Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya virusdan ölənlərin gerçək sayını gizlətməkdə ittiham olunur

“Rəsmi göstəricilər İtaliyada koronavirusdan 13155 nəfərin öldüyünü deyir. Amma bu, əhvalatın bir hissəsini danışır. Çünki virusdan ölənlərin bir çoxu xəstəxanaya getməyib, heç test də olunmayıb”, - “The Wall Street Journal” belə yazır.

Bizimyol.info xəbər verir ki, ABŞ qəzeti İtaliyanı virusdan ölənlərin gerçək sayını gizlətməkdə ittiham edib. “The Wall Street Journal” maraqlı nüanslara toxunub: “Milandan bir saatlıq məsafədə yerləşən Kokkalyo şəhərindəki qocalar evi martda sakinlərinin üçdəbirindən çoxunu itirib. Ölən 24 nəfərdən heç biri koronavirus testindən keçməyib. Elə 38 sakinini itirən Lodi qocalar evində də belə olub”.

“The Wall Street Journal” iddia edir ki, İtaliya minlərlə ölüm sayını gizlədir. Kokkalyoda mer vəzifəsini icra edən Eucenio Fossati də təxminən bu fikirdədir: “Ölənlərin sayı rəsmi rəqəmlərdən daha çoxdur. Bunu ittiham adlandırmayın. İnsanlar ölüblər, amma heç vaxt testdən keçirilməyiblər”.

Qəzet virusa yoluxanların sayında da uyğunsuzluq görür. İtaliya Səhiyyə Nazirliyi yazı çapa gedənə qədər ölkədə 111 minə qədər virus daşıyıcısı olduğunu açıqlamışdı. “The Wall Street Journal” yazır ki, nazirlik yalnız xəstəlik simptomu göstərənləri testə cəlb edir. Nəşr virusun daha böyük kütləni əhatə etdiyini bildirir.

“Bu ilin martında Berqamo şəhərində 553 nəfərin öldüyü açıqlanıb. Bunlardan yalnız 201-i virusla əlaqələndirilib. Başqa səbəblərlə izah olunan 352 ölüm yetərincə böyük rəqəmdir. Keçən ilin martında şəhərdə cəmi 125 nəfər vəfat etmişdi”, - “The Wall Street Journal” maraqlı fakt ortaya qoyub.

Qəzetin mənbələri Berqamoda daha böyük faciə yaşandığını xəbər verir. Şəhərdə virusdan o qədər çox insan ölüb ki, meyitləri 40 boş kilsəyə yığmaq lazım gəlib.

Son xəbərlər
Bütün xəbərlər »