Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Neft hasilatını azaltmaq barədə razılaşma aferistlikdir" - Ekspert

"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu gün keçirilən video-konfrans formatında keçirilən danışıqlar zamanı bu ilin may-iyun aylarında hamı üçün gündəlik neft hasilatını 23% (10 mln. barel) azaltmaq barəsində razılığa gəliblər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "OPEC+" qərarını şərh edib.

Natiq Cəfərli Natiq Cəfərli

“Razılşamaya əsasən may ayından başlayaraq hasilat günlük 10 mln. barel azalacaq. Səudiyyə və Rusiya hərəsinə 2,5 mln. barel, yerdə qalan ölkələr də müxtəlif kvotalarla 5 mln. barel hasilatı azaltmalıdır. Öncədən deyim ki, Liviya, İran, Venesuela ümumiyyətlə öhdəliklərdən azad edilib. Bu ölkələr hasilatla bağlı istenilən qərar verə bilərlər. Meksikaya hasilatı 400 min azaltmaq təklif olunub, ölkə razılaşmayıb, hasilatı, maksimum 100 min barel azalda biləcəyini deyib”,-ekspert bildirib.

N.Cəfərli qeyd edib ki, Səudiyyə və Rusiya uzlaşmadığı məsələ hasilatın hansı səviyyədən götürüb azalmanı hesablama məsələsi idi: “Səudiyyə deyirdi ki, bu gün mən 12 mln. barel neft hasil edirəm, 2,5 mln. azaldacam, hasilatı 9,5 mln. barelə salacam. Rusiya isə bununla razılaşmırdı, təklif edirdi ki, hasilatın azaldılması üçün səviyyə 1-ci rübün orta hasilat rəqəmləri götürülsün, sonda razılaşdılar ki, hər bir ölkə günlük 8,5 mln. barel neft hasil etsin, azalma hər ölkə üçün 2,5 mln. barel olsun.

İlk əvvəl onu deyim ki, birjalar “OPEC+” qərarına inanmadı, qiymət bu gün də düşür. Hətta birjalarda olan “kağız neft”- iyun ayının “fyuçers” qiymətləri ilə bu gün spot bazarında satılan real neftin qiyməti arasında fərq hələ də, ortalama 10 dollardır – bu gün real satılan neft birja qiymətindən aşağıdır. Amma birjaları inandırmayan tək bu məsələ deyil.

Bu gün dünyada, ortalama 100 mln. barel neft hasil olunur, istehlak olan günlük həcm isə 70-75 mın. bareldir, deməli dünyada günlük 25-30 mln. barel artıq neft var. Real istehlak bundan da aşağıdır, sadəcə ucuz neft qiymətlərinə görə bütün ölkələr bazardan neft alıb anbarlara, rezervuarlara vururlar – Səudiyyə günü bu gün 15 dollara neft satır, Rusiya da öz neftini təxmini o qoymətə salıb. Yəni, həmin 75 mln barel günlük alınan neftin 20-30%-i istehlak üçün deyil də, ehtiyat üçün alınır.

neft yatağı buruq

Dünya neft anbarlarında, rezervuarlarında, təxminən, 1 mlrd. barellik yer qalıb - əgər real günlük istehlak artmasa, 1 aya bütün anbarlar dolacaq. OPEC+ anlaşması isə hələ ancaq may ayında qüvvəyə minir. Deməli, apreldə bütün ölkələr nəyi var istehsalı artıracaqlar ki, kvota dönəminə qədər sərbəstlikdən istefadə etsinlər. Birjalar bunu yaxşı bilir, ona görə də anlaşmaya inamsız yanaşır.

“OPEC+” anlaşması, həm də bir aferistlikdir. Belə ki neft hasil edən ölkələrin idxalı və təlabatı kəskin düşüb. Təyyarələri uçmur, maşınları şütümür, xidmət və bəzi istehsal sahələri qapalıdır. Həmin ölkələr kəsintiyə getdikləri hissə məhz daxili təlabatda istifadə olunan hissədir. Xaricə satdıqları hissədə çox cüzi azalma olacaq”.

Ekspertin sözlərinə görə, birjalar bu anlaşmaya ona görə inanmır ki, nəzarət mexanizmləri zəifdir: “Dünya elə hala gəlib ki, istənilən ölkə, istənilən müştərisini əldən çıxartmaq istəmir. Ona görə də, müştəri tapsa “OPEC+” zad vecinə olmayacaq, neftini satacaq, çünki satmasa bazarı, gəlirlərini daha çox itirəcək.

Birjalar daha uzağı hesablayırlar. Əgər bütün neft anbarları dolsa, neftin istehlakı orqanik olaraq artmasa, may ayında istehsalçılar pulsuz neft paylaya bilərlər – çünki, saxlama xərci hasilatın maya dəyərindən baha olacaq, həm də hasilatı tam durdurmaq mümkün deyil, bu zaman quyuları itirmək olar, onların bərpası daha böyük xərc tələb edəcək”.

Qeyd edək ki, "OPEC+” neft hasilatının azaldılmasına dair razılaşma martın sonunda başa çatıb. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında davam edən əməkdaşlığın şərtləri barədə razılığa gələ bilməyən fikir ayrılıqlarına görə onu uzatmaq mümkün olmayıb. Bundan sonra OPEC ölkələri neft hasilatını artırmağa başladı. Bu zaman koronavirus epidemiyası səbəbindən qlobal neft tələbatı kəskin şəkildə azaldı. Nəticədə, neftin bir barelinin qiyməti son 20 ildə ilk dəfə 22 dollara düşdü. Bu səbəbdən "OPEC+” ölkələri fövqəladə iclas keçirmək qərarına gəldi ki, bu görüşdə neft hasilatının azaldılması müzakirə ediləcək.

Son xəbərlər
Bütün xəbərlər »