Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil məmurları şagird və müəllimlərin başında dəlləklik öyrənirlər - Açıqlama

Təhsil sahəsi ilə məşğul olan bütün mütəxəssilərin fikrinə görə, distant təhsili 21-ci əsrin təhsil innovasiyasıdır.

Hazırda yaşanan sağlamlıq böhranı bizə bir məsələdə aydınlıq gətirdi. Azərbaycanda distant təhsilin səviyyəsi bərbad vəziyyətdədir. Bəzi universitetlər və müəllimlər şəxsi təşəbbüsləri ilə bu işi yüksək səviyyədə qura bilsələr də, bir güllə bahar olmaz. Milyon yarımlıq şagird ordusu faktiki olaraq distant təhsildən yararlana bilmir. Görülən işlərin səriştəsizliyi gözə girir. Niyə bu şəkildə alınır, niyə uzaqdan təhsilə biz elə uzaqdan baxırıq?

Bizimyol.info-nun suallarını təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Əhmədov cavablandırır.

İlham Əhmədov İlham Əhmədov, təhsil eksperti

- İlham müəllim, niyə bizdə distant təhsil ürəkaçan səviyyədə deyil?

- Təhsil Nazirliyinin distant təhsil adıyla təşkil etdiyi teledərslərin şagirdlər tərəfindən mənimsənilmə səviyyəsini təyin etmək məqsədi ilə "Virtual Məktəb" adlı proqram sistemi istifadəyə vermişdir. Çoxsaylı istifadəçilərin sosial şəbəkələrdə yazdığı rəylərdən məlum olur ki, sistemə eyni anda çoxlu müraciətlər olduqda server çökür (nəzərə alsaq ki, ölkədə 1,5 milyon şagird var, bu sayda müraciətin olması təbiidir), heç bir qiymətləndirmə aparmaq mümkün olmur. Təhsil sistemində (başqa sahələrdə olan kimi) əhatə dairəsi və mürəkkəbliyindən asılı olaraq aparılan istənilən layihənin hökmən hazırlıq mərhələsi olmalıdır. Bu hazırlığa aylar, illər lazım ola bilər. Məsələn, RF distant təhsilin yaradılmasına 5 il hazırlaşmışdır. "Tez yanan, tez sönər" deyiblər, tez, hazırlıqsız, tələm-tələsik yaradılan distant təhsil sistemi tez də çökər. Bu haqda düşünməyə 20 il vaxt var idi. Şəxsən mən müxtəlif KİV-lərdə 20 ildə 200 dəfə (son 7 ildə isə 70 dəfə) bu məsələni qabartmışam. Vaxtı ilə özünü eşitməzliyə, görməzliyə qoyan, özündən çox razı, təhsildən çox uzaq menecerlər indi 2 milyona yaxın şagird, tələbə və müəllimin başında dəlləklik öyrənirlər. Təhsil Nazirliyi deyəsən, özü bu dəfə diaqnostik qiymətləndirmədən keçə bilmədi.

- Dünya səviyyəsində distant təhsilə nail olmaq üçün nə lazımdır?

- Qloballaşma prosesləri artıq 30 ilə yaxındır ki, təhsildə də özünü göstərir. Son iki ayda bütün dünyada distant təhsil, onlayn təhsil ideyaları daha da aktuallaşdı. O, ölkələr ki, son 20- 25 il ərzində effektiv distant təhsil sistemi yarada bilmişdilər, həmən ölkələr problemsiz olaraq 3-4 gün ərzində bütün ölkə boyu təhsil sistemini onlayn təhsilə asanlıqla transformasiya edə bildilər. Hansı ölkələrdə ki, distant təhsil sistemi yox idi, bu ölkələr gec də olsa, nəhayət ki, bu barədə düşünməyə başladılar. Lakin artıq çox gecdir.

Normal şəraitdə distant təhsil sistemi qurmaq istəməyənlər (bunun əhəmiyyətini və zəruriliyini vaxtında düzgün qiymətləndirə bilməyənlər) və ya bacarmayanlar (səriştəsizlikdən və ya digər səbəblərdən) indiki şəraitdə, məktəblərin və universitetlərin bağlı olduğu, əhalinin karantin tələblərinə uyğun olaraq “evdə qal” rejiminə keçdiyi halda tələsik olaraq bunu necə edəcəklər? Buna illər və milyonlarla pul lazımdır. İqtisadi artım illərində bunu etmək istəməyənlər, iqtisadi böhran illərində görəsən buna pul tapa biləcəklərmi?

Beynəlxalq təcrübə göstərir ki, 10 fakultəsi və 20.000 tələbəsi olan universitetdə DT sistemini qurmağa 10 il vaxt, təxminən 20-30 milyon dollar pul lazımdır.

Təhsil Nazirliyi universitetlərə karantin dövründə distant təhsildən istifadə etməyi tövsiyyə edib, bu məqsədlə MİCROSOFT TEAMS proqramından istifadəni məsləhət bilib. İndi ölkə üzrə bütün universitetlərin rəhbərliyi və professor-müəllim heyəti evdə oturduğu, tələbələrin pərakəndə halda rayonlarda olduğu fövqəladə şəraitdə TN az vaxtda distant təhsil sistemi yaratmaq cəhdi yəqin ki, fiasko olacaq. AzTV-nin və votsapın köməyi ilə distant təhsil görüntüsü yaratmağa cəhd ediləcək yəqin ki. Ölkə səviyyəsində təhsilin informatlaşması ilə məşğul olan elmi-metodik-texniki quruma (Mərkəz) ehtiyac vardı. RF nəinki ölkə səviyyəsində, hətta universitetlər səviyyəsində 20 ildir ki, belə qurum - “Təhsilin İnformatlaşması” adlı institutlar fəaliyyət göstərir (hər biri 100-200 nəfər ştatla). Distant təhsil sistemi ölkə təhsilinin səviyyəsini göstərən mühüm indikatordur. Ali təhsili islahatlarının ikinci hərəkətverici qüvvəsi isə onun elmi təminatı yaradılmalı idi. Bu elmi təminat reallaşan ali təhsil islahatlarının beyin mərkəzi olmalı idi. Bu günə qədər bu mərkəzlər də yaradılmayıb. Ona görə də Boloniya prosesi 15 ildir ki, heç bir nəticə vermir. Bu gün distant təhsili olmayan universitet beynəlxalq təhsil məkanında ciddiyə alınmır.

- Təbii ki hamının evdə qalması ilə internet yüklənir və çökmələr, qırılmalar olur. İndiki internet sürəti ilə distant dərslər mümkündürmü?

- Bu gün mövcud olan İnternet sürəti ilə də distant təhsil sistemi normal işləyə bilərdi, əgər distant təhsil sistemi ümumiyyətlə ölkədə var yaradılmışdısa. Olmayan resursu İnternetə necə yerləşdirmək və transfer etmək olar? Hətta bu gün ölkə üzrə İnternetin sürəti 100 dəfə də artsa, yenə distant təhsilimiz olmayacaq, çünki bunu heç kəs yaratmayıb, yaradılmasına isə bundan sonra illər lazımdır. 90-cı illərin sonları, 2000-ci illərin əvvəlində İnternetin sürəti indiki ilə müqayisədə 10 dəfələrlə az idi. O vaxtlar artıq dünyada xeyli universitet DT sistemini qurmuşdu. O zaman distant təhsil video kontent əsasında yox, əsasən HTML səhifələr, keys texnologiyası və TV texnologiyası əsasında reallaşırdı. Buna İnternetin zəif sürəti də kifayət edirdi. Yəni distant təhsildə sürətdən çox, kontent vacibdir. Reallıqda isə DT sistemini yaratmağa bizə illər lazımdır. İndiyə kimi DT sistemi yox idisə və 20 il ərzində də olmayıbsa, indi fövqəladə şəraitdə az vaxtda bunu yaratmaq mümkün deyil.

- Bəzən təkliflər səsləndirilər ki, valideynlər özləri uşaqların evdə təhsili ilə məşğul olsunlar.

- Tövsiyə edərdim ki, şagirdlər müxtəlif internet resurslarından öz biliklərini zənginləşdirməyə çalışsınlar. Hərçənd Azərbaycanda bu resurslar və mənbələr də kifayət qədər deyil.

Valdeynlər indiki kurikulum sistemi ilə ayaqlaşa bilmirlər. “Valideyn evdə uşağını öyrətsin” deyirlər. Lakin, valideynin bildiyi dərs sistemi deyil bu. Öncələr orta məktəbi bitirənlər elm öyrənirdi, hər tərəfli şəxsiyyət olaraq yetişirdilər. İndi məktəb praktiki biliklərə sahib, məntiq yürüdən və səriştələrə malik, şəraitə tez uyğunlaşan fərdlər yetişdirir. Fərq böyükdür.

Rusiyada pullu resursları, onlayn kursları açıq elan ediblər. Bizdə isə onlayn kitabxana da düzgün işləmir. Girisən hansısa kitabı oxumağa, sadəcə kitabın mündəricatına baxa bilirsən, oxumaq üçün kitabxanaya getməlisən. Bunun nəyi onlayn kitabxana oldu? Təhsildə irəli getmək üçün dövrün tələblərinə uyğunlaşmaq şərtdir. Biz inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmalı, başqalarının keçdiyi yolu keçməliyik. Mən bunun şərtlərini 15 il əvvəl yazıb Təhsil Nazirliyinə vermişdim. 2005-ci idə "Azərbaycan Respublikasında Distant Təhsilin yaradılması və inkişafı strategiyası" və müvafiq 5 illik icra planı tərəfimizdən hazırlanıb TN-ə təqdim edilmişdir. Daha sonra 2010-cu ildə "Universitetlərdə DT yaradılması strategiyası" və müvafiq 5 illik icra planı tərəfimizdən hazırlanıb TN-ə verilmişdi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »