Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropada şans Azərbaycandakı kimi "day-day" demək deyil"

Onun taleyinə ürəyinin arxasınca düşüb qərib ömrü yaşamaq düşüb. Özünü zarafatla “aşka sürgün edilmiş” adlandırır. İllər öncə Brüsselə miqrant kimi köçmüş cənubi azərbaycanlıya aşiq olub və öz diliylə desək, sap iynənin arxasınca sürünən kimi onun arxasınca gedib. Bu yolda ailəsi ondan incik qalsa da,sonra hər şeyi yoluna qoymağı bacarıb.

Hətta onlara qol-qanad gərib. Asan olmayıb ömrünə düşən yük. Amma iradəsiylə, əzmiylə bacarıb öz sözünü deyib. İndi Belçikanın Sturi adlı kiçik bir qəsəbəsində bələdiyyə sədri işləyir. Azərbaycanca çox səlis danışır. Hətta bir iki il Rusiyada qalıb, qayıdandan sonra “ruskoyazıçnı” olan bir çox həmyerlilərimizdən çox təmiz. Orda doğulub böyümüş övladlarına da dilimizi öyrədib və onlar da Azərbaycanlı olduqlarını sevinclə dilə gətirirlər. Xaricdə yaşayan soydaşlarımızın uğur hekayələrini təqdim etməkdə davam edirik. Həmsöhbətim Brüsseldə yaşayan, əslən Ucar rayonundan olan Sevda Ruhanidir.

Sevda Ruhani Sevda Ruhani

- Azərbaycandan nə zaman köçmüsünüz?

- 1996-cı ildə Azərbaycandan çıxdım. Həyat yoldaşımı çox sevirdim. Peşman deyiləm. Amma hər şey asan olmadı. Həyat yoldaşım uzun yol sürücüsüydü. Ölkədən ölkəyə gəzirdi. Bir gün qəza edib uzun müddətli yatağa düşüncə ailəni yaşatmaq üçün mən sürücülük etməyə başladım. Amma şəhər bələdiyyəsində, zibil toplayan maşının sürücüsü. Düzdür, ona müavinət verirdilər, amma gəncdik o zaman, imkanlarımız məhdud idi. İngilis dilini az-çox öyrənə bilmişdim. Amma burda fransız dili daha çox işlənirdi. Orda təhsilimi davam etdirdim, ali təhsil aldım. İqtisadiyyat və mühasibat üzrə bilgilərimi genişləndirdim. Brüsseldə ali təhsil alanlara dövlət yardım edir, imkan yaradır. Əgər təhsil alarkən övladın olursa, ona da xüsusi müavinət ayrılır. Bu mənada mən özümü konfortlu hiss edirdim. Çünki, 90-cı illərin Azərbaycanını, o yoxsul günləri görüb getmiş adam idim. Aza qane olurdum. Almanların bizə yaratdığı şərait, imkanlar mənim üçün böyük töhfə sayılırdı.

- Brüsseldə insanlarla ünsiyyət asandırmı?

- Burada portuqaliyalılar, frransızlar, ispanlar var. Onlar ünsiyyətə çox açıqdırlar. Şimal xalqları daha soyuqqanlıdırlar.

- Orta məktəbdə oxuyarkən övladlarınıza müsəlman olaraq hansısa ayrıcalıq hiss etdirilirdi?

- Yox o mənada çox tolerant insanlardırlar. Məktəbdə müsəlman olduğumuzu müəllimlər bilirdilər və ara- sıra bu barədə dərslərdə danışılırdı. Hörmətlə. Bəlkə də kimlərsə bunun əziyyətini çəkənlər olub. Amma mən özümüzə qarşı bunu görməmişəm və özüm də çox tolerant insanam. Son illər bəzi iqrçi qruplşamalar peyda olurlar, onlar ölkəyə başqa millətlərin gəlməsinə narazılıq edirlər. Bu həm yerliləri, həmdə bizləri narahat edir. Mən dövlətin vergi ödəyicisiyəm, bu o deməkdir ki, bərabərhüquqlu vətəndaşıyam. Bu kimi hallar əlbəttə narahatedicidir və olmamalıdır.

- Azərbaycana tez- tez gələ bilirsiniz?

- Təəssüf ki yox. Həm torpaq məni dartsa da doğmalarım qalmayıb orada. Ana-atam rəhmətə gedib. Uzaq qohumlar var. Amma təsəvvür edirsinizmi, doğulduğum kənd üçün, tozlu torpaqlı yollar üçün, hətta üzünü uzaqdan gördüyüm, qoca çinarın altında axşamlar oturub söhbət edən o qoca ağsaqallar üçün darıxıram bəzən. Biçilmiş otun, təzə yığılmış pambığın iyi gəlir burnuma. Qışda yandırılan odun sobasındakı tüstüdən ötrü də darıxıram. Bir də təndir çörəyi bişiriləndə yayılan o gözəl qoxu vardı. 7 ev qonşunu bürüyərdi. O çörək ətrindən ötrü burnumun ucu göynəyir bəzən. Vətən dediyin budur da. Doğluduğun böyüdüyün yer və səni ona bağlayan xatirələr. Sevgi ilə xatırlayıram. Burda türk məhəllələrində çörək bişirilsə də o ətri vermir.

- Müəyyən qəliblər var ki, o əksər azərbaycanlı ailələrin üzərinə biçilib. Buna menatalitet deyə bilərsiz, ənənə deyə bilərsiniz. Orta statistik bir azərbaycanlının yaşam tərzi barədə xəbərdarsınızmı? Bu həyatı yaşaya bilərsinizmi?

- Xəbərdaram. Və mən həyatımızı əks etdirən bədii əsərlər oxumağı da sevirəm. İnsanlarımız bir az həyata baxış tərzlərini dəyişsələr, daha az kompleksli olsalar, qısası həyatı özlərinə zindan etməsələr yaxşı olar məncə. Azərbaycanda ailələr arasında da sanki danışmaq problem var və insanlar danışmırlar. Bu əslində problemdir.

- Azərbaycanlı ailədə qardaş yaşca kiçik olsa belə bacı üzərində söz sahibidir. Sizin ailədə necə? Oğlunuz qızınızla hansı formada ünsiyyət qurur?

- Bilirsinizmi biz uzun müddət Burda yaşayan İrandan köçmüş cənubi azərbaycanlılar və türklərlə kompakt halda yaşadıq. Onlar isə həm öz dini baxışlarına, həm də ənənələrinə çox sadiq idilər, üstəlik də o qədim ənənələri qoruyurdular. İlk başda oğlum da təsirlənmişdi düzü. Sonra biz onlardan ayrılıb Sturiyə köçüncə vəziyyət dəyişdi. Oğlumla qızımın böyük yaş fərqi var. Bəlkə də bundan irəli gəlirdi. Amma onu da deyim ki, bu insanlarla kompakt yaşamağın da öz üstünlüyü var idi. Uşaqların dil bilgilərində dini və milli adət, ənənələri qorumasında böyük rol oynadı. Brüsseldəki türk və azərbaycanlı icmaları hər il Novruz bayramını çox böyük təntənə ilə qeyd edirlər.

- Bələdiyyə sədri olmaq ağırdırmı? Bir azərbaycanlının orda hansısa vəzifəyə yüksəlməsinə əngəl varmı?

- Yox. Amma burda vəzifəyə elə can atmırlar bizdəki kimi. Çünki vəzifənin verdiyi böyük məsuliyyəti onun xalqa xidmət etmək olduğunu yaxşı dərk edirlər. Oxuyan, işini bilən insan isə burda yer verirlər. Bunun üçün bir balaca şans da lazımdır. Lakin şans Azərbaycandakı kimi day-day demək deyil. Lazımi vaxtda lazımi yerdə olmaq deməkdir. Yaşadığım Sturi qəsəbəsində türklər çoxluq təşkil edirlər. Seçilməyimdə onların da rolu çox oldu. İşimi məsuliyyətlə görməyə çalışıram. Buna qədər mən işlədiyim bələdiyyədə mühasib kimi çalışmışam. Sturiyə gəlincə, o kiçik bir kvartaldır.

- Gələcəkdə siyasi karyeranızda irəliləyiş etməyi düşünürsünüz?

- Kim bilir, bəlkə də oldu. Amma hələlik elə bir planım yoxdur.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »