Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlət dəstəyinin nəticəsində işsizliyin qarşısı alındı, əmək müqavilələrinin sayı artdı” - Ruslan Atakişiyev

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bağlı 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsiri və nəzərdə tutulan dövlət dəstək tədbirləri ilə bağlı İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev Bizimyol.info-ya müsahibə verib. Müsahibəni təqdim edirik:

-Ruslan müəllim, sosial rifah paketinin icrası çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün işlər aparılıb. Əmək müqaviləsi sayında artım baş verib. Statistika göstərir ki, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Bütün bunlar əmək bazarında canlanma tendensiyasıdırmı?

-Öncə qeyd edim ki, qlobal xarici şoklar bütün ölkələr kimi Azərbaycan iqtisadiyyatına da öz neqativ təsirlərini göstərməkdədir. Pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı kompeks tədbirlər görməyə başladı. Pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilib və dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlandı.

Dövlət ilk növbədə insanların sosial rifahını prioritet hesab edərək onlara sosial dəstək göstərdi. Belə ki, sosial rifah paketinin icrası çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Bu paketin əhatə dairəsi 1 milyon 629 min işçi, o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min olub. Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib. 1 aprel-17 aprel zaman aralığında 55 min artım olub. 2020-ci il yanvarın 1-dən bu yana isə bu rəqəm ümumilikdə 77 min artıb. Beləliklə, son 17 gündə əmək müqavilələrində 22 min nəfər artım olub. Statistika göstərir ki, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.

Vurğulayım ki, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsinin dövlət tərəfindən ödənilməsi ilə bağlı qərarın verilməsi koronavirusla bağlı xüsusi karantin rejimi nəticəsində ehtimal olunan işsizliyin qarşısını alıb. Və dəstək paketi nəticəsində əmək müqavilələrinin sayı artıb.

- DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Ödənişli ictimai işlər aztəminatlı əhali təbəqələrinin sosial vəziyyətinə necə təsir edir? Və başqa ölkələrin təcrübəsində ödənişli ictimai iş yerlərinin yaradılması kimi bir hal varmı?

- Ödənişli iş yerlərinin yaradılması o baxımdan yaxşıdır ki, qeyri-rəsmi müqavilə əsasında işləyib koronavirus pandemiyası dövründə işsiz vəziyyətə düşmüş şəxslərin bəziləri məşğulluq yolu ilə dəstək almağa çalışır, bəzilərinə isə ödənişli ictimai işlərin təklif olunması onların daha yüksək vəsait əldə etməsinə köməklik göstərir. Bu da 50 min adamı əhatə edir ki o da müvəqqəti dövr üçün həmin insanların həm iş qabiliyyətinin saxlanılması baxımından əhəmiyyət kəsb edir, həm də bu insanlara yardım şəklində deyil, öz əməyinin qarşılığında vəsait almasına köməklik göstərir. Ümumiyyətlə dünya təcrübəsində müxtəlif yardım paketləri var, məsələn Avstraliya hökuməti tərəfindən ölkədə sahibkarlığın inkişafı ilə bağlı olaraq böyük tədbirlər planı hazırlanıb. Hətta koronavirus çərçivəsində biznes necə işləməlidir bununla bağlı təlimatlar hazırlanıb. ABŞ-da ailələrə birbaşa dəstək, o cümlədən kiçik və orta sahibkarlığa dəstəklə bağlı 2,2 trilyon həcmində vəsait ayrılmışdır. O cümlədən Türkiyədə, dünyanın əksər inkişaf etmiş ölkələrində sahibkarlara və ailələrə dəstəklə bağlı proqramlar icra olunur.

-9-17 apreldə 140 min işsiz üçün 190 manat birdəfəlik ödəmə təmin edilib. Bu, qeyri-leqal əmək bazarının açkara çıxarılması və gələcəkdə gizli – müqaviləsiz işləyənlərin əmək bazarına daxil olması baxımından bu addımı necə qiymətləndirisiniz?

- Belə deyək ki, günəmuzd çalışan, heç yerdə əmək müqaviləsi olmayan, rəsmi qeydiyyatdan keçməyən, fiziki şəxs kimi VÖEN almadan müxtəlif şirkətlərdə öz iqtisadi fəaliyyətlərini həyata keçirən şəxslər şirkətlərin özlərini də rəsmiyyətə salınmadan işlətdiklərinə görə belə vəziyyətdə, pandemiya dövründə izolyasiya tədbirləri çərçivəsində işsiz vəziyyətdə qalırlar.

Hesab edirəm ki, bu gün məşğulluq xətti ilə işsizlərin qeydiyyata alınması imkan yaradacaq ki, həm onların sosial müdafiəsi ilə yanaşı olaraq gələcəkdə iqtisadi şəffaflaşmağa böyük təkan verəcək, həm də insanlar artıq görəcək ki rəsmi müqavilə olduğu halda forsmajor hallarda dövlətin dəstəyini əldə etmək olar. Deyək ki bugünkü gündə forsmajor hal koronavirus pandemiyasıdır, gələcəkdə sel, daşqın ola bilər, yüzlərlə forsmajor halların ehtimalı var. Ancaq artıq bu onu göstərdi ki, dövlət o kəsə dəstək göstərdi ki, onlar rəsmi işçilərdir, ikincisi isə onlar rəsmi müqavilənin, rəsmi işləməyin sosial müdafiə baxımından da forsmajor olmasa da, əhəmiyyətini anlamış oldular. Yəni verilən vəsaitlər itmir, həmin vəsaitlər onların gələcəkdə sosial müdafiəsi üçün xərclənir. Növbəti məsələ ondan ibarətdir ki, dövlətdə də geniş imkanlar yaranır ki məşğulluqda qeydiyyatdan keçən insanlar sabah məşğul vəziyyətə gəlmək istədikləri halda onların özlərindən hesabat istəniləcək ki harada işə düzəliblər, harada işləyiblər və istər-istəməz onların vasitəsilə onların qeyri-rəsmi fəaliyyəti aşkarlana biləcək, onları qeyri-rəsmi işə götürənləri qanun çərçivəsində rəsmi fəaliyyətə yönəltmək olar.

-Belə fikirlər də səslənir ki, 190 manat çox deyil və ehtiyacı olan kəsimin az bir hissəsini əhatə edir. Təklif olunur ki, dövlət bütün vətəndaşlara eyni səviyyədə və daha yüksək ödənişlər etsin. Belə bir ödəniş hamıya və eyni qaydada ödənilərsə, o zaman dövlətin buna imkanı çatarmı? Bəzi fikirlər də var ki, dövlətin strateji ehtiyatlarından geniş istifadə olunsun və sair. Bu fikirlərin əsası varmı?

-Bəli, burada meyar olmalıdır. 190 manat birdəfəlik ödəmənin verilməsi təkcə bir adama verilməsi konsepsiyasına baxılmalıdır. Amma ucdan tutma hamıya verilməsi doğru deyil. Həqiqi ehtiyacı olan şəxslərə yardıme dilməlidir, birdəfəlik ödəmə verilməlidir. Biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxaq. Amerika Birləşmiş Ştatlarında meyar belə oldu ki, illik 75 min dollardan aşağı gəliri olan insanların hər birinə 1200 dollar ödəniş edildi. ABŞ-da uçotla bağlı vəziyyət belədir ki, orada uçut yüksək səviyyədədir. Bu ölkədə kölqə iqtisadiyyatı az həcmdədir, 10 faizdən azdır. İqtisadiyyat şəffafdır.

Amma ölkəmizdə vəziyyət fərqlidir. Belə ki, işsiz kimi qeydiyyatdan keçən bəzi şəxslərin işi var, onlar əmək fəaliyyətilə məşğuldurlar. Hansı ki onlar da çox ticarət sahəsində işləyirlər, alverlə məşğuldurlar. Və onlar 190 manat birdəfəlik ödəmə də alır. Belə faktlar da var. 190 manat onlar üçün əlavə gəlirdir. Pulu azalmayıb, artıb. Ədalətsizlik yaranır. Ehtiyacı olanlar bu dəstəkdən yararlanmalıdır. Son illər cəmiyyətin bəzi üzvlərində mənəviyyat pozulub, ehtiyacı olan şəxslərin dəstəyinə göz dikirlər.

- Gizli əmək bazarının həcmi böyükdürmü? Bunun aşkara çıxarılması hansı nəticələrə səbəb olacaq?

-Hazırda biznesə dəstək tədbirlərinin həyata keçirilməsi həm də “kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı strategiyanın gerçəkləşməsini daha da gücləndirir. Çünki özəl sektorun müxtəlif sahələrinin indiki dərin qiymətləndirilməsi, dəstək veriləcək sahələrin diaqnostikasının aparılması zamanı gölgə iqtisadiyyatının yeni təzahürləri də meydana çıxır.

Qeyd edim ki, Azərbaycanda “kölgə iqtisadiyyatı”nin həcmi 40 faizdir. Bu sahənin aşkara çıxarılması üçün işləri gedir. 2 ildir “kölgə iqtisadiyyatı” ilə bağlı mübarizə tədbirləri aparılır. Belə ki yeni Vergi Məcəlləsi qəbul edildi, operativ vergi yoxlama metodları işə salınıb, əmək müfəttişliyinin işinin effektivliyi artırılıb.

Amma görünən odur ki “kölgə iqtisadiyyatı”nın arxasında maraqlı qüvvələr var. Həmin qüvvələr kölkə iqtisadiyyatını aşkara çıxarmağa çalışan qüvvələrə bu və ya digər şəkildə təsir göstərməyə çalışır.

-Ruslan müəllim, hökumət işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsini müzakirə edir. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Bu haqda nə deyə bilərsiniz?

-Bu qərarla işsizlərin sosial müdafiəsi təşkil olunacaq. İşsizlikdən sığorta ödənişinin təyinatı mexanizminin də sadələşdiriləcək. Nəticədə bu mexanizmin cari ildə 20 min insanı əhatə etməsi, bununla daha çox vətəndaşımıza işaxtarma dövründə dəstək göstərilməsi nəzərdə tutulur.

Ramid İbrahimov

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »