Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlətdən vətəndaşa 2,5 milyard manat

Əhaliyə və sahibkarlara dəstək proqramlarında nələr var?

Dünən bütün ölkənin - əhalinin və sahibkarların gözlədiyi xəbərlər gəldi. Əvvəlcə, Prezident İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul etdi. Qəbul zamanı həm Prezidentin çıxışında, həm nazirin məruzəsində son dövrlərdə həm COVİD-19 yeni tipli koronavirus pandemiyasının, həm dünya bazarında neftin ucuzlaşmasının iqtisadiyyata, həm əhalinin həyatına mümkün mənfi təsirlərinin azaldılması ilə bağlı əsaslı fikirlər və maraqlı mesajlar vardı.

Prezident və nazir

Təmkinli duruş, sağlam yanaşma: postpandemiya dövrünə baxış

Prezident əvvəlki çıxışlarında dediyi fikirləri bu dəfə də əlavə arqumentlərlə əsaslandırdı. İlin əvvəlində iqtisadiyyatda müsbət meyllərin artan xətlə davam etdiyini, bunun da ili daha böyük uğurlarla başa vurmağa əsaslar yaratdığını dedi. Dövlət başçısının gətirdiyi rəqəmlər – pozitiv dinamika da bundan xəbər verirdi. Ancaq Prezidentin özünün də qeyd etdiyi kimi, yuxarıda göstərdiyimiz iki fərqli, ancaq dünya çapında iqtisadi-maliyyə böhranlarını şərtləndirən fors-major üzündən 2020-ci ilin əvvəlindəki dinamikanı saxlamaq çətin olacaq. Əlbəttə ki, hər bir biznes, əmək, xidmət kontraktlarından tutmuş dövlətlərarası, hökumətlərarası müqavilələrə qədər bütün razılaşma sənədlərində belə fors-major situasiyalar nəzərə alınır. Yəni gözlənilməz çətinliklərin, sıxıntıların ortaya çıxa biləcəyi əvvəlcədən hesablanır. Bu, sadə insanların, ailələrin həyatında da baş verən hallardır; heç kimin belə arzuolunmaz vəziyyətlərə düşməyəcəyinə təminatı yoxdur. İstənilən sıradan bir vətəndaşdan tutmuş hətta ən qüdrətli dövlət maşınına qədər hər kəsin böhranlarla üzləşməsi mümkündür. Mühüm olan, mümkün böhranların nəticələrinə qarşı sığortanın olması və böhranın necə idarə olunmasıdır. Koronavirus olayında da bu, özünü göstərir. Prezidentin sərəncamı ilə yaradılmış işçi qrupunun rəhbəri kimi nazir Cabbarovun təqdimatında da, Prezidentin bu məruzəyə verdiyi şərhlərdə, apardığı qiymətləndirmələrdə - qəbul olunan qərarlarda həm böhranlı situasiyaya təmkinli duruş, həm də onun real və potensial mənfi fəsadının azaldılması baxımından sağlam yanaşma özünü göstərirdi. Heç kim belə vəziyyətlərin fəsadsız ötüşəcəyini deyə bilməz. Bu, məntiqə və sağlam düşüncəyə ziddir. Ancaq mümkün qədər az itki ilə çıxaraq postpandemiya dövründə itkilərin yerini doldurmaq üçün ağıllı və uzaqgörən strateji xəttin seçilməsindən söhbət gedə bilər.

İki fərqli pasiyent eyni cür müalicə olunmur

Dövlət hüquqi və mənəvi məsuliyyəti altında olan ölkənin - əhalinin, iqtisadiyyatın təkcə pandemiya dövründə deyil, ondan sonrakı dövrlərdə də mümkün risqlərdən qorunması üçün addımlar atır. Bu addımların şərhinə keçməzdən əvvəl bəzi fikirlərə də nəzər yetirək. ABŞ-ı, Avropa ölkələrini və başqa dövlətləri misal gətirərək onların qəbul etdiyi qərarların, atdıqları addımların Azərbaycanda da təkrarlanması və sair bu kimi təkliflər irəli sürənlər olur. Buna Prezident İlham Əliyev dünən cavab verdi; bütün ölkələrdə epidemioloji vəziyyət, risqlər və imkanlar fərqli olduğu halda hamısında bundan çıxış yolu da eyni ola bilməz. Yenə də sıradan insanları misal gətirək. Hətta eyni xəstəlikdən əziyyət çəkən iki pasiyentin hər ikisinin diaqnostikası eyni nəticələri göstərməyəcək. Və təbii ki, onların hər ikisinə eyni resept də yazılmayacaq. Bu, təkcə pandemiyaya aid deyil. İki fərqli problemə eyni həll yolu tapa bilməzsən. İstənilən halda biri yanlış olacaq. Problemin və onun həlli yollarının sadələşdirilmiş olması heç də yaxşı bir yerə gətirmir; bir çoxları dövlətin dəstəyini əhalinin hər bir nəfərinə bəlli məbləğdə pul paylamağa qədər bəsit yanaşma sərgiləyir. Halbuki, bu, dövlətin bütöv və sistemli dəstək paketinin bir hissəsi ola bilər. Təkcə əhaliyə pul paylamaqla problemi aradan qaldırmaq olmaz, gərək iqtisadiyat işləsin ki, dövlətin, eləcə də, biznesin dəstəyi davamlı olsun. Yenə də Prezidentin dediyi kimi, hələ bu hadisələrin nə ilə nəticələnəcəyi məlum deyil. Dünyanın ilk 7-liyində, hətta ilk üçlüyündə olan dövlətlər belə bu pandemiyanın fəsadları ilə mübarizədə böyük, bəzən isə ağlagəlməz çətinliklərlə qarşılaşırlar. Dünyanın ən qüdrətli dövlətlərinin səhiyyə sistemləri belə bu fəsadların qarşısında tab gətirə bilmir. Bir insanın cibində məbləğindən asılı olmayaraq nə qədər pulu olursa-olsun, əgər onu istehlaka yönəldəcəksə - olar-olmaz ehtiyaclarına xərcləyəcəksə, mayadan yeyib əvəzində bu məsrəflərin yerini dolduracaq qazanc mənbəyi tapmayacaqsa və ya özü yaratmayacaqsa, o məbləğ əriyib bitəcək, arxası gəlmədiyindən insan çox çətin duruma düşəcək. Ölkəni də, onun əhalisini də bir insan örnəyində düşünək; iqtisadiyyat daha işlək hala çıxarılmasa (hətta ən dağıdıcı böhranlar həm də yeni inkişaf fürsətləri açır), ölkənin inkişafının yeni formatı, yeni mexanizmləri tapılmasa, indiyədək toplanmış ehtiyatların əridib sonunda hər şeyi itirmək təhlükəsi də var. Ona görə Prezidentin çıxışlarında da, nazir Cabbarovun Azərbaycan Dövlət Televiziyasnda da şərh etdiyi dövlət dəstəyi proqramları da həm yaranmış vəziyyətin özünə, həm burdan çıxış yollarına ayıq baxış üzərində qurulub. Bu proqramların şərhinə keçməzdən əvvəl onu da vurğulayaq ki, Azərbaycanda seçilmiş strategiya cəmiyyətdə xüsusi qorxu, təlaş yaratmadan, vəziyyətə adekvat olaraq, kiçik (optimal inervallı) mərhələlərlə bu böhran ilk gündən bu günə idarə olundu. Ancaq eyni zamanda dövlət əhalidən real və potensial təhlükəni də gizlətmədən yol gedir; əgər vətəndaşlar və iqtisadi subyektlər qoyulan zəruri məhdudlaşdırıcı qaydalara, özünüizolyasiya tədbirlərinə əməl etməsə, vəziyyətin nəzarətdən çıxa biləcəyini, İtaliyada, İspaniyada və başqa ölkələrdəki kimi durumların yaranacağını açıq və net bəyan edir. Dövlətin bir az əvvəl haqqında bəhs etdiyimiz dəstək proqramları əhalini və iqtisadiyyatı qorumaqdırsa, hər bir fərdin də özünü mümkün yoluxmalardan bacardıqca sığortalama kimi bir borcu var (ən azı özü və ailəsi qarşısında). Çünki bütün insanlar bu pandemiya adlı bir kəndirə bağlanıb; birinin ayağı büdrəyəndə başqasını (başqalarını) da özü ilə uçuruma sürükləmiş olacaq. Bu səbəbdən dövlət necə diqqətli, ehtiyatlı və eyni zamanda təmkinli və qərarlıdırsa, hər bir insan da belə davranacaq. Dövlətlə unison, sinxron olacaq; onun qoyduğu qaydalara əməl edəcək. Bu qədər sadə.

Dövlətin dəstək mexanizmlərinə gələk. Bəli, iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində bu paketi geniş şərh edib. Onun sözlərindən məlum olub ki, işçi qrupu bu məqsədlə 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələr dəqiqləşdirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bunların təsnifatı qurulub: ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Bir az əvvəl dediyimiz məntiqlə yanaşmadır; ola bilməz ki, qazancı çox olan adama da, az qazanana da, heç qazanmayana da eyni həcmdə dəstək olunsun. Bəli, ümumilikdə, Azərbaycan miqyasından yanaşanda 2,5 milyard manatlıq dəstək sistemi böyük mexanizmdir. Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir. Nazirin də dediyi kimi, iqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb. Həm də nazirin: “Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar” sözləri bu dəstəyin özünün də islahatlara söykəndiyini və onları təşviq etdiyini göstərir. Yəni çətinə düşən iqtisadiyyata maliyyə donorluğu eyni vaxtda onun sağlamlaşdırılmasına, özünün özünə dəstək verəcək duruma gəlməsinə yönəlib.

300 mindən çox işçinin əməkhaqqının bir hissəsini dövlət ödəyəcək

Bunlar çox geniş proqramlardır. Onlardan biri 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi odur ki, belə böyük sayda işçilərin əmək haqqının əhəmiyyətli hissəsini dövlət ödəyəcək. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu – yarısına qədərini təşkil edir. Kifayət qədər böyük və təsirli dəstəkdir; hər çalışanın ailə üzvlərini nəzər aldıqda, bu, ən az 1 milyondan çox insanı maddi təmin etmək demək olacaq.

Biznesə dəstək 600 minə yaxın insanı sevindirəcək

Nazirin açıqlamasından məlum olur ki, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və Mall-lar, əyləncə, nəqliyyat və s. sahələrdir (bu sahələr barədə detallı məlumatlar yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlanacaq). Həmin sektorlarda olan şirkətlərdə muzdlu işçi kimi çalışan hər bir vətəndaş bu proqramla əhatə olunacaq. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada güzəştlərin tətbiqində 70%-lik dəstək tətbiq ediləcək. Proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat olub. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir. Orta aylıq əmək haqqı maksimal hədd kimi götürülüb. Burada yanaşma ondan ibarətdir ki, əgər hər hansı işçi orta aylıq əmək haqqından çox əmək haqqı alırsa, onun belə bir dəstəyə ehtiyacı daha aşağı əmək haqqı alana nisbətən fərqlidir. Yuxarı əmək haqqı alan muzdlu işçilər əsasən minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrdə cəmlənib. Bunlar, məsələn maliyyə, bank, sığorta, rabitə sektorlarıdır. İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. Bir qayda olaraq, mikro sahibkarların maliyyə yastığı dardır. Yəni onlar daha çox zərər görürülər. Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq. Bu iki proqramın əhatə dairəsinə baxılarsa, 2 vacib məqam vurğulanmalıdır. Birincisi, bu, biznesin dəstəyinə yönəlmiş proqramdır. Hər bir sahibkar üçün əmək haqqı fondu kifayət qədər əhəmiyyətli, bir çox hallarda böyük xərc istiqamətidir. Ona görə də dövlət burada birbaşa maliyyə dəstəyi ilə yardımını edir və bu əhəmiyyətli bir dəstəkdir. Bu proqramlar 600 minə yaxın insanı əhatə edir”

Güzəştli ipoteka, azfaizli kreditlər, yoxsul tələbələrin təhsilhaqqı, kommunal xərclərə dəstək...

Nazir həmçinin başqa proqramları da açıqlayıb. Həmin proramlarda nəzərdə tutulduğu kimi, biznesə vergi güzəştləri və imtiyazlar veriləcək, ipoteka kreditləri dəstəklənəcək, tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək. 1 milyard manat kredit portfeli sahibkarlara dəstək proqramı kimi formalaşacaq. Yeni götürülən kreditlər də dəstəklənəcək: “Yeni verilən kreditlərin 60%-nə dövlət tərəfindən zəmanət veriləcək. Belə kreditlərin maksimal illik faizi 15%-i keçməməlidir və müddəti isə 3 ilə qədər olmalıdır. Bu kreditlər üzrə faizlərin yarısı (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq”.

Təkliflər sırasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması da, sərnişindaşımaya dəstək, yoxsul tələbələrin təhsilhaqqı xərclərinin ödənilməsi də var. Demək olar ki, bu fors-majordan az və ya çox zərər çəkən milyonlarla insan, vətəndaş dövlətin dəstəyini ala biləcək. Həm də onların iş yerlərinin saxlanması, əmək hüquqlarının qorunması, işlədikləri biznesə dirçəlmə şansı şərtləri ilə. Dövlət təkcə bu günü deyil, sonrakı dönəmləri də hesablayaraq proqramlaşdırmağa çalışıb. Üstəlik, nazir onu da deyib ki, bu proqramlar dövlət dəstəyinin yalnız bir hissəsidir. Yəni dövlət öz himayəsini zərərçəkən vətəndaşının üzərindən çəkməyəcək.

“BİZİM YOL”

Son xəbərlər
Bütün xəbərlər »