Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: Orta perspektivdə inflyasiya və devalvasiya qaçılmazdır

“Seçim aydındır: qısa perspektivdə bizi ciddi bahalaşma və devalvasiya gözləmir. Əvəzində isə işsizlik, iş yerlərinin bağlanması, qıtlıq, xaricdən idxalın kəskin azalması qaçılmazdır”.

Bu proqnozlar Bizimyol.info-ya açıqlama verən iqtisadçı Qaşqay İsmayıla aiddir. Qaşqay İsmayılın yaxın gələcək üçün iqtisadi görüşlərini nikbin adlandırmaq olmaz. O, qarşıda bizi işsizlik və devalvasiya dalğasının gözlədiyini düşünür.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

“Dəfələrlə qeyd etdiyimiz kimi, hökumət neftin ucuzlaşmasıyla bağlı iki seçim qarşısında idi. Ya kəskin devalvasiyaya getməli, yaxud da ölkədəki iqtisadi aktivliyi məhv etməliydi. Üstəlik nəzərə alınmalıdır ki, ikinci seçim birincini inkar etmir, yəni ölkədəki iqtisadi aktivliyin məhvi labüd devalvasiyadan sığortalanmaq mənasını vermir. Artıq nüfuzlu Moody’s agentliyi də bununla bağlı mövqeyini bildirib. Agentlik qeyd edir ki, “koronavirusun yayılması və bunun qarşısının alınması üçün Azərbaycan hökumətinin indiyədək görünməmiş sərt tədbirləri iqtisadi aktivlik üçün dağıdıcı təsir göstərəcək. Neftin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə aldıqda isə, neftin ucuzlaşması ilə bu şoklar daha da dərinləşəcək. Moody's hesab edir ki, koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər kiçik və orta biznesə, eləcə də, virusun daha çox təsir göstərdiyi sahələrdə çalışan şəxslərə də təsirini göstərəcək. Bura qeyri-ərzaq pərakəndə ticarəti, ictimai iaşə, nəqliyyat, turizm və sair sahələr aiddir.” Beləliklə seçim aydındır: qısa perspektivdə bizi ciddi bahalaşma və devalvasiya gözləmir. Əvəzində isə işsizlik, iş yerlərinin bağlanması, qıtlıq, xaricdən idxalın kəskin azalması qaçılmazdır. Lakin bir daha təkrarlayırıq, bütün bunlar devalvasiyanın və inflyasiyanın orta perspektivdə baş verəcəyinin qarşısını almayacaq. Sadə dildə desək, əvvəlcə iqtisadi vəziyyət kəskin pisləşəcək, sonra isə devalvasiya baş verəcək”,- deyə Qaşqay İsmayıl vurğulayıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »