Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz Mənsimovun durumu pisləşib: “Bu nə kin, bu nə düşmənlikdir?”

Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun səhhətində kəskin problemlər yaranıb. İş adamının qaraciyəri böyüyüb, hətta buna görə qəbul etdiyi dərmanların da təsiri olmadığı bildirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Palmali” şirkətlər qrupunun nümayəndəsi Fidan Quliyeva açıqlama yayıb. Onun sözlərinə görə, M.Mənsimov həbsdən öncə də ağır əməliyyat keçirmişdi. Həbs olunandan sonra keçirdiyi aclıq aksiyası da səhhətinə mənfi təsir göstərib: “Həbsxana şəraitində də hər gün müalicə alır. Lakin qaraciyərinin böyüməsinə görə dərmanlar kömək etmir. Buna görə sağlığında ciddi problemlər yaranıb, hətta vəkillərilə danışmaqda da çətinlik çəkir”.

M.Mənsimov Azərbaycan və Türkiyə prezidentlərinə ünvanladığı müraciətlərinə reaksiya verilməməsindən də narahatdır. O, bu barədə ictimaiyyətə müraciətində yazıb: “Müraciətimin üstündən bir həftə keçdi. Heç bir təqsirim olmadan hələ də həbsxanada bədəl ödəyirəm. Cinayət törətmədiyim halda, yaşlı və xəstə anamı, atamı və ailəmi görə bilmirəm. Hər səhər onlardan pis xəbər alaram deyə qorxuram. Allah göstərməsin, onlara bir şey olarsa, mənim yaşamağımın nə anlamı var? Bu nə kin, bu nə düşmənlikdir?”

M.Mənsimov vurğulayır ki, fəaliyyəti boyunca Türkiyə və Azərbaycana ziyan verəcək heç bir iş görməyib: “Hər zaman Azərbaycan və Türk xalqlarının xeyri üçün çalışmışam, heç kimin cibinə girməmişəm. Allahımın mənə verdiyi ruzini hər zaman ehtiyac sahiblərilə paylaşmışam. Heç bir zaman qanunsuz iş görməmişəm, görmərəm də. Yalançı şahid ifadələrilə məni bura salanların heç vicdanı yoxdurmu?”

M.Mənsimov valideynlərinin həyatına görə narahat olduğunu vurğulayır: “Mənim tanıdığım, sevdiyim və saydığım, hörmətli Prezidentim və hər zaman böyük qardaşım olan Rəcəb Tayyib Ərdoğan hər zaman məzlumların və haqqın yanında olub. Bütün prokuror və hakimlərin müstəqil olmasını xahiş edirəm. Mənim əleyhimə ifadə verənlər araşdırılmalıdır. Onların hansı səbəbdən bu addımı atdıqları ortaya çıxarılmalıdır. Mənim nə FETÖ (Fetullahçı Terror Örgütü) nə də başqa bir terror təşkilatı ilə heç vaxt işim olmayıb, olmaz da. Niyə məni bura məhkum etmisiniz?

Mən zindandan qorxmuram. Mənim qorxum yaşlı ata-anamdandır. Onları itirsəm, bu mənə ölümdən betər olar. Mənim xahişim günahsızlığım sübuta yetirilənə qədər onlarla birlikdə olmaqdır, ədalətdən yayınmaq deyil. Tək istədiyim ana-atamın, ailəmin, uşaqlarımın yanında olmaqdır. 11 apreldə oğlumun doğum günü olacaq. Oğlum məndən “doğum günümə gələ biləcəksən?” deyə soruşdu. Ona cavab verə bilmədim. Bu ağır günlərdə mənim onlara, onların da mənə ehtiyacı var”.

Müraciətində qeyd edir ki, əsas istəyi onun fikirlərinin Azərbaycan və Türkiyə prezidentlərinə çatdırılmasıdır: “Məni sevən türk və azərbaycanlı qardaşlarım. Sizdən istədiyim mənim yazdıqlarımın hörmətli prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevə çatdırmağınızdır. Günahsızlığım gec-tez ortaya çıxacaq. Məni buralara layiq görməyin. Mən bütün bunları yaşamağa layiq deyiləm. Baş verənlərə baxmayaraq, hüququn üstünlüyünə, Uca Türk ədalətinə güvənirəm”.

“Palmali” şirkətlər qrupunun rəhbəri M.Mənsimov və şirkətin meneceri Nuray Nurcihan Perker martın 15-də saxlanıb. Daha sonra Perker buraxılsa da, azərbaycanlı iş adamı barəsində həbs-qətimkan tədbiri seçilib

M.Mənsimov Türkiyə hökumətinin 2015-ci ildə dövlət çevrilişi cəhdinin təşkilində ittiham etdiyi, ABŞ-da yaşayan din xadimi Fətullah Gülənlə əlaqələrdə ittiham olunur.

Son xəbərlər
Bütün xəbərlər »