Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bugünkü savaşın qəhrəmanları
Koronovirus zamanı Hekim

Allahdan gizlin deyil, bəndədən nə gizlin?!Səhiyyəmizdən narazılığımız çoxdur. Elə bəzi həkimlərimizdən də giley-güzar az olmur. Necə ki, seçkidə komissiyalarda təmsil olunub saxtakarlıq edən müəllimlərə olan tənqid bütün təhsil işçilərinə aid deyil, eləcə də, savadlı və vicdanlı həkimlərə də sözümüz yoxdur.

Həyatdır. Hər birimizin özünün və ya ailəsinin həkimə işi düşür. Doğrudan da, namuslu və peşəkar həkimlərimiz çoxdur. Hər işdə qüsurlara, xətalara, hətta cinayətə yol verənlər var. Belələri həkimlər arasında da az deyil. Ancaq biz hamını bir arşınla ölçmürük. Elə bizim özümüzdə də az yoxdu. Dostum demişkən, avtomobilimizin mühərrikində və ya hərəkət hissələrində bir səs eşidən kimi təmir sexinə qaçırıq, amma özümüz həkimə çox zaman o vaxt gedərik ki, artıq iş-işdən keçib.

Bu yaşıma qədər həyatımda iki çox ciddi tibbi hadisə olub. Birincisi orta məktəbdə oxuyanda baş verdi; gözümdən xəsarət almışdım. Füzuli rayon Mərkəzi Göz Xəstəxanasında 20 günə yaxın müalicə aldım Dərsə, oxumağa həvəsi olan bir şagird üçün gözündən xəsarət almaq, məktəbdən uzaq qalmaq çox sarsıdıcı idi. Sağ gözümdə əməliyyat etmişdilər. Dərsimdən geri qalmamaq üçün kitablarımı da xəstəxanaya gətirtmişdim. Salamat gözümlə dərslərimi hazırlayırdım. Çox çətinlik çəkirdim; bu biri gözümü də ağırlığa salmamalıydım. İndi mən sizə desəm ki, müalicə həkimim Zeynəb doktor işdən sonra ən azı bir saat gec gedirdi ki mənə dərslərimi hazırlamağa kömək etsin, inanmazsınız. Ətlaz doktor salamat gözümə çox ağırlıq düşməsin deyə böyüdücü şüşəsini işdən sonra mənə vermişdilər. Xüsusilə, fizika, kimya, biologiya, riyaziyyat fənlərindən mənə çox kömək etmişdi doktorlar.

Bir gün səhər tezdən Zeynəb doktor yenə palataya gəlib: "Mənim oğlum, bu gün dərslərindən neçə "5" alıb?!" deyə nəvaziş göstərəndə çox pis olmuşdum. Kövrəlib qəhərləndiyimi ona bildirməməyə çalışdım. Doktor gedəndən sonra adyalı başıma çəkib doyunca ağlamışdım. Çünki ona qədər tibb bacısı ilə palata yoldaşımın söhbətindən bilmişdim ki, Zeynəb doktorun övladı yoxdur. Onun o zama 40-45 yaşı olardı. Öz balası olmasa da, xəstələrinə "balam", "oğlum" deyə nəvaziş göstərirdi. Füzuli xəstəxanasındakı o həkimlər tək çox ağır xəsarətlər almış sağ gözümü mənə qaytarmadılar, həm də böyük və unudulmaz insanlıq dərsi vermişdilər.

İkinci dəfə isə 2006-cı ildə Kliniki Tibbi Mərkəzin trabmatoloq-cərrahı Sabir Mirzəyev mənə ikinci həyat verdi. Onunla yanaşı Rövşən doktor, Siyamək doktor, Fərhad doktor, tibb bacısı İlhamə xanım başqa xeyli insan çox əziyyətimi çəkdilər. Heyf ki, Sabir doktor dünyadan çox tez köçüb getdi. Bu, mənim həyatımda yaşadığım ən ağır itkilərdən biri idi.

Müxtəlif vaxtlarda müraciət etdiyim Kardiologoya İnstitutunda Rafiq Yusifov, "Ömür" klinikasında Süleyman doktor, KTM-də Əmrəli doktor, Fazil doktor, hazırda "Funda"da çalışan və gənc yaşda mükəmməlliyə çatmış Seymur Mehtiyev, eləcə də, Pərviz doktor, "Səhhət" klinikasında Hicran doktor və çox sayda başqaları var ki, gerçəkdən öz peşəsinə sadiq və yüksək insani məziyyətlərə sahib olan həkim dostlarımızdırlar. Həmişə öz yüksək peşəkar və insani səviyyədən bizə çox dəyərli məsləhətləri ilə dəstək olan professor AdilQeybullanın da çox mötəbər yeri var.

Qarabağ müharibəsində də həkimlər, tibb personalı, demək olar, ön cəbhədəydilər. Mən döyüş bölgələrindən xəbər, reportaj hazırlayarkən hosıitallarda, səyyar tibb məntəqələrində çox olmuşam. Əsgərlərimiz torpaq üçün vuruşurdu, həkimlər isə onların həyatını qurtarmaq üçün. Tibb cəbhəsinin qəhrəmanları - cərrahlar sutkalarla hospitaldan çıxmırdılar. Bir yaralının əməliyyatı bitənə qədər başqa yaralıları əməliyyata hazırlayırdı tibb bacıları. Gerçəkdən yaralı əsgər və zabitlərimizə ana, bacı olurdu bu xanımlar - tibb bacısı adını artıqlaması ilə doğruldurdular. Ağdamda hərbi hospitalda yük maşınında gətirilən onlarla yaralı əsgəri görəndə hönkürüb ağlayan tibb bacılarını, özünü şax tutmağa çalışaraq yaralıların yerləşdirilməsini təşkil edən bakılı hərbi cərrahın eynəyinin altından süzülən göz yaşlarını unutmaram mən.

Bu gün də həkimlərimiz savaşdadır. Əgər Qarabağ savaşında ikinci eşelondaydılarsa, koronavorusla müharibədə ön cəbhənin lap önündə vuruşurlar. Biz hər gün, hər an qəhrəman həkimlərimizi alqışlamalıyıq, onlar üçün təşəkkürlərimizi və dualarımızı əskik etməməliyik. Ancaq bu ağır günlərdə bizim dəyərli həkimlərimizə ən böyük köməyimiz özümüzün özümüzə köməyimizdir. Qoyulan karantin qaydalarına əməl edək ki, həkimlərimizin işini daha da çətinləşdirməyək. Ən başlıcası da öz həyatımızı və başqalarının həyatlarını risqə atmayaq. Axı bu virusa yoluxub da heç nə yoxmuş kimi ortalıqda dolaşan hər bir fərd özü canlı bombadır - bioloji silahdır. Bunu unutmaq olmaz.

Bahəddin Həzi
Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Karantin cərimələri tutulmağa başladı
››› Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına Azərbaycandan reaksiya
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »