Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirus statistikası və obyektiv gerçəklər
virus1_5e6232b6081fa

Azərbaycanda infeksiyaya yoluxanların sayı niyə və necə artdı?

Bunu əvvəlcədən də proqnozlaşdırmaq mümkün idi və proqnozlaşdırılırdı da. Dövlət rəhbərliyindən tutmuş üzüaşağı bütün uyğun rəsmi strukturlar və vəzifəli şəxslər dəfələrlə deyirdilər ki, vəziyyət indikindən daha çətin ola bilər. Söhbət koronavirusa yoluxanların sayının artmasından gedir. Artıq Azərbaycanda COVİD-19 infeksiyasına yoluxanlar aprelin 4-nə olan məlumata görə, 555 nəfərdir. İlkin mərhələdə yalnız xaricdən gələn insanlar bu virusu ölkəyə gətirmişdilər. Hazırda isə ölkə daxilində də insanlardan bir-birinə keçib.

Son vaxtlar sosial mediada infeksiya sayının məhz indi artmasına dair müxtəlif fikirlər irəli sürülür. Yəni bu rəqəmlərin həndəsi silsilə üzrə böyüməsinin səbəbləri haqqında subyektiv mülahizələr var. Ancaq obyektiv reallığa baxılsa, burada çox tutarlı əsaslar ortaya çıxır. Məsələ ondadır ki, yoluxmanın belə artması heç də görülən tədbirlərin, verilən qərarlarən gecikməsi və ya effektsizliyi ilə bağlı deyil. Yəni bu vəziyyətin bütün dünyada təhlili onu göstərir ki, hətta ən böyük iqtisadiyyatlar, ən qüdrətli dövlətlər belə infeksiyanın belə bir hücumuna hazır deyildilər. Azərbaycan əhalisinin müəyyən zümrə – orta və ortadan bir az aşağı, yaxud yuxarı təbəqələrindən olan insanlar müayinə, müalicə, əməliyyatlarla bağlı Avropa ölkələrinə, İsrailə, hətta ABŞ-a gedirdilər. Elə Çinin özündə şəfa axtaranlar da vardı. Sosial ierarxiyada daha aşağı pillədə olanlar Türkiyəyə, ondan da sonrakılar İrana üz tuturdular. Həmin ölkələrin səhiyyə sistemlərinin üstünlükləri haqda danışır, paylaşırdılar. Təbii ki, sadaladığımız ölkələrdə tibbi xidmətin durumu obyektiv olaraq bizdəkindən öndəydi. Ancaq bu gün həmin ölkələrin səhiyyə sistemi koronavirusun şiddətli hücumu qarşısında bəzi hallarda köməksiz qalıb. Azərbaycanda vəziyyətə, ümumi götürəndə, nəzarət olunur. Ancaq bu, o demək deyil ki, bundan daha pis ola bilməz. Dövlət infeksiyanın daha çox yayılmaması və daha çox can almaması üçün sərəncamında olan bütün resursları səfərbər edib. Mühüm qərarlar verib. O qərarlar ona görə verilib ki, əhali arasında sosial kontaktları azalsın, virus daha çox yayılmasın. Epidemioloji vəziyyət nəzarətdən çıxmasən. Yəni dövlətdən asılı olan bu qərarları vermək və icrasına nəzarət etməkdir. Əməl etmək isə əhalinin borcudur; yoluxmamaq, bu pandemiyadan salamat çıxmaq, ölkənin az itki ilə qurtulmasını istəyirsə, əhali qoyulan sərt karantin qaydalarına əməl etməlidir. Əslində başqa ölkələrdə bizdəkindən də sərt karantin qaydaları var. “Bu xəstəlik məni tutmaz” düçüncəsi ilə deyil, “Məni və hər kəsi tuta bilər” fikri ilə yanaşmaq lazımdır. Özümüzün və bizə əziz insanların həyatını qorumaq bu gün həm də və bəlkə də daha çox bizdən asılıdır. Biz yoluxma hallarının çoxalmasına səbəb olmamalıyıq ki, həkimlərimiz daha az xəstəyə baxa bilsin ki, sağalma da artsın, yeni yoluxmalar da azalsın. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir.

Yazının əvvəlinə - Azərbaycanda infeksiyaya yoluxma statistikasının indi artmasına qayıdaq. Bunun əsas səbəblərindən biri o idi ki, ilkin mərhələdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından az miqdarda testlər alırdı. Həmin imkan çərçivəsində də test aparılırdı. Az müayinə isə az faktı aşkara çıxarırdı. Bu, sadə bir gerçəklikdir. Sonrakı mərhələdə dövlət daha çox test almağa başladı və getdikcə daha çox insanı müayinədən keçirmək mümkün oldu. Vaxtında, çevik qərar verildi, ölkəmizə ən müasir tibbi laboratoriyalar alınıb gətirildi. Əgər əvvəllər hər gün cəmi 200-300 test edilirdisə, hazırda müayinələrin sayı mindən çoxdur. Başqa sözlə, müayinə imkanları genişləndikcə, yoluxmanın miqyasını müəyyənləşdirmək də asanlaşıb. Hazırda səhiyyəmiz yoluxma hallarını daha çox ortaya çıxardığına görə, rəqəmlər də böyüyür. İndiyə qədər 35 mindən çox test keçirilib. Bu, kiçik rəqəm deyil. Testlərin keçirilməsi, nəticələrin təhlili az iş deyil, zaman və resurs tələb edir. Təhlillər və təcrübə göstərir ki, COVİD-19 yeni tipli koronavirusunun inkubasiya dövrü çox uzun ola bilir; xəstəliyin üzə çıxması 28 gün çəkə bilir. Bundan başqa, məlumdur ki, xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. Bu da yekun statistikaya təsir edir. Yoluxma ilə bağlı statistikanın artması həm də əslində xüsusi təşvişə düşməməklə yanaşı qoyulan qaydalara əməl olunmasının nə qədər önəmli olduğunu göstərir. Burada heç də hər şey dövlətdən gözləmək də doğru olmaz. “Suda batanın xilası öz əlindədir” məsəlində olduğu kimi, insanların özündən də çox şey asıldır.

Ətrafa baxdıqda biz nələr görürük əslində? Regionumuzdakı başqa dövlətlərdə statistika daha ağır durumlardan xəbər verir. Aprelin 4-ə olan məlumata görə, Azərbaycanda 555 yoluxma və 5 ölüm faktı olubsa, Ermənistanda 736 yoluxma və 7 ölüm var. Halbuki, Azərbaycanda 35 min test keçirildiyi halda, Ermənistanda aparılan testlərin ümumi sayı 7994-dür. Yəni Azərbaycandakından 5 dəfə az. Gürcüstanda yoluxma sayı 156 olub, ölüm faktı qeydə alınmayıb. Ancaq nəzərə almaq lazımdır ki, Gürcüstanla Ermənistanın ikisinin birlikdə əhalisi Azərbaycan əhalisindən azdır. Dünyaya gəldikdə, Avropada yoluxma və ölüm halları çox böyük miqyasdadır. Ancaq burada diqqəti çəkən odur ki, İtaliyada, sonra İspaniyada yoluxma və ölüm halları sürətlə artanda bəzi Avropa ölkələrində, eləcə də, ABŞ-da infeksiya çox yayılmamışdı. Ancaq həmin ölkələrdə də vəziyyət ürəkaçan deyil. Bu o deməkdir ki, infeksiyanın yayılma sürəti və ölüm halları hər ölkə üçün spesifikdir. İtaliyada daha çox yaşlı adamlar arasında ölüm halları olduğu halda, məsələn, Türkiyədə nisbətən aşağı yaş qruplarında da bu göstərici az deyil. Ölkələr içində ayrı-ayrı bölgələrə görə də, vəziyyət fərqli ola bilir. İnsanlar bəzən düşünə bilər ki, əhalinin daha sıx olduğu filan rayonda yoluxma çox olacaq, özünün yaşadığı rayonda məskunlaşma azdırsa, az olacaq və sair. Bu, belə deyil. Konkret ərazidə xəstəliyin gizli daşıyıcılarının az və çox olmasından, insanların hansı ərazilərdə karantin qaydalarəna daha yaxşı əməl etməsindən infeksiyanın yayılması çox asılı ola bilər. Gənc yaşlarında insanlar öz sağlamlığına arxayın olub qaydaları pozar, gətirib öz ailəsinə infeksiya yoluxdura bilər. Bu şərtlərdə - bu xəstəliyin yaratdığı reallıqda hər kəs öz əzizlərinin, eləcə də, ətrafdakı başqa insanların qatili də ola bilər, xilaskarı da. Təbii ki, ürəyində sevgi, başında ağlı olan heç bir normal insan doğmalarının, yaxınlarının, ümumiyyətlə, kimsənin qatili olmaq istəməz. Zənnimizcə, bundan daha artıq şərhə ehtiyac yoxdur.

Bizim Yol

Paylaş »
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
››› Baş Nazir qərar verdi: Cümə günü saat 14:00-dan məhdudiyyət qüvvəyə minir
››› Mehman Hüseynov xərçəngə yoluxmasından danışdı: "Heç bir xəstəxana mənə yaxın durmadı"
Son xəbərlər
Bütün xəbərlər »