox deyil və ehtiyacı olan kəsimin az bir hissəsini əhatə edir. Təklif olunur ki, dövlət bütün vətəndaşlara eyni səviyyədə və daha yüksək ödənişlər etsin. Belə bir ödəniş hamıya və eyni qaydada ödənilərsə, o zaman dövlətin buna imkanı çatarmı? Bəzi fikirlər də var ki, dövlətin strateji ehtiyatlarından geniş istifadə olunsun və sair. Bu fikirlərin əsası varmı?

-Məsələn, şərtlərə görə mənə yardım düşmür. Çünki əmək haqqımın həcmi elədir ki mənə dövlət yardımı düşməməlidir. Elə adamlar var ki yüksək səviyyədə əmək haqqı alır və yaxud biznesi var. Ona niyə bu yardım verilməlidir? 190 manat birdəfəlik yardım ünvanlı verilməlidir.

Azərbaycanın ən çox gəlir əldə etdiyi neftin qiyməti hazırda dünya bazarında maya dəyərindən aşağı satılır. Vergilərin toplandığı əksər yerlər də karantin rejiminin tələbləri nəticəsində fəaliyyətini dayandırıb. Pandemiya vəziyyətində biz Dövlət Neft Fondunda yığılan vəsaitdən istifadə edirik. Amma biz buna maksimum qənaət etməliyik. Kasıblıq həddində olan insanlara yardım verilməlidir. İndi həmin fonda pul yığılmalıdır ki biz həmin vəsaitdən istifadə edək.

-Hökumət işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsini müzakirə edir. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Bu haqda nə deyə bilərsiniz?

-“Məşğulluq haqqında” qanuna əsasən işsizlik sığortasına yalnız o şəxslər müraciət edə bilər ki, ya iş yeri ixtisara düşmüş olsun, ya da işlədiyi müəssisə fəaliyyətini dayandırmış olsun. Bu, Azərbaycan Konstitusiyasının 35 və 38-ci maddələrinə ziddir. Belə ki burada qeyd olunub ki, işsizlərin dövlətdən yardım almaq hüququ var. Biz tənqid etdikdən sonra şərtləri genişləndirmək istəyirlər. Belə ki əmək müqaviləsi bitmiş şəxslərə işsizlikdən müavinətin verilməsi planlaşdırılır. Ancaq bu da azdır. Belə ki əmək müqaviləsinin şərtlərini pozaraq attestasiyadan keçə bilməyən, sınaq müddətindən keçə bilməyən, əmək şəraiti dəyişdiyi üçün iş yerindən məhrum olanlar da bu hüquqdan yararlanmalıdır. Çünki işsizlikdən sığorta haqqı istisnasız olaraq bütün işləyənlərin əmək haqqından ödənilir.

Ramid İbrahimov

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »