Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yardım paketindən yarımayanlar ordusu: 1,95 mlrd. manat ayrılsaydı, hamıya pay düşərdi

Hökumətin açıqladığı dəstək paketi işsizlər ordusunda ümidlər oyandırsa da, bu yardımdan faydalanmağın asan olmayan yolları çoxlarının qol-qanadını qırdı.

Məlum oldu ki, “kölgə iqtisadiyyatı” ilə işləyənlər və qeydiyyatsız işçilər bu paketdən yararlana bilməyəcək.

Başqa sözlə dövlət hamıya deyil, yalnız müəyyən qism insana dəstək verir.

İqtisadçı Natiq Cəfərlinin fikrinə görə, hətta dolayı yollarla da nə qədər insana və kimə dəstək vermək lazım olduğunu hesablamaq olar.

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı bu münasibətlə kiçik bir hesablama təqdim edib.

“Ölkə əhalisi, rəsmən, 10 mln. nəfərdir, bu vətəndaşlarının 917 mini dövlət sektorunda çalışır, bunlar maaşlarını almaqda davam edəcəklər, 1,3 mln. nəfər təqaüdçü var – onlar da təqaüdlərini almaqda davam edəcək. Bu iki kateqoriyanı çıxsaq yerdə 7,8 mln. nəfər qalır. Bunlardan da 300 min nəfər qeyri-dövlət sektorunda olanlara da dəstək olunacaq – yerdə qaldı 7,5 mln. nəfər. Ölkədə 0-14 yaş arası uşaq sayı 2 mln. 400 min nəfərdir, 14-18 yaş arası olanların sayı isə, təqribən, 650 mindir, deməli, 0-18 yaş arası insanların sayı 3 mln. nəfərdir – ilk növbədə həmin kəsmə 250 manat vermək lazımdır. Yerdə qalır 4,5 mln. nəfər, bunlardan da 1,7 mln. nəfər, güya, aqrar sektorda çalışır, bunların da rəsmi qeydiyyatı var, onlara da 250 manat vermək olar – yerdə 2 mln. 800 min nəfər qalır. Yerdə qalan insanların 800 minə yaxını, güya, VÖEN-lə çalışırlar, onların da rəsmi qeydiyyatı var – həmin kəsmə də VÖEN-ə bağlı hesablarına 250 manat köçürmək olar. Yerdə qaldı 2 mln. nəfər, bunlardan da 300 minə yaxını sosial yardım alır, onların da qeydiyyatı var – həmin insanlara da əlavə 250 manat ödəmək olar. Yerdə qaldı cəmi 1,7 mln. nəfər – onlara da yaşayış qeydiyyatı üzrə ödəniş etmək olar – və bu işlərin tamamına əlavə 1 mlrd. 950 mln. manat pul lazımdır”,- deyə ekspert qeyd edib.

İqtisadçı Samir Əliyev də edilən güzəştlərin yetərli səviyyədə olmadığını qeyd edib, o güzəştli işıq limitinin aprel-may aylarında adambaşına cəmi 4 manat qənaət imkanı yaratdığını söyləyib.

Samir Əliyev Samir Əliyev

“Tədbirlər Planında əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılıb. Yəni bu 2 ay ərzində aylıq limit əhali üçün 300 kvts-dan 400 kvts-a qalxır. Əlbəttə heç olmayan yerdə əlavə dəstəkdir. Bu addım nəticəsində ayda 300 kvts-dan çox elektrik enerjisi işlədən ailələr 4 manat qənaət əldə edəcəklər. Ümumi məbləğ (ayda 5 milyon AZN) əsasında belə qənaətə gəlmək olar ki, yeni güzəşt minimum 1 milyon 250 min abunəçini əhatə edəcək”.

Onun fikrinə görə, bu dəstək mexanizmini daha uğurlu etmək olardı. Dəstəyə daha çox ehtiyacı olan yoxsul təbəqə və kiçik yaşayış ərazisinə malik ailələr bu güzəştdən yararlana bilməyəcək.

“Ona görə də burda limitin tətbiq edilməsindən çox hamının bu güzəştdən yararlanmasına hədəflənmək lazım idi. Belə ki, bütün abunəçilərin sərf etdikləri enerjinin 100 kvts-ının dövlət tərəfindən subsidiyalaşdırılması mexanizminin tətbiqi daha məqsədəuyğun olardı. Bu güzəştdən daha çox kasıb və orta təbəqənin yararlanması üçün aylıq sərfiyyata yuxarı tavan, məsələn aylıq 500 kvts tətbiq etmək olar. Bu həddən yuxarı sərfiyyat güzəştdən kənarda qalır. Məqsəd imkanlı şəxslərin güzəştdən yararlanmasının qarşısını almaq, dövlət vəsaitinin daha çox zərərçəkən təbəqəyə yönəltməkdir”,- deyə o öz təkliflərini təqdim edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »