Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İnsanlar dövlətdən kreditlərlə də bağlı qərar gözləyir” - Millət vəkili

Milli Məclisin deputatı Nəsib Məhəməliyev: “İnsanlar dövlətdən kreditlərlə də bağlı qərar gözləyir”

Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə keçirildi. Dövlət başçısı müşavirədə bir çox mühüm məqamlara toxundu. Mşüavirə ilə bağlı Bizimyol.info-nu maraqlandıran suallara Milli Məclisin deputatı Nəsib Məhəməliyev cavab verir.

- Nəsib müəllim, koronovirus pandemiyası və neft qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına hansı təsirləri göstərib?

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

- Koronavirus pandemiyası tək insanların sağlamlığına yönəlmiş təhlükə olmadı, o həm də dünya iqtisadiyyatının əhəmiyyətli hissəsinin çökməsinə səbəb oldu. Dünyada iqtisadi aktivlik aşağı səviyyədədir, o cümlədən, bu pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Bizim iqtisadiyyatımızın əhəmiyyətli hissəsini, flaqmanını neft-qaz sahəsinin təşkil etdiyini nəzərə alsaq, dünyada neftin qiymətinin kəskin azalması ilə əlaqədar ölkəmizdə də müəyyən problemlər yarandı. Buna baxmayaraq, cənab Prezident dünənki müşavirədə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarını yüksək qiymətləndirdi. O qeyd etdi ki, yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət olub. Mart ayında isə koronavirusun yayılması ilə əlaqədar müəyyən qədər tənəzzülə uğradıq. Mən əminəm ki, koronavirus pandemiyası başa çatdıqdan sonra biz yenidən öz iqtisadi artımımızı bərpa edəcəyik.

- Büdcəyə yenidən baxılması gözlənilirmi?

- Nəzərə alsaq ki, OPEK+ ölkələrinin toplantısından sonra neftin qiymətlərində yenidən artım qeydə alındı, buna bəlkə də o qədər ehtiyac duyulmayacaq. Dövlət başçısı Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə göstəriş verdi ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmasının vacibliyini vurğuladı və xüsusi prioritet təşkil etməyən investisiya layihələrinin ixtisara salınması tapşırdı. Büdcə məsləsinə zərurət yaranarsa, yenidən baxıla bilər.

- Bunlar hansı sahələr ola bilər?

- Hesab edirəm ki, bu tikinti ilə bağlı layihələr olacaq. Xüsusi aktuallıq təşkil etməyən layihələr ixtisara salına bilər. Zərurət yaranarsa, azad olunmuş vəsait sosial layihələrin ödənilməsinə yönəldilə bilər.

- Prezident yaranmış vəziyyətə baxmayaraq sosial paketin icrasını da prioritet elan etdi. Bu paketin icrası əhalinin və sahibkarların dayanıqlı müdafiəsini təmin edəcəkmi?

- Hesab edirəm ki, cənab Prezidentin indiki zamanda tutduğu sosial-siyasi kurs çox doğrudur. Prezident çıxışı zamanı bildirdi ki, bizim üçün hər şeydən önəmlisi xalqın sağlamlığı və rifahıdır. Qalan məsələlər ikinci dərəcəlidir. Pandemiya ilə bağlı işini itərən imkansız ailələrlə bağlı ciddi tapşırıqlar verilib. Nəzərdə tutulan sosial paketlərin tam icrası mümkün olacaq və bu dövlət başçısının diqqətindədir. Biz sosial dövlət olaraq sosial siyasəti davam etdirəcəyik, dövlətimiz öz vəzifələrinin öhdəsindən gələcək.

- Prezident makroiqtisadi sabitliyin saxlanması üçün addımlar atılmalı, daha dərin və geniş islahatlar aparılmalı olduğunu söylədi. Sizcə, o, hansı sahələrdə islahatları nəzərdə tuturdu?

- Burda ilk növbədə qeyri-neft sektorunun inkişafı, xüsusilə, kənd təsərrüfatına verilən dəstəyin artırılması, manatın sabitliyinin təmin olunması, sahibkarlığın inkişafının dəstəklənməsi, “kölgə iqtisadiyyatı”nın tam aradan qaldırılması, şəffalığın tam təmin olunması kimi vacib məsələlər nəzərdə tutulur.

- Azərbaycanda koronavirisun yayılmasının qarşısının alınması üçün görülən tədbirlər bu günə qədər effektiv nəticə verdi. Ölkəmiz bir çox inkişaf etmiş ölkələrə nisbətən daha yaxşı hazırlıq nümayiş etdirdi. Əgər pandemiya dövrü uzanarsa və ya deyildiyi kimi növbəti dalğa olarsa iqtisadi gücümüz bunu qarşılaya biləcəkmi?

- Bu təsdiq olunmuş faktdr ki, cənab Prezidentin atdığı qabaqlayıcı addımlar nəticəsində biz hətta inkişaf etmiş ölkələrə nisbətən pandemiyanı daha az ağrı və itki ilə qarşıladıq. Aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Konfransa dəvət almış Ümujmdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Azərbaycanı digər ölkələrə nümunə göstərdi və cənab Prezidentə görülən tədbirlərə görə xüsusi təşəkkür etdi. Bu Prezidentimizin uzaqgörən siyasətinin və xüsusi qabaqlayıcı tədbirlərinin nəticəsdir ki, biz bu qlobal bəlanı daha az itki və faciə ilə keçiririk. Son günlər qeydə alınan azalma bizdə optimist düşüncələrə əsas verir Və hesab edirəm ki, dövlət-xalq birliyinin möhtəşəm gücü ilə biz bu bəlaya tezliklə qalib gələcəyik.

- Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət edib. Yəni dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur. Azərbaycanın adı bu siyahıda yoxdur. Bizim öz ehtiyatlarımız özümüzə bəs edirmi?.Bəzi müxalifətçi qüvvələr bildirdilər ki, Azərbaycanın siyasi borcları çoxdur deyə əlavə borc almırıq.

- Müxalifətin fikirləri ilə qətiyyən razı deyiləm.Adambaşına düşən xarici borca görə bizim vəziyyətimiz bir çox ölkələrdən daha yaxşıdır. Xarici borcumuz ÜDM-nin dörddən birini təşkil edir. Bu, müsbət göstəricidir. Eyni zamanda adımızın bu siyahıda olmaması bizim üçün qürurvericidir. Bizdə bu borcun alınmasına lüzum yoxdur və bu, bizim iqtisadi gücümüzü göstərən bir amildir.

- Bəzi müxalifət nümayəndələri dövlətin strateji ehtiyatlarının bir hissəsinin əhaliyə paylanmasını təklif edir. Bu təklifə və bu istiqamətdə tənqidi fikirlərə münasibətiniz necədir? Belə bir təcrübə dünyada varmı? O cür addımlar düzgündürmü və mümkündürmü?

- Belə təcrübə var. Biz bunu Yunanıstan təcrübəsində gördük. Mənfi nümunə oldu.Strateji ehtiyatları, qazanılmayan pulları xərclədilər, nəticədə maliyyə defoltu oldu. Baxmayaraq Avropa Birliyi, BVF Dünya Bankı onlara kifayət qədər maliyyə ayırmışdı. Strateji resursları tükətdikdən sonra bir sıra addımlar atılsa da, beynəlxalq maliyyə təşkilatlarından asılı vəziyyətə düşdülər. Strateji resurslarımızı kortəbii şəkildə xərcləməməliyik. Birincisi, bilinmir ki, pandemiya nə zaman tam aradan qalxacaq? O yenidən qayıda bilərmi? Və hələ bilinmir ki, insanlıq qarşısında hansı sürprizlər ola bilər? İndiki vəziyyətdə buna ehtiyacımız yoxdur. Ehtiyatlara toxunmamalıyıq. İmkansız insanlara dövlət tərəfindən yetərli qədər dəstək verilir. İmkanlı insanlar da əllərindən gələn köməyi edirlər. Bəzi hallarda ələbaxımlılığa öyrənmiş insanlar da var. Onlar da müraciət edirlər. Biz bunları da bilirik, görürük.

- Prezidentin sədrliyi ilə keçirilən son müşavirəyə qayıdaq. Bu müşavirədə ölkəni vəziyyətdən çıxarmaq üçün lazım olan qərarların konturları, Sizcə, müəyyən edildimi? Daha hansı qərarları gözləmək olar?

- Əhalinin məşğulluq səviyyəsi, işsizlərə yardımla bağlı müsbət qərarlar verildi və bu sahədə işlər davam etdirilir. Mənə çoxlu sayda müraciətlər olur, insanlar karantin dövründə bank kreditləri ilə bağlı güzəştlər edilməsini xahiş edirlər. Bu addım da atılsa yaxşı olar, əhali bunu çox müsbət qarşılayar. Qalan məsələlər dövlətin nəzarətindədir.

- Prezident müxalifətlə siyasi dialoqdan danışdı və bəzi qüvvələri də kəskin tənqid etdi.Hətta onları düşmən adlandırdı. Hansı qüvvələrdən söhbət gedirdi?

- 2018-ci ildə, aprel ayndakı seçkilərdən sonra Prezident cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar apardı. Nazirlər Kabinetində, Milli Məclisdə köklü islahatlar həyata keirildi və parlamentin bütün komitələrində müxalifət təmsil olundu, komitə rəhbərlərinin müavinləri müxalifət nümayəndələridir. 10 siyasi partiya parlamentdə yer aldı. Prezident Administrasiyasında struktur dəyişiklikləri edildi və parlamentlə, siyasi partiyalarla işləyən şöbə yaradıldı. Bu şöbə parlamentdən kənar müxalifət qüvvələri ilə də danışıqlar aparır, müzakirələrə gedir. Ölkədə 50-yə yaxın siyasi partiyanın iştirakı ilə dialoq baş tutdu, hamı öz fikrini dedi. Bu da öz böyük effektini verdi. Yalnız iki partiya imtina etdi və öz şərtlərini irəli sürdü. Prezident siyasi mədəniyyət göstərərək, dialoq təklifini irəli sürdü. Lakin bəzi qüvvələrin hər xırda nöqsanı şişirdərək beynəlxalq aləmə çıxarması, daxildə həll olunası məsələləri beynəlxalq səviyyədə müzakirə etməyə çalışması qəbulolunmazdır. Azərbaycan xalqı öz Prezidentinin arxasındadır və kimsə bizə nəyisə diktə edə bilməz. Biz sosial siyasəti davam etdirəcəyik, insanlarımızın mənafeyi daha da güclənəcək. Ona görə o qüvvələr yalnış yoldadır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »