Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehman Əliyev: "Pandemiya Rusiyanın planlarının qarşısını aldı"

Teleqraf.com “Turan”İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyevlə müsahibəni təqdim edir:

- Mehman bəy, hazırda müşahidə olunan koronavirus pandemiyası təbii şəkildə ortaya çıxan problemdir, yoxsa bu süni şəkildə yaradılan və hansısa məqsədlərə xidmət edən addımdır?

- Müxtəlif veriyalar irəli sürülür. Birincisi, kimsə bunu yaradaraq qobal böhrana nail olmaqla siyasi və iqtisadi problemlərini həll etmək istəyir. Daha çox deyilir ki, bunu edən dünyanın ən böyük dövləti və proseslərə təsir gücü olan ABŞ-dır. Bu versiyada diqqət ABŞ-a yönəlir.

İkincisi, məsələnin texniki tərəfini qabardırlar. Məsələn, Vuhanda laboratoriyalar var idi və bu laboratoriyada tədiqaqatlar aparılırdı. Burada hansısa siçan aradan çıxıb və virusu yaymağa başlayıb. Və beləcə proses başlanıb.

Üçüncüsü, hansısa virus təbii formada mutasiya edib və beləcə indi dünyada yaşanan pandemiyanın əsası qoyulub. Demək istəyirəm ki, indi ortada olan əsas bu üç versiya var. Daha vacibi nəticələrə baxıb baş verənləri təhlilini aparmaq maraqlı olar.

- Siz nəticə olaraq nələri qeyd edə bilərsiniz?

- Məsələn, ABŞ-ın problemləri var, dövlət borcu çox böyük idi. Bu da onunla bağlı idi ki, çoxlu dollar çap olunmuşdu. Və bu da ABŞ-da maliyyə sisteminin güclənməsinə səbəb olaraq dövlət üçün əlavə problemlər yaratmışdı.

İkincisi, ABŞ-ın bir sıra dövlətlərlə ciddi poblemləri var idi. Bu istiqamətə baxanda ABŞ avtoritar sistemlərin çökdürülməsi istiqamətində iş aparırdı. İran, Rusiya, Şimali Koreya ilə münasibətlər buna bir nümunədir.

Sözsüz ki, indiki vəziyyətdə avtoritar sistemlər bundan əziyyət çəkir, məcbur olur ki, yeni şəraitdə yaşasın və s.

Biz Rusiyanın durumuna baxsaq görərik ki, Venesueladan çıxmağa məcbur oldu, "Rosneft" oranı tərk etdi, bu ölkə xeyli zəiflədi. Biz hələ bilmirik ki, pərdə arxasında hansı danışıqlar gedir və ya Rusiyadan hansı güzəştlər istənilir.

Çinlə bağlı da problemlər var idi. Çin və ABŞ arasında ticarət müharibəsi gedirdi, iqtisadi, gömrük problemləri yaşanırdı. Bu hadisədən Çinə böyük zərbə dəydi. Dünya iqtisadiyyatının vəziyyəti, onun stabilliyi bir qədər şişidilirdi. Əslində istehsal təlabatı üstəliyirdi. Bu da böyk böhrana gətirib çıxarmalı idi.

Amma bu gün istehsal dayanıb, bazarda nə varsa, alınır. Beləcə gələcəkdə iqtisadi sıçrayışa böyük şərait yaranır. Yəni bu vəziyyətdən ən güclü çıxan ölkə ABŞ olur. ABŞ bu gün təxminən 5-7 tirlyon dollar vəsaitin bir hissəsini kompaniyalara yardım, bir hissəsini insanlara və başqa dövlətlərə yardım kimi ayırır. Sanki maliyyə yükünü azaldır.

Bəzən deyirlər ki, xeyli ölkələrdə korporasiyaların aksiyaları ucuzlaşıb, durumları ağırlaşıb və ABŞ onları alaraq ələ keçirir. Nəticə olaraq bu vəziyyətdən güclü çıxan nisbətən ABŞ olur, uduzan isə zəif, azad iqtisadiyyatı olmayan, resurslara bağlı olan ölkələr olur. Əslində bu reallıq həmin ölkələrin özünü dəyişməyə vadar edir. Bu, nəticələrdir.

- Demək istəyirsiniz ki, nəticələrə görə, pandemiya süni hadisədir və udan da ABŞ-dır?

- Mən deyə bilmərəm ki, bu sünidir və ya təbiidir. Bu barədə polemika açmaq mümkündür. Söhbət ondan gedir ki, biz nəticəyə baxıb kimlərin udduğunu, kimlərin uduzduğunu deyə bilərik.

- Düşünürsünüz ki, bu proses davam edəcək?

- Məncə, yox. Burada vacib məqam var. Nəhayətdə neftin hasilatını azaltmaq məsələsində razılıq əldə edildi. Əslində bu məsələdə daha çox güzəştə gedən Rusiya oldu. Yəni Rusiyanı buna məcbur etdilər. Ərəb ölkələrinin başlı-başına olmadığı bəllidir. Xatırladım ki, 1980-cı illərin ikinci yarısına baxdıqda SSRİ-nin çökdrülməsi prosesində də neftin qiymətini süni formada aşağı saldılar və imperiyanı çökdürməyə başladılar. Mixail Qorbaçov hakimiyyətə gələndə Sibir Neft Sənayesinin İnkişafı strategiyasını irəli sürdü. Çünki o zaman qıtlıq müşahidə olunurdu, xaricdən idxal malları almaq lazım idi. Ona görə də daha çox neft-qaz kompleksini inkişaf etdirməyə üstünlük verdilər. ABŞ bunu görən kimi neftin qiymətini aşağı salaraq həmin proqramı heç etdi. Bu gün də həmin prosesdir.

- Oxşarlığı konkret arqumentlərlə müqayisə edə bilərsinizmi?

- Rusiya lideri bəyan etdi ki, yarım tirlyon dollar vəsaiti ehtiyat fonda yığıblar. Amma 2008-ci ildə də ehtiyat fondlarında təxminən bu qədər maliyyə var idi. Gürcüstan müharibəsi və daha sonra dünya iqtisadi böhranı baş verdi. Neftin qiyməti də aşağı düşdü. Ruslar bu pulu 7-8 ay ərzində yedilər. Hansı ki, bu maliyyə hərbi sənayenin inkişafı üçün nəzərdə tutulurdu. Amma bunu edə bilmədilər. İndi də həmin vəsaitlər əriməyə başlayıb. Bir həftəyə ruslar 30 milyarda qədər pul xərcləyib. Belə davam etsə, 4-5 aya bu pullar bitər. Odur ki, biz bilmirik ki, ruslar hansı güzəştlərə gediblər. Belə infomasiyalar var idi ki, Putin aprel ayına Belarusu özünə birləşdirmək, Ukraynada “5-ci kalonu" qaldırmaqla müharibəni genişləndirmək və Pribaltika ilə sərhədlərə girmək istəyir. İndi belə məlum olur ki, pandemiya bu planların da qarşısını aıldı. Sanki burada beynəlxalq proses var və çox şeylər bir zərbə nəticəsində həll olunur.

- Amma siz, ABŞ-ın özünün də bundan ciddi əziyyət çəkdiyini unudursunuz...

- Əlbəttə. Birdən-birə sizin 5-6 tirlyon dolları bazara atmağınız zarafat deyil. Bu addımla vəziyyəti yüngülləşdirmək istəyirlər. Sözsüz ki, ABŞ üçün də problemlər var və onu həll etməyə çalışır.

- İnsanları da ölür...

- Baxın görün, ABŞ-da qripdən ildə nə qədər insan vəfat edir? Ölümlər, itkilər faciədir. Suriyada insanlar ölürmü? İraqda dünənə qədər insanlar ölürdümü? Liviyada sadə insanlar ölürlər. Böyük siyasət və gedişlər çərçivəsində insan itkiləri qaçılmazdır.

- İddia edirsiniz ki, pandemiyadan sonra dünyada böyük iqtisadi sıçrayış qeydə alınacaq. Amma təcrübə göstərir ki, belə sıçrayışlar yalnız nəhəng müharibələrdən sonra baş verir. Örnəyi II Dünya Müharibəsi və 50-ci illərdən sonra müşahidə olunan elmi-iqtisadi inkişafdır. Bu mənada siz böyük müharibə gözləyirsinizmi?

- Əslində indiki vəziyyət nəyi göstərir? Dünyanın zəif durumunu. Başqa sözlə, sabah başqa pandemiya ola bilər və bu. tamamilə başqa şərait yarada bilər. Biz hamımız başa düşdük ki, qloballaşma dövrünü yaşayırıq və hamımız asılıyıq.

Fikrimcə, qloballaşma burada özününün mənfi tərəfini yaxşı göstərdi. Bu sanki balaca işarədir ki, böyük fəsadları da ola bilər. Yəni regional xarakter daşıya, kontinental formada ola, dünyanı ağuşuna ala bilər. Burada xəstəliyin özü bir tərəfə qalsın, iqtisadiyyatların çökməsi məsələsi də var. Bunun arxasında nələrin baş verəcəyini Allah bilir. Bu mənada hesab etmirəm ki, bu gün müharibəyə başlamaq üçün hansısa şərait var. Əksinə, hər kəs müdafiə mövqeyini seçib. Müharibə harada gedir? İqtisadiyyatda. Əgər iqtisadiyyatın çökürsə, deməli sosial rifah sistemin də çökür və bu da milli böhrana gətirib çıxarır.

Digər tərədən, biz İranla qonşu dövlətik. Pandemiya İranda daha aktiv formada gedir, amma bizdə zəifidr. Diqqət edəndə görürsən ki, proses bəzi ölkələrdə sürətlə, bəzilərində zəif formada baş verir. Və ya niyə bu proses varlı ölkələrdə aktiv, kasıb ölkələrdə passiv gedir? Tibbi, yaşayış səviyyəsi yüksək olan ölkələrdə bu daha ciddi təsirlər buraxır. Bütün bunlar göstərir ki, biz dünya proseslərinin qırağındayıq, ortasında deyilik. Əsas zərbə ortada olanlara dəyir. G-20 deyilən dövlətlər birliyi var. Məncə, hər şey orada cəmləşib. Onu çökdürməklə dünya çökür. Deməli, o dövlətlərə zərbə dəyir ki, onun çökməyi dünyada böyük “zəlzələ” yarada bilər. Bu da maraqlıdır.

- Pandemiya qlobalizmə zərbə olacaq?

- Yox, biz görürük ki, fəsad var və dünya bir-birinə o qədər bağlıdır ki, pandemiya hər yeri əhatə edə bilir. Və bundan qaçmaq mümkün deyil. Bununla mübarizə aparmaq lazımdır, dünya ölkələri bir-birinə kömək edir, birləşib mübarizə aparır.

Qloballaşmanın iqtisadi tərəfini götürəndə ortaya qəribə mənzərə çıxır. Məlum olur ki, çoxlu sayda müəssisələr var ki, Çindən gələn avadanlıqları alıb istehsalda istifadə edirdi. Amma indi mal gəlmir və həmin müəssisələr çökür və bazarda qıtlıq yaranır. Dünya bazarı bu mənada bir-birinə bağlıdır. Və ya onlarla ölkə tranzit yüklərdən milyonlar qazanır, amma indi yollar bağlanıb və bu səbəbdən həmin ölkələr əziyyət çəkirlər. Buradan o nəticə çıxır ki, qloballaşma qəbul olunmalıdır və bu sistemdə aparıcı ölkələr kimdirsə, onların maraqları nəzərə alınmalıdır.

Xatırlayırsınızsa, Çində quş qripi var idi. O zaman da Çinlə gömrük, iqtisadi əlaqələri dayandıran ölkələr oldu və Çin başladı çökməyə. Sonra razılıq əldə olundu və elan etdilər ki, quş qripi daha yoxdur. Hətta Ümumdünya Səhiyyə Təşkilatının direktoru Bakıya gəldi, quş fabrikinə baxdı, burada toyuq ayağını yedi və dedi ki, Azərbaycanda quş qripi yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »