Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda otel və hostellərin sayı artırılmalıdır"
Göydəniz Qəhrəmanov: "Yaxşı turizmçi olmaq üçün ilk növbədə Vətəni sevmək lazımdır"

"Devalvasiyanın Azərbaycanda turizm sektoruna faydası dəydi"

Müasir dövrdə turizm industriyasının inkişafı xeyli sürətlənmiş və bu sənaye sahəsi hal-hazırda gəlir əldə etmə funksiyasına görə faktiki olaraq, neft sənayesinə alternativ ola biləcək yeganə sahə kimi qiymətləndirilir. Ekoturizm sahəsi Azərbaycan üçün xüsusi bir əhəmiyyət daşıyır.

Ekoloji turizm 1990-cı ildə rəsmi status aldı və bununla da özünün illik beynəlxalq "Annual World Congress on Adventure & Ecotourism" simpoziumunu keçirmək hüququna malik oldu. Ekoloji turizm anlayışı ilk dəfə meksikalı iqtisadçı Hektor Seballos-Laskurya tərəfindən təklif olunub. Onun fikrincə, ekoloji turizm səyahət və təbiətə qayğı ilə yanaşmanın vəhdətini bildirir, flora və fauna nümunələrinin mühafizəsinə köməklik göstərməklə onlarla tanış olmaq və onları öyrənməyin sevincini birləşdirməyə imkan verir. Ekoturizm və ya ekoloji turizm - məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha da dərindən maraqlanmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Ekoturizm həm təbiətin qorunmasına, həm də çiçəklənməsinə gətirib çıxara bilər. Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir. Azərbaycanın gözəl təbiəti, mülayim iqlimi ölkədə ekoturizmin inkişafına yaxşı şərait yaradır. Dünyanın istənilən nöqtəsində Qafqazdan, xüsusilə də Azərbaycandan söz düşəndə, ən çox danışılan mövzu onun təbiəti, yeraltı və yerüstü sərvətləri olur. Vətənimiz Azərbaycan Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim mədəniyyətə, Avropada ən zəngin bioloji müxtəlifliyə malik olan ölkələrdən biri olaraq fövqəladə əhəmiyyətli təbii irsə malikdir.

Bugünkü müsahibimizlə, Azərbaycan turizm Assosiasiyasının idarə heyətinin üzvü Göydəniz Qəhrəmanovla ölkəmizdə turizmin inkişafı, ekoturizm, şəfaverici təbii qaynaqlarımız və onlardan turizm sahəsində istifadə məsələləri barədə danışırıq:

- Göydəniz bəy, ölkəmizə gələn turistlərin arasında təbiət qoynunda çadırlarda gecələməyə üstünlük verənlər olurmu? Məhz Azərbaycanın təbiətini görmək üçün gələn əcnəbilər varmı?

- Bəli, belə turistlər də olur. Bu sahəni əsasən macəra, səyahət etməyi sevən, əlində bir çantayla səyahət edən turistlər seçirlər. Onlar adətən qrup şəklində deyil, tək səyahət edir, olduqları ölkələrin insanları ilə daha sıx təmas quraraq yerli mədəniyyəti də öyrənməyə çalışırlar.

- Son illərdə ölkəmizə turist axınının artması müşahidə olunur…

- 2003-cü ildən bu sahədəyəm. O zaman bu sahədə ən çox 30-40 şirkət olardı. Amma indi qeydiyyatda olan təxminən 1000 şirkət var və bunların real olaraq ən az 500-ü fəaliyyət göstərir.Yəni ölkədə bu sahə üzrə nə qədər çox şirkət olarsa, ölkəmizə gələn turistlərin sayı daha çox olar, bu da ölkənin xeyrinə olar. Mən hər bir halda sağlam rəqabətin tərəfdarıyam.Turizm Azərbaycanda peşəkarcasına hardasa 20 ildir fəaliyyət göstərir. Əvvəlki illərdə azərbaycanlıların özləri də xaricə getməyə o qədər həvəsli deyildilər. İnsanlar öz divarları arasında yaşamağa alışmışdılar. İndisə insanlar bayramları, tətilləri gözləyirlər və xaricə səfərlər artıq qeyri-adi hal sayılmır. Həmçinin dövlət başçısının əcnəbi turistlərə viza ilə bağlı proseslərin asanlaşdırılması ilə bağlı verdiyi göstəriş də turizmin inkişafına xidmət etdi. İnsanlar əsasən səfər edərkən sənədləşmə barəsində əziyyət çəkməyəcəkləri ölkələri seçirlər. Bu çox önəmlidir. Elektron şəkildə vizaların alınması, infrastruktrun inkişaf etdirilməsi, həmçinin regionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi, eləcə də keçirilən böyük miqyaslı beynəlxalq tədbirlərin hamısı əslində Azərbaycanın reklamıdır. Biz əvvəlki illərdə hansısa xarici tədbirlərdə olarkən ölkəmizi tanıtmaq üçün Rusiya, Türkiyə kimi çox tanınan dövlətlərlə qonşuyuq deyirdiksə, indi Azərbaycan, Bakı deyən kimi hər kəsin üzündə xoş bir təbəssüm yaranır. Bizim ölkəmizi tanıdıqlarını, bəyəndiklərini, Avroviziya, Avropa Oyunlarının keçirildiyi ölkə olaraq tanıdıqlarını bildirirlər. Bu çox qürurverici haldır və insana sevinc bəxş edir. İndi ölkəmizə bir dəfə gələn turist ikinci dəfə gəlmək istəyir. Bizim mətbəximiz, mədəniyyətimiz, insanlarımızın mehribanlığı və ölkədə kriminal vəziyyətin çox yaxşı halda olması əcnəbilərin gəlməsinə gözəl şərait yaradır. Bizimlə əlaqə saxlayan hər hansı turistlərə deyəndə ki, siz hətta gecə saat üçdə də çıxıb şəhərdə rahat gəzə bilərsiniz və sizin üçün heç bir problem yaranmayacaq, onlar heyrətlənirlər. Həmçinin ölkəmizdəki tolerant mühit bura istər Şərqdən, istər Qərbdən turist axınının olmasına şərait yaradır. Bura ailəvi gəlmək istəyirlər. Son illər ölkəmizə ərəb turistlərin daha çox gəlmələrində də bu səbəb var. Bizim ölkəmiz onlar üçün həm Avropadır, həm də Şərq. Burda halal mətbəx var, ailəvi istirahət etmələri üçün imkanlar var və min illik ortaq islam mədəniyyətimiz var.Gördüyümüz iş havaya getməyəndə ölkəmizdən gedən turistlərin haqqımızda xoş rəy söylədiklərini eşidəndə bir insan və vətəndaş olaraq bizə də xoş olur.

- Bildiyimiz kimi, gələn turistlərlə əsas əlaqəni bələdçilər qururlar. Ölkəmizdə hər kəs bələdçi işləyə bilər, bunun üçün hər hansı bir maneə yoxdur.

- Bu, əslində bir qədər hüquqi cəhətdən öz tənzimini tapmalıdır. Doğrudan da ölkəmizə gələn turistlərə bizim haqqımızda ən vacib məlumatları onlar ötürürlər. Lakin nə dərəcədə savadlıdırlar, hansı səviyyədə ünsiyyət qura bilirlər, məlumatlıdırlar, bunu biz bilmirik. Onlar hətta yalan informasiya versələr belə, kimsənin xəbəri olmaz. Türkiyədə bu işə nəzarət edən turizm polisləri var.

-Ekoturizmin inkişafı üçün hostellər də vacib amildir. Yəni təbiət qoynunu seçən turist üçün beşulduzlu otel yox, daha az büdcə tələb edən hostellər də maraq doğura bilər. Eyni zamanda truristlərin hostellərdə başqa insanlarla tanış olub onlardan maraqlı informasiya almaq imkanları da olur.

-İndi Azərbaycanda özəl hostellər açılmaqdadır. Hətta bizə müraciət edənlər olur, soruşurlar ki, evimiz böyükdür, hostel açsaq gəlir əldə etmək olarmı.

Mənim fikrimcə, bu da lazımdır. Əsas odur ki, qanuna uyğun fəaliyyət göstərilsin. Servis yüksək olsun, təmiz olsun, ki, gedən turist bir daha gəlmək istəsin. Getdiyi ölkədə dostlarını, qohumlarını bura gəlməyə təşviq etsin. Bu məsələyə vətənpərvər yanaşmaq lazımdır. Vətənimizi nə qədər gözəl tanıtsaq, xaricdə üzümüz o qədər ağ olacaq. Düşünürəm ki, ümumiyyətlə ölkəmizdə otel və hostellərin sayı artırılmalıdır. Buna ehtiyac var. Çünki turizm sahəsi yüksək inkişaf mərhələsindədir.

- Turizm sektorumuzu Gürcüstanla müqayisə edib qonşu ölkəyə qibtə edirlər. Niyə belədir, təbiətimiz, sərvətlərimiz ki, bu ölkədən geri qalmır?

- Bu bəlkə də əvvəllər belə olub, amma son iki il ərzində böyük fərq qalmayıb. Devalvasiyanın Azərbaycanda turizm sektoruna faydası dəydi. Əvvəllər 100 dollar 78 manat idi, indi 100 dollar 170 manatdır. Bu da əcnəbi turistə böyük rahatlıq verir.

- Ölkəmizdə ekstremal idman turizmi varmı, məsələn raftinq, dağadırmanma?

- Dağadırmanma idman növünə turistlər böyük maraq göstərirlər. Ən çox da Şah dağ ərazisində. Bura həm yerli əhali, həm də xaricilər böyük həvəslə gəlirlər. Qış aylarında xizək idmanı da bu kompleksdə inkişaf etdirilib, bunun üçün yüksək səviyyəli infrastruktur yaradılıb.

- Bəs tibbi turizm barəsində nə deyə bilərsiniz? Azərbaycanın təbiətində Naftalan, Naxçıvanın Duz dağ mağarası, Qızıl qum, müxtəlif şəfalı mineral sularımız, Altay marallarının yetişdirildiyi Altıağac sanatoriyamıza yetərli sayda turist marağı varmı?

- Bəli. Ölkəmizin çox gözəl, şəfalı sanatoriyaları var. Mən özüm də uşaq olarkən Naxçıvanda Duz dağında müalicə almışam. O sanatoriyanın sayəsində valideynlərimin dediyinə görə, məndə olan allergiya tamamilə sağalıb. Qeyd edim ki, bu gün ölkəmizə müalicə almaq üçün üz tutan turistlərin sayı da həddən artıq çoxdur. Naftalanda istifadəyə verilən beşulduzlu otellər yüksək səviyyədədirlər və boş yer tapmaq demək olar mümkün deyil.

- Abşeronda palçıq vulkanlarının yerləşdiyi əraziləri NASA Marsın səthinə bənzətmişdi. Bura turistlərin marağını cəlb edirsinizmi?

- Ümumiyyətlə ölkəyə gələn turistlərə təşkilatçı şirkətlər müxtəlif proqramlar təklif edirlər. Qrup və ya tək şəkildə gələn turistlər getmək istədikləri yerləri bildirərlərsə, onlara bu imkan yaradılır.

- Bizdə məhz ölkəmizə xas bir atributun dünyaya tanıdılaraq brend olmasına çalışırlarmı? Bu təbii sərvətimiz də ola bilər, milli bayramımız, ənənəmiz də…

- Bəli. Məsələn, Novruz bayramında çox güclü turist axını olur, xüsusən İrandan. Ölkəmizdən kənarda yaşayan azərbaycanlılar bu bayramı Bakıda keçirmək üçün təşrif buyururlar. Mürəbbə, nar bayramları keçirilir, Novruz qədər səs küylü olmasa belə, bu da müəyyən marağa səbəb olur .

- Sizinlə söhbətdən öncə redaksiyamıza müraciət etmiş gənc bir izləyicimizin verdiyi sualı sizə yönəltmək istəyirəm.Turizm sektorunda çalışmaq üçün nə etmək lazımdır?

- Bunun üçün ilk növbədə Vətəni sevməlisən, hər şey pulla ölçülmür. Elə şeylər var ki, onu ölkəni sevmədən bacarmaq mümkün deyil. Vətəninə məftunsansa, gələn qonağına ölkənin ən gözəl yerini göstərəcəksən. Çünki turist sənə inanır, sənə güvənir. Sən nə təklif etsən, ona "hə" deyir.

İlhamə RƏsulova

Son xəbərlər
Bütün xəbərlər »