Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İŞİD-in edam kürsüsündən qaçan azərbaycanlı

Bakı Ağır Cinayətlər Məhkəməsində 27 yaşlı Masallı rayon sakini, Suriyada qanunsuz birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Samir İbadovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Samir İbadov İŞİD-ə qoşulmaq üçün 2013-cü ilin noyabrında Türkiyənin Hatay şəhərinə yola düşüb. Daha sonra Hatay istiqamətindən Suriya sərhəddini keçərək İŞİD-in tabeçiliyində olan, “İkrimə” dini ləqəbli Süleyman adlı şəxsin rəhbərlik etdiyi silahlı qruplaşmaya qoşulub. Avtomat silahla təchiz edilib və 2014-cü ilin mart ayına qədər həmin ərazidə yerləşən postların mühafizəsində iştirak edib. Martın 15-də Suriyanı tərk edərək Türkiyəyə, oradan isə Azərbaycana qayıdıb.

Lakin Azərbaycanda yaxalanıb məhkəmə qarşısına çıxarılan digər İŞİD-çilər kimi Samir İbadov da ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2011-ci ildən etibarən ibadət etməyə başladığını, məscidlərə getdiyini, orada aparılan dini söhbətlərin şahidi olduğunu deyib.

“Din qardaşları” onu dini ləqəbli “Zəhra” olan Gözəl adlı qızla evlənməyə məcbur ediblər. Bir müddət “Zəhra” ilə bir yerdə yaşadıqdan sonra qadın onun “beynini dolduraraq” Suriyaya gedib orada “hicrət” etmək lazım olduğuna inandırıb. Dediyinə görə çox cavan olduğundan və İslam dininə yeni ibadət etməyə başladığından arvadının sözlərinə aldanaraq Suriyaya getməyə razılaşıb. “Zəhra” ilə birgə Hatay şəhərinə gedərək qaçaq yolla Suriyanın Artma vilayətinə keçib. Onları milliyyətcə türk olan Əhməd adlı şəxs qarşılayaraq Hələbə aparıb.

“Hələbdən özümüz Hafar Hamra şəhərinə getdik. “Zəhra”nın və onun yanındakı digər şəxslərin təsiri və təzyiqi ilə “İkrimə”camaatına qoşuldum. Həmin təşkilat İŞİD qruplaşmasına aid deyildi. Mənə odlu silah verdilər, postlara çıxmağa başladım”,-İŞİD üzvü olmuş İbadov bildirib.

S.İbadovun ifadəsinə görə, “İkrimə” camaatına qoşulduqdan iki-üç ay sonra əqidə yoldaşları onu “kafir” adlandırıblar. Hətta dini baxışlarına görə edam etmək istəyiblər. Barəsində edam qərarı çıxarılıb. Samiri “hicrət” etməyə məcbur edən həyat yoldaşı belə onun tərəfini saxlamayıb. Edam olunacağından qorxuya düşən Samir qaçmağa məcbur olub. Gecə ikən Hataya gəlib və Türkiyə ərazisinə keçib. Bir müddət Türkiyədə qaldıqdan sonra Azərbaycana qayıdıb.

İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan, barəsində həbs qətimkan tədbiri seçilən digər azərbaycanlı Telman Süleymanov isə məhkəmədə şahid qismində dindirilərkən Samir İbadovu Suriyada gördüyünü, onun türklərdən ibarət başqa bir camaatın tərkibində olduğunu deyib: “Mən azərbaycanlılardan ibarət olan “Abu Yahya”nın camaatında idim. Samirin daxil olduğu camaatın rəhbərinin kim olduğunu bilmirəm. Lakin həmin camaat da İŞİD-in tərkibində idi. Samir Suriyada postlara çıxırdı. Əynində hərbi paltar var idi. Əlində silah olub-olmadığını xatırlamıram”.

Onu da qeyd edək ki, S.İbadovun ailəsi Rusiyanın Kiboksar şəhərində yaşayıb. Samir hərbi borcunu yerinə yetirməsi üçün ailəsi onu Azərbaycana göndərib. Lakin səhhəti ilə əlaqədar olaraq hərbi xidmətə aparılmayıb. Ailə üzvləri onun Suriya getməsi barədə yalnız həbs olunduqdan sonra xəbər tutublar.

Məhkəmənin hökmü ilə Samir İbadov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər
Bütün xəbərlər »