Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşamaq və yaşatmaq borcu

Sağlamlığımız və rifahımız: bizim olan dövlət bizimlədirmi?

Koronavirus sanki yeni bir qlobal... “din”dir. Normal bildiyimiz dünyəvi dinlərdən fərqləri var. O, insanın ruhunu deyil, bədənini istər. Bu üzdəndir ki, biz bu günlərdə qlobal ölçüdə - düşündüyümüzdən də çox-çox böyük ipoxondriya burulğanlnda fırlanırıq; hamını xəstələnmək qorxusu sarıb. Bu ruh halımızıın səbəbi mənə bir yerdən tanış gəldi; məşhur Amerika yazıçısı Sol Bellounun “Hersoq”undakı Mozes “yaşamağa borclu” olduğunu düşünür. Biz xəstələnməkdən, ölümdən qorxsaq da, yaşamağa borclu olduğumuzu da unutmuruq və buna da hər birimizin öz haqlı səbəbi var. Xəyallarımız, arzularımız, planlarımız, dünyaya gəlmiş və dünyaya gələcək övladlarımız üçün ayaqda qalmaq...

“Nosebo effekti” və Migel de Servantesin ictimai ağrılara dözüm “resept”i

“Yaşamaq borcumuz” bizə xəstələnməməyi əmr edir. Bunun üçün edəcəyimiz ilk şey ipoxondriyadan qurtulmaqdır. “Nosebo effekti” adlanan bu sindromuna yenik düşənlər hətta obyektiv bir səbəb olmadan da, xəstəliyə tutulurlar – elm sübut edib; istənilən xəstəliyin rişələri insan psixolojisindədir. Onu qidalandırdınsa, psixoloji irreallıqdan fizioloji reallığa, sonunda patologiyaya keçəcək. Yaşamaq borcumuz varsa, deməli, bizi yaşadacaq qaydalara da uyğunlaşmaq zorundayıq; təbiətdə hər gün eyni hava olmur – mülayim də olur, isti də, qızmar da, soyuq da. Yağış yağanda, qar düşəndə, buzlaşmada yol gedirsiniz. O zaman sizə: “Yollarda sürəti azaldın” xəbərdarlığı ediləcək. Hətta: “Xüsusi zərurət olmadıqda, avtomobildən istifadə etməyin” deyəcəklər. Bu qaydalara boyun əyməyənlərin öz boynunu “könüllü olaraq” taleyin edam kötüyünə qoyduğunu da çox görmüşük. İnsan həyatını qorumağın qaydaları qanla yazılıb; əgər hansısa yolda sürət həddi, tutaq ki, saatda 60 kilometrdirsə, deməli, o rəqəmə gəlib çatana kimi nə qədər insan itirilib. Bu günlərdə içində yaşadığımız və uzanmasından tıncıxdığımız karantin rejiminin də belə bir emprik, məntiqi-psixoloji kökü, əsası var – insanı bəzən elə onun özündən qorumaq lazım gəlir. Bu, həm də Nosebo effektini – xəstələnmək qorxusundan yaranan xəstələnmələri azaltmaq üçün lazımdır. Koronavirus tipli epidemiyalar, pandemiyalar birinci dəfə deyil ki, insanın qapısını döyür; antik dövrlərdən bəri bəşəriyyət bu bəlaları görə-görə gəlib. Və bunun elmi də yaranıb. Əgər belə bir dönəmdə hansısa yasaqlar, qısıtlamalar varsa, bunun göydəndüşmə, volyuntarist qərarlar olduğunu düşünmək yersiz, hətta təhlükəlidir. Biz bu karantin rejiminə nə qədər az əməl etsək, o, bir o qədər uzanacaq. Bu qədər sadə. Ancaq burda Servantesin də sadə, lakin çox anlamlı frazasını xatırlamamaq olmur: “Bütün ağrılara dözmək olar, yetər ki çörəyin olsun”. İnsanı içində yaşadığımız pandemiya dönəmində ipoxondriyaya yuvarlayan ən əsas səbəblərdən biri də, təbii ki, normal qidalana bilməmək fobisidir. 870 milyon insanın normal şərtlərdə aclıq çəkdiyi dünyada üstəlik pandemiyanın durdurduğu iqtisadiyyatlar var. Bax, bu zaman səhnəyə dövlət çıxır.

Başlıca prioritetlər – sağlamlıq və rifah: rəsmi rəqəmlərin nə deyir?

Çox təhlilçilər indiki pandemiyanın yaratdığı qlobal böhran potensialını, hətta iqtisadi kllaps perspektivini 20-30-cu illərin Böyük Depressiyasına bənzədirlər. O zaman ABŞ Prezidenti Ruzvelt dövlət hesabına ödənişlər etməklə, insanları meşə salmaq üçün kütləvi işə cəlb etmişdi. Hə, bu, onların nornalda qazandəqlarından az idimi?! Baxın, indi bizdə - Azərbaycanda hələ bu koronavirusdan qabaq dadövlət başçısının yoxsul insanları ödənişli ictimai işlərə cəlb etmək xətti vardı, aparılırdı. Hətta bu ödənişləri “yeyən” icra başçılarından 3 nəfəri artıq həbsdədir. İndi bu ödənişli ictimai işə cəlbetmə, Prezidentin göstərişi ilə, artırıldı və daha da çox insanı əhatə etdi. Aprel-may aylarında (ki, pandemiyanın hardasa qızğın və pik dövrləridir) 50 min belə ödənişli iş yeri yaradılıb. Ümumilikdə bu cür iş yeri və dövlətin hesbına maaşları ödənilən insanların sayı 90 min nəfərə çatıb. Eləcə də, işsiz vətəndaşlara dövlətin 190 manat ödəməyə başlaması faktı da var. Bəli, ilk başda bu az adama şamil idi; Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin açıqladığı şərtlərə cəmiyyətin müxtəlif aztəminatlı kəsimərində, eləcə də, müxalifyönlü sosial şəbəkə uzerləri arasında təpkilr olmuşdu. Bütövlükdə ictimai rəy belə idi ki, qoyulan şərtlər insnların həyat reallıqları ilə adekvat deyil. Nazir demişdi ki, ailədə bir işləyən varsa, ailənin işləməyən üzvünə yardım edilmyəcək. Belə bir məntiqlə yanaşılmışdı ki, işləməyən adam onsuz da əvvəl də heç nə qazanmırdı və ailənin işləyən üzvünün məşğul olduğu sahə pandemiyadan zərər çəkməyibsə, işlər davam edirsə, onun gəlirləri onsuz da olacaq. Yox, işləyənin gəlirləri azalıbsa, ya iş dayanıbsa, rəsmi qərarlardan və statistikadan belə başa düşürük ki, dövlət onsuz da onu kompensasiya edəcək. Bütövlükdə qəbul olunmuş 10 dövlət tədbirindən biri də bunu nəzərdə tutur. Ailə üzvü əgər işləməyibsə, ancaq işləyənin ailəni dolandırmağa gücü çatıbsa, demək, resursları heç bir işi-gəliri olmayan, daha ağır durumda olanlara daha çox yönəltmək düşüncəsi ilə hərəkət edilib. Yaxud da hansısa subyektiv amillər var. Buna baxmayaraq ölkə Prezident İlham Əliyev Sahil Babayevlə və iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyi videokonfransda tapşırıq verdi ki, bu yardım paketi – 190 manatlıq ödəniş əvvəl nəzərdə tutulduğu kimi, 200 min nəfərə deyil, 600 min nəfərə verilsin. Yəni əlavə olaraq daha 400 min nəfərə də bu pul ödənişi edilsin. Aprelin 9-dan 17-dək artıq 140 min insana birdəfəlik ödəmə verilib. Burda bir nüans da gözə çarpır: bu 140 minin içində təkcə rəsmən işsiz olanlar deyil, əvvəllər müqaviləsiz işləyənlər də var. Müqaviləsiz işləmək qanuna zidd sayılsa da, dövlət indiki çətin vaxtda vətəndaşından və ya onun iş yerindən bunun hesabını soruşmağa deyil, çətinə düşmüş insanlara yardım əlini uzatmağa üstünlük verib. Yəni dövlət bu məqamda hər bir vətəndaşının yanında olduğunu göstərmiş oldu. Təbii ki, müqaviləsiz işləyənlərin və onları işlədən iş yerlərinin uçotu da aparılır və iqtisadiyyat normal ahənginə qayıtdıqca, həyat öz axarına düşdükcə, bu addım əmək bazarının “kölgədən” çıxarılmasına və insanların əmək hüquqlarının təmin olunmasına imkan yaradacaq. Çox tənqidçilər ödənişin məbləğinə və “ailədə işləyən-işləməyən” mövzusuna daha çox yükləndi, bu məqamı görmədilər.

Daha 600 milyon manatı nəyə ayırdı?

Bəli, ödəniş məbləğinin az olduğu da deyilir. Daha çox olmasını kim istəməz?! Ancaq belə dönəmlərdə kim Baliyə səyahət və ya bahalı İtalyan gödəkçələri, Atlantika sahillərində bal ayı və ya Malta kostyumları haqqında düşünür?! Belə bir yardıma ehtiyacı olan insanlar əvvəllər də dəbdəbəli həyat sürmürdülər. Bu gün cəmiyyət fərqindədir ki, bir müddət insanların qazancları, buna uyğun olaraq da xərcləri əvvəlki kimi olmayacaq. Bu müddət pandemiyanın davam etdiyi və iqtisadi çətinliklərin ortaya çıxdığı zaman ölçüsünə uyğun olacaq; hələ dünyada heç kim, hətta ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, Kanada, Çin, Rusiya, Böyük Britaniya kimi böyük dövlətlərin rəhbərləri də bu pandemiyanın nə zaman qədər davam edəcəyini, əhali potensialına və iqtisadiyyata nə qədər zərər vuracağını proqnozlaşdıra bilmir, bu haqda heç nə deyə bilmir. Ona görə də strateji ehtiyatların önəmli hissəsinin indidən – yaxın bir-iki ay içərisində açılıb paylanması təklifləri də, şəxsən mənim fikrimcə, yumşaq desək, mübahisə doğurur. Dövlətin çətin vaxtda öz vətəndaşlarının yanında olub-olmadığına baxsaq, görərik ki, daha əvvəl dövlət başçısı 19 mart sərəncamı ilə əhaliyə və iqtisadiyyata 2,5 milyard manatlıq dəstək paketini açıqlamışdı. Bu, dəstəyin verilməsi mexanizmi artıq işləməyə başlayıb. Və Prezident aprelin 17-də 2,5 milyon insanı əhatə edən 10 tədbir üzrə daha 600 milyon manat ayırdı. İcbari sığorta ödənişləri 20 min insanı əhatə edəcək. Yenə də rəsmi statistikadan məlum olur ki, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb olunması üçün iş aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondu 70 milyon manat ayırıb. Dövlət Sosial müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı da əhalinin sosial davamlılığının artırılmasına yönəlib. Bu da 2,3 milyon insanı əhatə edir. Aprelin 1-dən ünvanlı sosial yardım alanların sayı 10 min nəfər artıb, Ümumilikdə isə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım alır. 15 mindən çox yaşlıya xidmət göstərilir (bunun üçün 2,6 milyon ayrılıb). İl ərzində 40 milyon manat isə həssas sosial qruplardan olan tələbələrin təhsik haqlarına xərclənəcək. Bu rəqəmlərdən görünən odur ki, əhalinin köməyə ehtiyacı olan bütün təbəqələri nəzərə alınıb. Rəsmi statistika deyir ki, bunlar Azərbaycanın hazırkı real imkanları çərçivəsində edilir. Yəni məsələ dövlətin nə qədər çox vəsaiti paylamasında deyil, onu təmin edə bilməsindədir.

“Təhlükəsizlik yastığı”mız: daha çətin anlarda dövlət bizimlə olacaqmı?!

Doğrudan da, biz fövqəladə bir vəziyyətdə yaşayırıqsa, bu vəziyyətin şərtləri əvvəlki normal həyatımızdan, təbii ki, fərqlənəcək. Bunu anlamaq çətin deyil. Eyni zamanda onu da başa düşürük ki, avtomobilimizin “təhlükəsizlik yastığı” yalnız ağır qəzalarda, ölümcül ola biləcək zərbə gücünə qarşı açılır. Kiçik qəzalarda o “təhlükəsizlik yastığı”nı indidən açsaq, ehtimal olunan daha böyük qəzalardan bizi nə və necə xilas edə bilər?! Bəli, dövlətin pandemiya zərərçəkənlərinə dəstəyinin mexanizmləri çox mürəkkəb, bəzi hallarda isə, anlaşılmaz görünür. Ancaq daxili məntiqi sxeminə baxanda, dərindən təhlil edəndə başqa nüanslar da ortaya çıxır. Aprel-may ayları üçün dəstək paketi işləməyə başlayıb. Qarşıdakı aylarda həm yerli məhsullarımızla (ixracatın da bəlli səbəblərdən axsaması- azalması səbəbindən) bazarlarımızda bolluq, nisbi ucuzluq yarana bilər. Onsuz da bu aylarda insanlar daha çox qida məhsullarına məsrəf edəcəklər. Sonrakı aylarda, xüsusilə, qışda bu pandemiya davam etsə və ya yeni dalğası gəlsə, nefrin qiymətlərinin indiki səviyyəsində daha böyük çətinliklər yarana bilər. O zaman dövlətin daha böyük dəstəyinə ehtiyac yarana bilər. Əlbəttə ki, dövlət özünün siyasətinin əsasında əhalinin sağlamlığını qoyub; iqtisadiyyat bir şəkildə düzələr, itirdiyimiz həyatı isə geri qaytarmaq mümkün olmayacaq. Sol Bellounun dediyi kimi, bizim “yaşamaq borcumuz” var, eyni ölçüdə dövlətin də öz vətəndaşını, öz məsuliyyətini daşıdığı insanı yaşatmaq borcu var. Dövlətin bu borcu necə və nə qədər dərk etdiyi yuxarıda sadaladığımız rəqəmlərdən də görünür. Bu olayların lap əvvəlindn dəfələrlə yazdığımız kimi, pandemiyaya məğlub olmağın birinci şərti panik duruma yuvarlanmaqdır. İfrat təlaşa düşsək, yanlış qərarlar verəcək, yanlış davranışlar sərgiləyəcəkdik. Ümumən cəmiyyətimiz bu sınaqdan çıxdı deyə bilərik. Ancaq panik durumun daha bir boyu da var; köməksiz olduğunu hiss etmək. Dövlətin verdiyi qərarlardan görünən odur ki, öz vətəndaşlarını köməksiz qoymaq fikrində deyil. Əlbəttə, yekun dəyərləndirmələr bu qərarın icrasından sonra da olacaq.

Fiziki məsafələri artır. Mənəvi məsafələr qısalırmı?

Bir məqama da diqqəti cəlb etmək istərdim. Bəli, pandemiya insanlar arasında fiziki məsafəni artırsa da, mənəvi məsafəni azaltdı; aztəminatlı, işsiz, gəlirsiz, yaşlı, xəstə insanlara yardım hərəkatı başlanıb. Bunun ilk və mühüm addımı – istiqamətvericisi Koronavirusla Mübarizəyə Dəstək Fondu oldu. Adından da göründüyü kimi, bu, təkcə dövlətin Fondu deyildi. Ancaq dövlət başçısı o Fonda öz ehtiyatından 20 milyon manat ayırdı. Sonrasında böyük bir hərəkat yarandı. Bura toplanan vəsaitin təyinatı da düzgün seçildi: koronavirusla mübarizə aparan həkimlərin, tibbi personalın dəstəklənməsi. Çox vacibdir. Bu insanlar özünün və ailəsinin həyatını və sağlamlığını risqə atır. Bu gün biz COVİD-19 yeni tipli koronavirusu ilə qlobal müharibə dövrünü yaşayırıq. Buna bəlkə də bioloji silah işlətməklə aparılan Üçüncü Dünya Müharibəsi də demək olar. Bu müharibənin fədakar əsgərləri isə həkimlər, tibb işçiləridir. Onlara dəstək verdiyimiz qədər bizim hər birimiz də o savaşın əsgərləri oluruq. Eləcə də, söhbət köməyə ehtiyacı olan əhali qruplarına dəstəkdən gedir. Bu, təkcə maddi deyil, həm də fiziki, mənəvi, psixoloji formalarda özünü göstərir. Əlbəttə, bu yardım kampaniyalarında yanlışlıqlar da olur, başqa uyğunsuz məqamlar da var. Ancaq bütövlükdə bu xeyriyyə hərəkatını alqışlamaq lazımdır.

...Hələ antik dövrdə Epikür deyirdi ki, xoşbəxtlik axtarışı fərdi təşəbbüsdür, hər kəs ayrılıqda xoşbəxt olur. Ancaq on doqquzuncu ısrdə məşhur ingilis filosofu Ceremi Bentam dedi ki, yox, yalnız hamılıqla xoşbəxt olmaq mümkündür (“Vicdanlı adamsansa və ətrafında bədbəxtlər varsa, necə xoşbəxt ola bilərsən?!” mənasında). Özəlliklə bu pandemiya dövründə tək-tək xoşbəxt olmaq mümkün deyil; ya hamılıqla xoşbəxt olacağıq, ya hamılıqla bədbəxt olacağıq. Biz nədən birincini seçməyək ki?!

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »