Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nə qədər ki, mən millini çalışdırıram, belə oyunçuları çağırmayacağam" - Robert Prosineçki
“Bizi çətin oyun gözlədiyini demişdim. Bu gün bunun bir daha şahidi olduq”.

Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununda Çexiyanı qəbul edən millimiz 1:2 hesablı məğlubiyyətə üzülüb. Matçdan sonra keçirilən mətbuat konfransında Prosineçki bunları deyib: “İlk dəfə hesabda geri düşəndən sonra qol vura bildik. Amma əfsuslar olsun ki, sonra yenə “ikinci mərtəbə”dən bizə qol vurdular. Ardınca Ramil Şeydayev əlinə düşən imkandan yararlana bilmədi. Buna baxmayaraq, komandamdan razı qaldım. Qələbə münasibətilə Çexiya yığmasını təbrik edirəm”.

- Almaniya ilə səfər matçından sonra Bakıya qayıdacaqsınız? Yoxsa bu, sizin Azərbaycandakı sonuncu mətbuat konfransınızdır?

- Almaniya ilə oyundan sonra Bakıya qayıdacağam. AFFA ilə ilin sonuna kimi müqaviləm var. Almaniyadakı matçdan sonra AFFA rəhbərliyi ilə görüşüb, gələcəyimlə bağlı danışacağam.

- Yığmada qalası olsanız, nəyi dəyişmək fikrindəsiniz?

- Futbolda səhvlər olur. Bu gün də komandam səhvlərə yol verdi. Standart vəziyyətlərdən çox qol buraxırıq. Bəzi mövqelərdə problemlər var. Azərbaycan yığmasında qalsam və ya başqa məşqçi gəlsə, iş çoxdur. Rəşad Sadıqova alternativ tapmaq lazımdır. Gələcəkdə gənc futbolçulardan istifadə etməliyik. Yəqin razılaşarsınız ki, mən gələndən Azərbaycan yığması baxımlı futbol oynayır. Bunu güclü rəqiblərlə matçlarda da sübut etmişik. Təəssüflər olsun ki, bu gün Mahir Mədətov özünü göstərə bilmədi. Bəlkə də, ona 15 dəqiqə az şans verdiyim üçün məndən incimişdi. Amma yaxşı futbolçudur.

- “Bursaspor”un futbolçusu Dəniz Yılmaz son vaxtlar milliyə niyə dəvət almır?

- Martda Almaniya ilə oyuna Dəniz əsas heyətdə çıxmalı idi. Amma çıxmaq istəmədi. Milli formanı geyinmək istəməyən futbolçunu yığmaya dəvət etməyəcəyəm. Nə qədər ki, mən Azərbaycan millisini çalışdırıram, belə oyunçuları çağırmayacağam. Məndən sonra kim gələcəksə, onu dəvət edib-etməmək öz işidir. Almaniya ilə görüşdə Dənizi qoyduğum mövqedə çıxış etmək istəmirdi.

- Məğlub olduğumuz matçlardan sonra da bütün məşqçilər gəlib, oyundan razı qaldıqlarını deyirlər. Amma heç kim bizə problemin nədən qaynaqlandığını söyləmir...

- Mən həmişə problemi demişəm. Bizdə əsas problem ölkə çempionatı ilə bağlıdır. Azərbaycanın ən güclü klubu “Qarabağ”ın müdafiəçiləri Rəşad Sadıqov və Bədavi Hüseynov daxili çempionatda kofe içə-içə futbol oynaya bilərlər. Sonra Çempionlar Liqasında Edin Dzeko kimi hücumçulara qarşı oynamalı olursan. Avropada futbolçular həftədə 2-3 dəfə bu cür matçlar keçirirlər. Azərbaycan çempionatında isə rəqabət yoxdur və problem bundadır.

- 3 gün sonra Almaniya ilə matça çıxacaqsınız. Belə zəif oyunla bu cür çətin rəqiblə görüşdən nə gözləyirsiniz?

- Almanların qarşısına nəsə çıxarmaq, sürpriz etmək çətindir. Bu, təkcə Azərbaycan yığmasının problemi deyil. Onlarla oynamaq hamı üçün ağırdır. Bugünkü matçın gedişində Bədavi zədə aldı. Almaniyada oynayıb-oynamayacağını bilmirəm. Bizi çətin matç gözləyir. 3 gün sonra bu cür rəqibə qarşı mübarizə aparacağıq. Matça kimi komandanı formaya gətirmək lazımdır. Səfərdə yaxşı oyun göstərmək istəyirik.(apasport.az)

Son xəbərlər
Bütün xəbərlər »