Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şərif Ağayar: “Həqiqətin özü də hardasa, şərti anlayışdır”

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı Şərif Ağayardır.

Onunla müsahibəni təqdim edirik.

- Kamyu deyirdi ki, sənət çörək arxasınca qaçsa, alçalacaq. Siz nə düşünürsünüz?

- Çörək də olmayanda sənətkar alçalır... Açığı özünü müdrikliyə qoyan belə damba-durumlu cümlələri sevmirəm. Bu məsələ postmodern epoxada ən düzgün yozumunu tapıb: həm sənət, həm kütlə! Dünyanın ən ağır, intellektual əsərlərindən biri olan “Gülün adı” roman-traktatı həm də bestsellerdir. Kamyu bir modernist kimi haqlıdır, amma bu fikir bizim zamanımızda tam olaraq keçərli deyil.

- Yazırsınız ki, çətinliklər insanın eybəcər yanları ilə yanaşı nəcib keyfiyyətlərini də üzə çıxarır. Bu baxımdan, bu gün dünyanı cənginə alan pandemiya insan amili nöqteyi-nəzərindən hansı mənzərəni ortaya çıxardı?

- Bu, əslində mənim fikrim deyil. Analoji məntiqi ortaya qoyan nə qədər əsərlər, filmlər, tamaşalar var. Pandemiya günlərində həkimlərin, polislərin fədakarlığını gördük. Biz evdəyik, onlar həyatlarını riskə atıb bizi əllərindən gəldiyi qədər təhlükədən qorumağa çalışırlar. Sosial şəbəkələrdə imkanı olmayan ailələrə yardım kampaniyaları keçirilir. Bu günlərdə belə bir ailəyə mən də müraciət elədim. Düzdür, elə geniş imkanım yoxdur, amma ən azı bir həftəlik ərzaq ala, yaxud dostlarımdan hansınasa aldıra bilərəm. Dedilər, bizə kömək olunub artıq. Bunu niyə dedim?

Feysbukda açıq bir polemikada mənə statusun kopiyasını atdılar, mən də açıq cavab vermək məcburiyyətində qaldım və məsələ sosiallaşdı. Fədakarlarla yanaşı fürsətçilləri, vəziyyətdən yararlanıb pul-para qazanmaq istəyənləri də görürük. Buna da əsəbiləşməyə dəyməz. Tarixin bütün dönəmlərində və dünyanın hər yerində belə hallar olub və olacaq.

- Belə bir fikir var: bütün insanlar orijinal doğulur, amma əksəriyyət kopiya olaraq ölür. Belə bir hal istər ədəbiyyat olsun, istər elm, istər media, istərsə də digər sahələr - mövcuddur. Niyə o əksəriyyət kopiyalamağa, belə desək, başqasının düşüncəsi ilə silahlanıb özünü gücləndirməyə meyllidir?

- Mən başqa cür ifadə etmişəm bu fikri. İki cür insan var: nəğməsi olanlar, nəğməsi olmayanlar. Nəğmə için barmaq izi kimidir. Heç vaxt təkrar və kopiya ola bilməz. Amma nəğməsi olan, lakin onu heç cür tapa bilməyib, başqa havalara oynayan insanlar da var. Belə adamlar nə həyatdan yarıyır, nə sənətdən. Siz deyən “ikinci əl” adamlar adətən nəğməsi olmayanlardır. Nəğmən yoxdur, amma oxumaq istəyirsən, məcburən kimisə yamsılayacaqsan.

- İndi kimi danışdırsan, həqiqət axtarışında olduğunu deyəcək. Amma o da qəribədir ki, tapdığı həqiqətlə qarşılaşanda da etiraz edir. Etiraz edəcəyini bildirdisə, onu nə üçün axtarırdı?

- Bizdə çox zaman gerçəkliklə həqiqəti, haqla-ədaləti qarışdırırlar. Gerçəklik həqiqət olmaya bilər. Eyni zamanda elə haqq var ki, təmin etsən, ədalətsizliyə yol verərsən. Bunlar çox incə məsələlərdir. Həqiqət axtarışı isə lap mürəkkəbdir. Çünki həqiqətin özü də hardasa, necəsə şərti anlayışdır. Misal üçün, azad olmaq çeçenlərin, ərazi bütövlüyünü və dövlət sərhədlərini qorumaq Rusiyanın həqiqətidir.

Mövlanədən bir pritça yadıma düşdü burda. Bir rahib həqiqəti axtara-axtara uzaq bir dağa gedib çıxır, orda, kahada həqiqəti çox eybəcər bir insan cildində tapır və təəssüflənir. Deyir, bəs gedib, məni gözləyən insanlara nə deyim? Həqiqətin cavabı belə olur: “Get onlara yalan de!”

Mənə görə, həqiqətin axtarışı onun özündən dəyərlidir. Maraqlı olan nəticə yox, prosesdir. Rahib həqiqətə rast gəlməsə, həyatı daha mənalı olacaqdı.

- Niyə bir çox insan öz dünyagörüşünün çərçivəsini dünyanın sərhədləri olduğunu düşünür?

- Başqa necə olmalıdır ki? Bir dəfə sosial şəbəkələrin birində dolma ilə bağlı mübahisə düşdü. Gördüm, adamlar bizim dolmanın müəllifliyi ilə bağlı beynəlxalq fəaliyyətimizi lağa qoyurlar. Onlara elə gəlir ki, bu, çox mənasız, hətta gülünc təşəbbüsdür. Amma görün, erməni yazar Arens Martrisyan ironik də olsa, bu məsələni necə dəyərləndirir: “Qarabağ mübahisəsi həll olunacaq, dolma mübahisəsi yox!”

Kulinariya bilirsiniz bir dövlətin, xalqın tanıdılması üçün nə deməkdir? Hardasa şəxsiyyət vəsiqəsi səviyyəsindədir. Bunu peşəkarlar yaxşı bilirlər.

Mən bir müddət YUNESKO-nun irs siyahısı üçün hazırlanan materialları redaktə etdiyim, həm də mədəniyyət sahəsində işlədiyim üçün bunu çox yaxşı bilirəm. O zaman bir status yazdım və bir analogiya apardım. Biz Gədəbəyə gedirik, ağacların dibi, daşların arası, çəmənlərin ortası ilə gecə-gündüz şırhaşır axan səsli-küylü, bol sulu dağ çayının qırağında oturmuş sadə bir kənd adamına yanaşıb deyirik ki, dünyada içməli su ehtiyatı tükənir. O, çox yəqin bizə güləcək. Necə yəni? Çaylar bütün günü boş-boşuna axır, lazımdır, gəlib aparsınlar.

Ancaq biz ona yerin su kütləsini, bu kütlənin neçə faizinin şirin, neçə faizinin acı olduğunu, eyni zamanda dünya əhalisinin sayını və bir insanın suya olan ehtiyacının illik miqdarını başa salsaq, üstəlik ekologiyanın çirklənməsi ilə əlaqədar şirin su kütləsinin faciəvi şəkildə azaldığını izah etsək, siz deyən çərçivə böyüyəcək, adam bizi anlayacaq.

Demək istəyirəm ki, daima oxumaq, öyrənmək, o çərçivəni böyütmək lazımdır. Yoxsa adamın başı getdikcə balacalaşar.

Son xəbərlər
Bütün xəbərlər »