Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nyu-Yorkda işləyən azərbaycanlı həkim: “ABŞ-ın səhiyyə sistemi “boğulub”

ABŞ-da koronavirusla bağlı vəziyyət getdikcə pisləşir. Ölkədə pandemiyanın başlamasından bəri ölüm hallarında durmadan artım qeydə alınıb. Xəstələrin sayı yüz minlərlədir. Epidemiyanın episentri Nyu-Yorkdur.

COVID-19 ilə mübarizənin ön cəbhəsində həkimlər dayanıb. Onların arasında “Mount Sinai Medical Center” hospitalının terapiya şöbəsinin həkimi, Azərbaycan əsilli Tamara Əliyeva da var.

Media.az Tamara Əliyevadan müsahibə alıb.

- ABŞ-da nə baş verir? Sosial şəbəkələrdə vəziyyətin kritik həddə olduğunu ağlayaraq bildirən həkimlərlə bağlı videolar paylaşılır...

- Xəstə axını, xüsusilə Nyu-Yorkda (ABŞ-da koronavirusa yoluxanların, demək olar ki, 50 faizini onlar təşkil edir- red.) artır. Bütün xəstəxanalar və hospitallar dolub-daşır. Təəssüf ki, çarpayı və tibb işçiləri yetərli deyil. Vəziyyət gərginləşdikdən iki həftə sonra - indi hər şeyin düzələcəyinə ümid edirik. Bütün ştatlardan Nyu-Yorka könüllülər gəlir. Avadanlıqlar hətta xaricdən gətirilir.

Əlbəttə, səhiyyə sistemimizin “boğulduğunu” etiraf etməliyik. Bununla belə, işləyirik. Səhiyyə işçiləri arasında koronavirusa yoluxanlar çoxdur. Maskalar, xüsusi geyimlər çatmır. Həkimlər 12 saat və daha çox işləyirlər. Vəziyyət çox gərgindir.

- Siz müdafiənin ilk pilləsində olan həkimlərin arasındasınız. Bunun öhdəsindən necə gəlirsiniz? COVID-19-a yoluxmaqdan qaça bildinizmi?

- Təəssüf ki, bacarmadım. Epidemiya başlayanda iki həftə tam gücümlə çalışdım. Ancaq sonra simptomları özümdə hiss etdim, testin cavabı da müsbət oldu. Hazırda evdəyəm, buna baxmayaraq, həmkarlarıma uzaqdan kömək edirəm, sənədləşmə işlərini görürəm.

- Xəstəlik hansı formada keçir? Özünüzü necə hiss edirsiniz?

- Məndə COVID-19-un ağır forması deyil. Nəfəs ala bilirəm. Bir az temperatur, ümumi zəiflik var. Ancaq tab gətirirəm və həmkarlarıma kömək edirəm.

- İşdə həkimlər arasında yoluxanlar çoxdur?

- Dəqiq rəqəm açıqlaya bilmərəm. Yoluxanlar evdə, karantindədirlər. Tibb işçiləri də çatışmır. Buna görə, səlahiyyətlilər digər ştatlardakı könüllülərdən, həkimlərdən və tibb bacılarından kömək istəyir. Artıq 20 mindən çox insan buna müsbət cavab verib və Nyu-Yorka gəlib.

- Necə oldu ki, dünyanın ən inkişaf etmiş ölkəsi sayılan ABŞ epidemiyanın öhdəsindən gələ bilmədi? Hansı səbəbdən sistem hazır deyildi?

- Heç bir sistem xəstələrin belə axınını idarə edə bilməzdi. İki-üç həftə ərzində bütün xəstəxanalar doldu. Bundan əlavə, Nyu-Yorkda 10 milyon insan yaşayır, çoxlu turist, həmçinin, beş-altı nəfərə bir mənzili kirayələyən xeyli qanunsuz mühacir də var. Kütləvilik infeksiyanın yayılmasına səbəb olur.

Nyu-York qubernatoru Endryu Kuomo hər gün brifinq keçirir, vəziyyəti aydınlaşdırır, insanları sakitləşdirir. Bu, doğru addımdır. Xəstəxananın yaxınlığındakı sərgi mərkəzi iki min çarpayı ilə təchiz olunub. Daha min yer üçün hərbi dəniz hospitalı – gəmi var. Vəziyyətin yaxşılaşacağına ümid edirik. Artıq ilk zərbəni qəbul etdik. Əlbəttə ki, yoluxmanın pik həddini aprel ayının ortalarında gözləyirik, amma sonra hər şey azalmağa doğru getməlidir.

- ABŞ-da koronavirus xəstələri pulsuz müalicə edilir? Yoxsa sığortaya ehtiyac var?

- Xəstə hospitala çatdırılanda heç kim sığortanın olub-olmaması ilə maraqlanmır. Hər kəsə kömək edirlər. Bundan əlavə, koronavirus testləri hamı üçün pulsuzdur: zəng edirsiniz, vaxt təyin edilir və yoxlanılır. Sığortası olanlardan pul çıxılır.

Bundan əlavə, dövlət Amerika Birləşmiş Ştatlarının bütün sakinlərinə birdəfəlik yardım şəklində pul çekləri göndərir. Axı bir çoxu işini itirib, müəssisələr bağlanıb. Eyni zamanda, üç ay - mart, aprel və may ayları üçün mənzillərin kirayə haqlarını ödəməməyə icazə verilib.

- ABŞ-da vaxtında karantin tətbiq olunsaydı, ciddi problemlərin qarşısını almaq olardı? Axı, karantin virusdan qorunmaq deyil, səhiyyə sisteminin müdafiə olunmasıdır - xəstələrin hamısı bir anda deyil, növbə ilə gəlməlidir...

- ABŞ, əlbəttə ki, bir neçə həftə gecikdi. Təxminən 300 min nəfər Çin əsilli ABŞ vətəndaşı yanvar, fevral və mart aylarında Avropadan, Çindən ölkəyə geri qayıtdı. Koronavirusa yoluxan “sıfır saylı xəstə” Vaşinqtonda müəyyən edilib. O, Çin əsilli ABŞ vətəndaşı idi. Hər şey bundan sonra başladı.

- Son sualımız - COVID-19-la birbaşa qarşılaşan insan kimi hansı tövsiyələri verə bilərsiniz?

- Ən vacibi özünütəcrid və karantindir. Ancaq küçəyə çıxmısınızsa, digər insanlardan iki-üç metr məsafə saxlayın. Bir çox yoluxmuş insan xəstə olduğunu bilmir. COVID-19 məhz bu cəhətinə görə, qorxuludur.

Son xəbərlər
Bütün xəbərlər »