Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Söz əməlin kölgəsidir

Məqalənin adı Demokritin aforizmlərindən biridir. Dünya filosofları qalereyasının ən dəyərli simalarından biri, çox bilib az danışan Demokriti Platonun "Rəqiblər dialoqu"nda Sokrat "beş növcü" adlandırmışdır. Çünki Demokrit öz dövrünün həm təbiət, həm də cəmiyyət elmlərinin hamısını mükəmməl bilirmiş. O, o qədər müdrik olub ki, hər şeyi müşahidə edib, onun təbiətini, mahiyyətini deyirmiş. O, insanların əməllərinə baxıb gülər, lakin danışmazmış. Bir dəfə bir cahilin ara vermədən danışdığını görən Demokrit demişdi: “Bu adam ara vermədən danışır, amma heç nə demir”.

Əlbəttə, nəsə demək üçün mütləq nəsə etmək, yəni əməl sahibi olmaq lazımdır. Bizim

məmurlarımız da elə hey danışırlar. Ara vermədən hər şeydən: - keçmişdən, gələcəkdən, yerdən, göydən, lakin gördükləri bir iş də yoxdur. Televiziya kanallarımız da da elədir. Mən başa düşmürəm, onlar verilişlərinə qonaqları hansı prinsiplə dəvət edirlər? Tanışlıqlamı? Onda qonaqların qüsurları birbaşa kanal sahiblərinin ünvanına yazılır. Çünki atalar misalı var "dostunu göstər, sənin kim olduğunu deyim". İctimai yönümlü işlərdə də mütləq demokratik prinsiplər gözlənilməlidir.

democritus_and_heraclitus

Demokrit qatı demokratiya tərəfdarı olub. O deyirdi: “Demokratiya şəraitində yoxsul olmaq

zorakılıq vaxtı dövlətli olmaqdan şərəflidir”.

O, ömrünün yarısını biliyini artırmaq məqsədi ilə Misirdə, İranda və Hindistanda keçirib.Təbiət və cəmiyyət haqda bütün bilik və elmlərə yiyələnib. Sonda Afinaya qayıdıb, tənhalığa çəkilib yaşamışdır. Heç bir şöhrətə, mənsəbə, sərvətə can atmamışdır.

Yazılanlardan məlum olur ki, vətəninə qayıtdıqdan sonra ata mirasını dağıtdığına görə onu

məhkəməyə verirlər. Məhkəmə başlananda qoltuğunda əl yazmaları gəlib hakimin suallarına cavab vermək əvəzinə "Dünyanın quruluşu" adlı ən yaxşı əsərini açıb oxuyur. Hakimlər oxuduğu əsərə görə ittiham əvəzinə ona nə az, nə çox, düz 500 talant (o zamanın yaxın şərqində ən böyük pul vahidi) mükafat kəsirlər. Ona misdən heykəl qoyulması və dəfninin dövlət tərəfindən təşkil edilməsinə qərar verirlər. O vaxtlar onun həmvətənləri - ellinlilər elmə, biliyə, istedada belə qiymət verirmişlər.

Nəfsi üzərində tam və qəti qələbə çalmış Demokrit gülərüz və mehriban bir insan olduğundan

pərəstişkarları çox imiş. Tibb elminin banilərindən biri sayılan Hippokrat onunla tanış olandan sonra köçüb Abderdə yaşamış və filosofa hörmət əlaməti olaraq əsərlərini onun doğma Dori ləhcəsində yazmışdır.

Rəvayətə görə, onların ilk görüşü zamanı Hippokratın gətirdiyi südə baxıb, Demokrit südün

qara inəyin südü olduğunu demiş və düz tapması ilə hamını heyrətləndirmişdi. Mən bu söhbəti

danışanda həmsöhbətlərimdən biri o saat "yəqin südün içinə qara tük düşübmüş"- dedi. Mən də

dedim ki, 2400 il dünyanın marağına səbəb olmuş olayı bir qara tükə qurban vermək olmaz, məsələ daha ciddidir və müasir araşdırmaya ehtiyacı var.

İnformasiya sahələrindən gələn bilgilərdən məlum olur ki, südün ağlılıq dərəcəsi onu təşkil edən kozeinin miqdarından (70-80%) asılıdır. Süddə kozeinin miqdarı çox olduqca onun ağlılıq

dərəcəsi də çox olur. Kozein mürəkkəb zülallara aiddir. Südə sarılıq verən isə A vitamini, beta - karotin və yağlılıq dərəcəsidir. Qışda inəklər quru otla yemləndiklərindən südləri daha ağ olur. Göy ot yeyən inəklərin südü A vitamini ilə zəngin olduğundan südlərinin sarı çalarları da çox olur. Bütün bu deyilənlər inəklərin rənginə varmadan aparılan ümumi söhbətlərdir. Onsuz da, hamı bilir ki, sarı inəklərinki ilə müqayisədə qara camışların yağı da ağ olur, südü də. Bu hadisə canlı orqanizmlərdə gedən biosintez prosesi və düşən işığın tərkibinin təsiri ilə izah olunmalıdır. Orqanizmlər üçün zəruri olan maddələrin biokatalizatorlar və fermentlər vasitəsi ilə canlı hüceyrələrdə yaranması biosintez

adlanır.

Biosintez vasitəsi ilə əsasən başlanğıc sadə molekullardan daha mürəkkəb birləşmələr,

zülallar, nəhəng molekullar, nüklein turşuları və polisaxaridlər alınır. Əlbəttə, biosintez prosesində düşən işığın rolu mütləqdir - məsələn, D vitamininin sintezi zamanı olduğu kimi. Ağ işığın tərkibində 7 rəngdən hər hansı biri olmadıqda südə ağlıq verən kozeinin miqdarı da istənilən qədər olmur. Hər şey ondan başlanır ki, qara cisimlər üzərlərinə düşən optik diapozonun (görünən işığın) bütün dalğalarını udur. Qalan başqa rəngli cisimlər isə göründükləri rəngin dalğa uzunluğunu qaytarıb, qalan bütün rənglərə uyğun dalğaları udurlar, yəni nisbətən az enerji alırlar. Çox guman ki, bu hadisənin hesabına müxtəlif rəngli canlıların bədən temperaturları da fərqli olmalıdır. Məhz bu səbəbdən də biz yayda ağ, qışda qara və ya tünd rəngli paltarlara üstünlük veririk ki, yayda istidən, qışda soyuqdan əziyyət çəkməyək.

Rəvayətə görə, ölməkdə olan 90 yaşlı Demokrit bacısının narahat olduğunu görüb soruşur

ki, "Niyə kədərlisən?", bacısı da deyir ki, "Sən ölürsən, mən bayramı qeyd edib Allahlara ehtiramımı göstərə bilməyəcəm". Demokrit də deyir ki, "Darıxma bacım, sən mərasimini qeyd elə, lakin tapşır ki, qoy mənə gün ərzində bir neçə dəfə təzə, isti çörək gətirsinlər və mənə yaxın məsafədə qoysunlar".

Beləliklə, o isti çörəyin ətri ilə ömrünü daha 3 gün uzatmış olur. Yəni Demokrit eramızdan da 400 il əvvəl Nobel mükafatı laureatı ( 1904 ) İ.P.Pavlovun həzm orqanlarında gedən fizioloji proseslərin şərti refleks vasitəsi ilə baş verdiyini isbat etmişdir. Belə ki, hər dəfə isti çörəyin ətri gələndə qocalıqdan ölməktə olan kəllə beyini çalışmış, mədə şirə istehsal etmiş və beləliklə, 3 gün həzm sistemi şərti reflekslə iştəmişdir.

Hamıya məlumdur ki, Demokrit atomistikanın banisidir. Dünyada ilk dəfə kainatın atomlardan ibarət olmasını Demokrit söyləmişdir. Atom Yunan dilində “bölünməz” deməkdir.

Sonralar məlum oldu ki, atomlar da bölünür və onlardan da kiçik hissəciklər mövcuddur. Ən sadə yaxınlaşmada atomun nüvəsi və ətrafında elektronlardan ibarət elektron buludu var. Nüvədə isə protonlar, neytronlar və s. mövcuddur.

Biz üçüncü kursda oxuyanda, 1960-61-ci tədris ilinin birinci semestrində həm Atom

fizikasından, həm də “Dialektik materializmin əsasları”ndan mühazirələr dinləyirdik. “Dialektik materializmin əsasları”ndan fəlsəfə müəllimimiz Kərimov Vahid mühazirələr oxuyurdu. Noyabr ayının ortaları idi. Vahid müəllim Leninin “Materializm və empriokritizm” əsərini pafosla təhlil edərkən belə bir fikir yürütdü ki, nəhayət, fiziklər kəşf etdilər ki, atomlar da bölünəndir və Demokritin iki minillik atomistikasına son qoyuldu. Məlum oldu ki, atomların nüvəsi və ətrafında müəyyən orbitlərlə hərəkət edən elektronlar var. Sonra da əlavə etdi ki, Leninin fikrincə hələ elektronlar da bölünə bilər.

“Atom fizikası” kursunu bizə fakültəmizin ən görkəmli müəllimi, SSRİ məkanında tanınan fiziklərdən hesab olunan dosent Həsənov Rəhmi müəllim tədris edirdi. Biz artıq elektronların mənfi yüklü, məlum kütləli, stabil elementar zərrəcik olduğunu bilirdik. İngilis alimi Ernest Rezerfordun 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində atom və nüvə fizikası sahəsində təcrübi və nəzəri işləri ilə tanış idik. Vahid müəllimin təkidlə dedikləri xoşuma gəlmədi və ayağa durub dedim: “Atom və nüvə fizikasının görkəmli alimləri dura-dura Leninin elektronları bölməsi düzgün deyil, çünki bu sahənin görkəmli mütəxəssisləri var, qoy onlar desinlər”.

Bir az ara qarışdı, çaşqınlıq oldu, müəllimimiz birtəhər söhbətin altından çıxmaq istədi və söhbəti dəyişdi. Tənəffüs zamanı o, dəhlizdə barmaq işarəsi ilə məni yanına çağırıb: “Bir də belə suallar versən, səni buradan itirərəm, özün də fakültənin komsomol təşkilatının katibisən” -dedi. Çox böyük sarsıntı keçirtdim. Dayım mənə xəbərdarlıq etmişdi ki, universitet orta məktəb deyil, orada ağlına gələni danışma, orada hər cür adam var, ehtiyatlı ol, heç zaddan ilişə bilərsən. O, mənə bibisi oğlu, o vaxt ADU-nun jurnalistika fakültəsində işləyən Hüseynov Şirməmməd müəllimin qardaşının başına gələnləri danışmışdı. Şirməmməd müəllimin Ələsgər adlı çox ağıllı qardaşı var imiş. O, Azərbaycan Sənaye Universitetinin 3-cü kursunda oxuyanda müəllimə nə sual verirsə, onu xüsusi şöbəyə dəvət edir, oradan da DTK-ya aparır və sonra da Sibirə sürgün edirlər. 8 il sürgün həyatı görən Ələsgər, Stalin öləndən sonra çox sınmış, mənəvi və fiziki sarsıntı keçirmiş halda qayıdır, lakin insanlara olan inamını və sağlamlığını bərpa edə bilmir.

Yazdığım olayın üstündən 60 ilə yaxın bir müddət keçib. İlk dəfədir ki, qələmə alıram. İndiyə kimi bu barədə heç kimə danışmamışam, dilimə almağı belə lazım bilməmişəm. İndi yaşım 80-i ötüb, gərək cavanlara, nəvələrə hansısa bir əməlin kölgəsi olan söz deyəsən. Hiss etsinlər ki, bu dünyada olmaq, Allah tərəfindən töhfə edilmiş həyatı şərəflə yaşamaq üçün yaxınlara və ətrafdakı insanlara yalnız qayğı ilə yanaşmaq lazımdır. Mən yazılarımın birində demişəm ki, heç bir əməl gizli qala bilmir. Mütləq birisi tapılır ki, gördüyünü ya danışır, ya da yazır.

Üçüncü kursun 2-ci semestrində bizə “Riyazi fizika tənlikləri” kursundan dosent Zeynalov Soltan müəllim özünəməxsus ibarəli atmacalarla mühazirələr oxuyurdu. İlk baxışdan bizə elə gəlirdi ki, o, güclü riyaziyyatçıdır. Həvəslə düsturları muncuq kimi düzüb, yazı taxtasının sonuna çatanda zəng çalınardı. Zəng çalınan kimi o, təbaşiri qoyub çıxar və gələn dəfə gələndə yarımçıq qaldığı yerdən yazısını davam etdirərdi. Ən xoşuna gəlməyən şey insanların biri-birinə “müəllim” deyərək müraciət etməsi idi. O deyərdi ki, mən həmişə universitetin binası ilə üzbəüz yerləşən bərbərxanaya gedirəm. Orada məni hamı tanıyır. İçəri girəndə bərkdən “Salam, dəlləklər!”- deyib onları salamlayıram. Daha bəziləri kimi dəlləklərə də “müəllim” demirəm”.

Patokumuzun ən çalışqan tələbələrindən biri İsmayılov Raminə sataşmaqdan xüsusi həzz alırdı. Deyirdi ki, “Ramin nə addır ki sənə qoyublar? Yox bir- “remen. Biz Ramiz bilirik”. Jurnalı oxuyanda gəlib Raminin adına çatanda məhbəs jarqonu ilə “Ramiz -onje (onje-rus dilində həm də deməkdir) Remen”-deyərdi. Günlərin birində tənəffüs vaxtı növbətçiləri yerbəyer edib qayıdanda çatdıra bilməyib auditoriyaya onun ardınca daxil oldum. Bütün patokun qarşısında üzünü mənə tutub dedi: “Mən komsomol-katib zad bilmərəm, get ərizəni yaz çıx, yoxsa sənə qiymət verməyəcəm”.

İşimi-gücümü atıb başladım onun dərsini oxumağa. İmtahanda sualların hamısını yazmışdım. Vərəqləri əlimdən alıb “çıxdın katiblikdən?”- dedi. Dedim, mümkün deyil, onun vaxtı var. Hər il sentyabr ayında komsomolçuların ümumi yığıncağında yeni büro və orada da yeni katib seçilir.

Gözləri hədəqəsindən çıxdı. “Üç”- deyib ayağa qalxdı və sanki böyük bir iş görmüş kimi şaqqanaq çəkib gülməyə başladı. O əndrabazi insanın hərəkəti ən ağır anlarda,mənəviyyatsız insanların hoqqabazlıqları səhnələrində gözlərimin önündə canlanır. Bizim patokumuzun əlaçılarından biri İsgəndərov Asəfə də o üç verdi və onu adlı təqaüddən saxladı. Onda Asəf istəyirdi, gedib Tiflis universitetində imtahan verib qiymətini düzəltsin. Lakin arxasızlıq və maddi çətinliklər buna imkan vermədi. Əvəzində, Asəf universiteti bitirəndə riyaziyyat istiqamətini seçib Moskvaya aspiranturaya getdi. Əvvəlcə fizika-riyaziyyat elmləri namizədi, sonra tez bir zamanda elmlər doktoru alimlik dərəcələri aldı. O, BDU-nun tətbiqi riyaziyyat fakültəsində “Optimallaşdırma üsulları” kafedrasının müdiri, sonra isə uzun illər Lənkəran universitetinin rektoru oldu. Uzun illərdir ki, o, professor, əməkdar müəllim, əməkdar elm xadimi və tanınmış riyaziyyatçıdır.

Biz aspiranturada oxuyanda artıq başa düşdük ki, çox böyük ədəbazlıqla sözsüz-bezsiz yazı taxtasında düstur çıxaran Soltan müəllim heç əsl riyazi-fizikanı və o fənnin incəliklərini demirmiş.

Onun dediyi dərsləri biz yeri gəldikcə yenidən anlamalı olduq. Təbiətdə baş verən fiziki hadisələr: rəqslər, dalğalar, sıxlaşmalar, genişlənmələrin hamısı riyazi fizikada riyazi-fizika tənlikləri vasitəsilə ifadə olunur. Yəni diferensial və inteqral tənliklər fiziki hadisələrin kölgəsidir. Mənim rəhbərim prof.

L.A.Sena deyərdi ki, mənim aləmimdə riyazi-fizika tənlikləri musiqinin notlaşdırılmasına bənzəyir, yəni notlar da musiqinin kölgəsidir. Bu dərinlikləri biz dinlədiyimiz mühazirələrdə görmədik. Yəni əməl də, kölgə də sezilmədi. Biz yalnız düstur çıxarırdıq. Bu yerdə yəqin ki, dünya şöhrətli riyaziyyatçı, fizik və təbiət elmlərinin fəlsəfəsini araşdıran filosof Anri Puankarenin ruhuna minnətdarlıq yerinə düşər. Soltan müəllimin əməllərinin kölgəsi - təkcə yazdıqlarım deyil. Onun verdiyi ibrət dərsi həm də məni tələbələrimin sevimlisi etdi. Mən 50 illik müəllimlik dövrümdə bir tələbənin də haqqını tapdamadım, bütün tələbələrimlə dost münasibəti yaratdım.

İndi Koronavirusun tüğyan etdiyi bir zamanda olayın mahiyyətindən danışmamaq olmaz. Bu,

psevdo alimlərin azğınlaşmış tiranlarla iş birliyinin məhsuludur. Yəni xarici görkəmi insanabənzər, daxilən insanlığın qəddar düşmənləri olan nəfs düşkünlərinin bəşəriyyətə vurduğu sarsıdıcı zərbədir.

”Corona” latın dilində tac deməkdir. Virusa bu adın verilməsi də təsadüfi deyil, bilərəkdən kodlaşdırılmış addır. Tac bir tərəfdən monarxist mütləqiyyətin rəmzi, digər tərəfdən indiyə qədər mövcud olan virusların ən güclüsü olmasına işarədir. “Mənəm-mənəm” deyən, hamının tanıdığı, demokratiya yönümlü həqiqi parlament ölkələrinin düşmənləri olan dövlətlərin birgə səyi nəticəsində yaradılmış, nüvə silahından da dəhşətli nəticələrə gətirib çıxaracaq yaranış gözləniləndən də ağır nəticələr verəcək. Yəqin ki, xeyirxah-insanpərvər, həqiqi alimlərin səyi nəticəsində bu zərbənin də qarşısına sipər çəkmək olacaq. Bu virusa qarşı dözüm gətirən, ona qalib gələcək antivirusun adı da tacdan gəlir. Təbiətdə tac şəkilli boşalmalar mövcuddur- iti uclu elektrodların ətrafında qeyri-bircins sahələrdə yaranır. Tətbiqi çox olduğundan tac şəkilli boşalmalar, qaz boşalmaları fizikasında kifayət qədər öyrənilmişdir. Mövcud ionizatorlar və ozonatorlar əsasən tac və çəpər boşalması ilə işləyir. BDU-nun fizika fakültəsində “Ozon generatorları” aboratoriyası bu sahədə çox böyük işlər görmüşdür. Biz 1999-2014-cü illərdə həmin laboratoriyada bir adamlıq, bir otaqlıq ionizatorlar və bir neçə müxtəlif imkanlı ozonatorlar yaratmışdıq. Bu sahədə 100-ə yaxın elmi məqaləmiz dünyanın və respublikamızın müxtəlif elmi məcmuələrində dərc edilmişdir.

Biz bütün səviyyələrdə Bakıda və Sumqayıtda müxtəlif istehsal sahələrinə müraciət etdik ki,

gəlin bu cihazları istehsal edək. Mümkün olmadı. Əgər bir otaqda bir ionizator və ya ozonator olsa, orada heç bir virus ya da mikrob qala bilməz. Biz bütün tip mikroblara ozonla təsir etmişik, nəticələr əla olub. Bizim AMEA-nın Təcrübə-Sənaye zavodunda saatda 40q ozon verən ozonatorumuz olub. Onu universitetə gətirməyə qoymadılar ki, yerimiz yoxdur. Əgər Koronavirus yalnız paxılları və yalançı alimləri yaxalasa əladır, dünya düzələr. Heyif ki əziyyət çəkənlər də heç bir təqsiri olmayan sadə vətəndaşlar olacaq.

Haqq-ədalət naminə Respublikamızda ozon texnologiyasının yaranmasında əməyi olanların hamısını əməlinə görə sıralayıram: Vaxtı ilə Kosmik Tədqiqatlar mərkəzində, indi Aviasiya akademiyasında çalışan Nizamov Telman, vaxtı ilə BDU-nun əməkdaşı, indi təqaüdçü Sultanlı Bəhmənin təqdimatı ilə tanış olduğumuz, bizə saatda 40q ozon istehsal edən ozonatoru yığmaq üçün maddi dəstək verən rəhmətlik polkovnik Həsənov Nadir, BDU-da elmi rəhbəri olduğum “Ozon generatorları” Elmi Tədqiqat laboratoriyasının əməkdaşları: Davudov Benyaməddin, Daşdəmirov Kamil, Sadıqzadə Gülarə xanım, Səfərov Hüseyn, Ələkbərov Şahin, Cabarov Cabar, Davudov İmran və vaxtı ilə AMEA-nın Təcrübə-Sənaye zavodunun direktoru Cavadov Nəriman, AMEA-nın Neft-kimya prosesləri institutunun əməkdaşı Xudiyev Ənvər, AMEA-nın Fizika institutunun əməkdaşları Mehdizadə Rauf və Qurbanov Kamil. Bu soydaşlarımızın hamısı təqdirə və tərifə layiq, qəlbində ozon sevgisi olan insanlardır.

Beləliklə, yazını Demokritlə başlayıb Koronavirusla bitirdik. Dünya isə öz dərsini verməkdədir.

Qanan qansın, qanmayan gendə qalsın. Biz zəka tərəfdarıyıq. Sonda yenə qələbə çalan həqiqi idrak sahibləri olacaq. Hər halda Yer kürəsi orbitindən çıxası deyil! Biz isə enerjinin saxlanması qanununa uyğun olaraq qəlbimizdəki məhəbbət məşəlinin işığını və istisini gələcək nəsillərə ərmağan edib gedəcəyik!

Nemət Məmmədli, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »