Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video

"Ciddi sözümdür, camaat, maska almağa son qoyun!" - bu sözləri fevralın 29-da ABŞ-ın baş cərrahı Cerom Adams demişdi və bildirmişdi ki, başqalarını yoluxdurmasınlar deyə maskanı xəstələr taxmalıdırlar. İndi Adams özü tənqid obyektidir. Çünki artıq ölkədə kimin xəstə, kimin sağlam olduğu bilinmir və belə vəziyyətdə hamının maska taxması lazımdır ki, xəstələrin ağız suyu ətrafa yayılmasın.

Hazırda ABŞ-da bir çox tanınmış həkimlər və vəzifəli şəxslər sərt tənqidin hədəfinə çevriliblər. Səbəb odur ki, onlar pandemiyanın başlanğıcında insanları maska taxmaqdan çəkindiriblər. Bəzi vəzifəli həkimlər mətbuata etiraf ediblər ki, onlar maska qıtlığından qorxduqları üçün əhalini maska almaqdan çəkindiriblər. Yəni sən demə, ABŞ-da hökumət əhaliyə "panikaya düşməyin" deyə çağırışlar edərkən, özü panikada imiş.

İndi isə məlum olur ki, hamı məcburi qaydada maska taxmayınca karantin tədbirləri lazımi nəticəni verməyəcək. Karantin ən yaxşı halda yoluxma dinamikasını bir qədər azaldacaq, karantin şərtləri yumşalan kimi yenidən pandemiya sürətlənəcək. Dünya isə karantində çox qala bilməz, əks halda iqtisadi durğunluq, ardınca yoxsulluq, aclıq, səfalət və daha qorxulu xəstəliklər gələcək. Ya vaksin və ya dərman tapılmalı, ya da bütün hökumətlər Çində olduğu kimi qəti qərarlar verməlidirlər.

Maska niyə vacibdir...

Hələ də maskanın əhəmiyyətini başa düşməyən və ya pandemiyanın miqyasını dərk etməyən şəxslər tapılır. Onların arqumenti budur ki, maska sağlam adamı qoruya bilmir. Müəyyən həqiqət var bu fikirdə. Məsələn, sən sağlam adamsan, maska taxıb evdən çıxmısan, maska taxmayan bir virus daşıyıcısı ilə söhbət edirsən, yaxud o şəxs sənin yaxınlığında asqırır və ya öskürür, bu zaman virus onun ağzından su damcıları kimi çıxır və sənin maskanın üzərinə düşür. Maska o su damcılarının qarşısını alacaq, amma quruyandan sonra siz maskanın arxasından nəfəs alaraq virusu çəkib nəfəs yoluna salacaqsınız.

İndi isə təsəvvür edin ki, xəstə adam maska taxıb, maskanın arxasından danışır, öskürür və ya asqırır - ağzından çıxan su damcıları maskanın arxasında qalır, quruyandan sonra da öz virusları öz maskasında ilişir, ətrafa yayılmır.

Elə buna görə də virus yeni yayılmağa başlayanda həkimlər deyirdilər ki, maskanı yalnız xəstələr və onlarla ünsiyyətdə olmuş adamlar taxmalıdırlar. İndi isə pandemiya elə həddə gəlib çatıb ki, küçələrdə kimin xəstə, kimin sağlam olduğu bilinmir. İnkubasiya dövründə xəstəliyin heç bir əlaməti olmur, viruslu adamın özü də öz xəstəliyindən xəbərsiz olur, maska taxmadan evdən çıxır, məsələn, avtobusda asqırır və ya öskürür, ya da ağzı tutacağa yaxın olduğu halda söhbət edir. Ya da mağazada vitrinin qarşısında eyni hərəkətləri edir. Yaxud lap elə küçədə heç kimin olmadığı ərazidə asqırır və divarları, səkini virusa bürüyür. Bu yolla da onlarla adamı yoluxdura bilir.

Beləcə, hazırda xəstələrin kimliyini çevik şəkildə müəyyən etmək mümkün olmadığına görə, hamının maska taxması zərurəti yaranır ki, gizli xəstələr də məcbur olub maska taxsınlar və ağız suyunu ətrafa dağıtmasınlar.

Alimlər nə deyir...

Epidemiologiya professoru və maska tədqiqatçısı Ben Koulinq ABŞ baş cərrahının çağırışını "anlaşılmaz mesaj" adlandırıb.

Digər bir alim Ceremi Hovard isə sosial şəbəkələrdə #masks4all (hamı üçün maska) haştaqı ilə çıxış edib. O, kütləvi maska istifadəsindən çəinməyə yönəlik çağırışları hökumətin ən böyük səhvi adlandırıb.

Həmçinin bu günlərdə Çinin vəzifəli alimlərindən olan Corc Qao da Avropanın ən böyük səhvini insanların hamılıqla maska taxmaması ilə izah etmişdi.

Epidemioloq Elen Şuo Fenq deyir ki, Uhanda epidemiya başlayanda o, təxminən 1000 kilometrlik məsafədə yerləşən Tyançin şəhərində imiş. Uhandan uzaqda olsa da, hamı dərhal maska taxmağa başlayıb. Oksford Universitetində tədqiqatçı işləyən Fenq sonradan Böyük Britaniyaya gəlib və burada tək-tük adamın maska taxdığını görüb. İndi Fenqin fikrinə görə, Avropada virusun belə sürətlə yayılmasının başlıca səbəbi də elə budur.

Artıq Çexiya, Bosniya-Herseqovina və Slovakiyada evdən çıxan hər kəs maska taxmalıdır. Digər ölkələrin də tez-gec bu qərara gələcəyi qaçılmaz görünür.

Maska qıtlığını necə aradan qaldırmalı...

Bütün bunlardan sonra ortaya təbii bir sual çıxır: Maskanı necə əldə etməli? Dünyanın hər yerində maska qıtlığı yaşanır. Hər gün Avropada maska qaçaqmalçıları yaxalanır. ABŞ və Avropada aptek işçilərinin də maskaları gizlədib özləri və qohumları üçün saxlaması halları çoxalıb. Eyni fikir dərmanlara da aiddir. ABŞ-da virusun müalicəsində effekt verə biləcəyi deyilən dərmanlar apteklərdən dərhal yoxa çıxmışdı. Sonradan məlum olmuşdu ki, ABŞ-ın bir çox apteklərində elə işçilər o dərmanları alıb özləri və qohumları üçün saxlayıblar.

Ona görə də hazırda "niyə maska yoxdur" deyə sualları və ittihamları bir kənara qoyub çıxış yolları barədə fikirləşmək lazımdır.

Azərbaycanda pandemiyaya qarşı tədbirlər göstərdi ki, hökumət konkret nəticələrə nail olmaq üçün bütün tədbirlərə hazırdır. Karantin tədbirləri ilə yanaşı, sosial-iqtisadi zərbələri də yumşaltmaq üçün tədbirlər planı hazırlanıb. Bu baxımdan ölkədə maska qıtlığının aradan qaldırılması və maska taxılmasının hamı üçün məcburi qaydaya çevrilməsi üçün də hökumət çevik qərarlar verə bilər.

İlk növbədə sahibkarları bu işə cəlb etmək olar. Maska istehsalı kifayət qədər sadə, daha doğrusu, primitiv prosesdir. Dövlət maska istehsal edən sexlərdən o məhsulları satın alıb apteklərdə satışa çıxara bilər. Bu halda kimsənin xeyriyyəçilik etməsinə ehtiyac yoxdur. Qoy, sahibkarlar bu işdən qazanc götürsünlər. Əgər onların maska istehsal edib qazanması, xalqın və hökumətin maraqları ilə üst-üstə düşürsə, niyə də qazanmasınlar. Həmçinin İqtisadiyyat Nazirliyi də bütün tikiş sexləri və fabriklərinin çevik şəkildə profilini dəyişib maska istehsal etməsinə şərait yarada bilər. Bu işdə dövlət tərəfindən maliyyə dəstəyi də verilə bilər.

Amma bu problemin ən sürətli həlli maskaların evdə kustar qaydada hazırlanmasıdır. ABŞ-da və Avropada da artıq bununla bağlı çağırışlar artmağa başlayıb.

İndiki halda maskalar xəstə adamların ağız suyunun ətrafa dağılmasını önləmək üçündür. Bu baxımdan belə maskaların xüsusi tibbi tələblərə və keyfiyyət standartlarına cavab verməsi o qədər də vacib deyil. Maskanın evdə hazırlanması üçün istənilən parça, hətta istifadəsiz köynəklər də yarayar. Həmçinin maskaları salfet kağızlarından da hazırlamaq olur.

Belə maskaların hazırlanması ilə bağlı videotəlimatlar yaymaq lazımdır ki, adamlar o təlimatlara baxıb evdə özləri maska hazırlaya bilsinlər. İlkin nəticələr alınandan sonra ictimai yerlərdə maska taxılmasını məcburi qayda olaraq qüvvəyə mindirmək olar.

Bu halda heç kim bəhanə edə bilməz ki, mən maska tapa bilmirəm. Hər birimizə aydındır ki, belə sadə bir şeyi istənilən adam hazırlaya bilər. Yetər ki, ağız və burun boşluqlarını örtsün və gizli xəstələrin virusları o maskaların arxasında qalsın.

Yeri gəlmişkən, Youtube şəbəkəsində də evdə maska hazırlamağın qaydaları ilə bağlı çoxlu materiallar var. Yotube-da " make mask at home" sözlərini axtarışa verin, yüzlərlə videomaterial tapacaqsınız. Birini də biz paylaşırıq. Bu videoda hətta parçadan da istifadə olunmur. Adi salfet və kağız parçasından maska hazırlamaq olur. Bu maskalar ən azı xəstələrin ağız suyunu əngəlləməklə ətrafdakıları qoruya bilər.

"Bizim Yol"

Son xəbərlər
Bütün xəbərlər »