Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nə olar, nə olmaz, sığortasız olmaz

Ekspert: “Sığorta şirkətləri yığdıqları məbləğin 65-70 faizini zərərçəkənlərə qaytarır”

Uzun illər çalışaraq sahib olunan daşınmaz əmlakın təhlükəsizliyini təmin etmək üçün daşınmaz əmlakın sığortası olmalıdır. Az miqdarda ödəniş etməklə daşınmaz əmlakı sığortalayaraq risklərin qarşısını almaq olar.

Ancaq daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası məsələsinə gəldikdə, ağıla onlarla sual gəlir. Sığorta mütəxəssisləri sığortanın bu növlərinin əhatə dairəsini və bütün maraqlı detalları izah etdilər.

Küçənin sığorta ilə imtahanı

Biz bu araşdırma materialını hazırlamamışdan öncə sorğu keçirmək qərarına gəldik. Sualımız sadə idi: Sığorta nədir? Biz bu termini küçədə vətəndaşlardan soruşduq. Bəziləri suala dəqiq cavab verməyərək, məşhurların bədən üzvlərini sığortalatdırdığını, sığortanın çətin və bahalı iş olduğunu dedilər. Bəziləri isə ümumiyyətlə bu termini kəşf etmədiyini dedi.

Suala dəqiq cavab verən bir nəfərin sığorta ilə bağlı işlətdiyi cümləni olduğu kimi qeyd edirik: “Sığorta, təhlükəsizliyimizi təmin etmək adı ilə pul ödədiyimiz kağız parçasıdır”. Sözlərinə davam edən şəxs təəssüflə bildirdi ki, kasko sığorta ilə sığortalanmış avtomobilə dəyən ziyan sığorta şirkəti tərəfindən tam ödənilmədiyinə görə, sığorta münasibətlərinə inanmır.

Bu məqamda kiçik arayış verək: Sığorta, risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü mexanizmdir. Sığorta elə bir vasitədir ki, hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.

Daşınmaz əmlakınızın qayğıkeşi

Xüsusən evlərdə və ticarət mərkəzlərində tez-tez baş verən yanğın hadisələrindən sonra daşınmaz əmlakın sığortası xatırlanır. Mülk sahiblərinin dəymiş ziyanla bağlı dövlət təşkilatlarına etdikləri müraciət heç də həmişə onların problemini həll etmir.

Çünki onlar daşınmaz əmlakını sığortalatmağa maraq göstərməyiblər və ya bu məsələyə ciddi yanaşmayıblar. Son illər bu kimi halların artması artıq hər kəsi narahat etməyə başlayıb. Lakin bununla bağlı artıq vəziyyət dəyişib. Belə ki, ötən illərlə müqayisədə daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortalanmasında artım müşahidə edilir.

İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədovun dövlət televiziyasına verdiyi açıqlamada daşınmaz əmlakın icbari sığortası sahəsində 2018-ci ilin statistikası ilə müqayisədə 2019-cu ildə 30-40 faizlik bir artımın müşahidə olunduğunu bildirib.

Daşınmaz əmlakın icbari sığortasına elçi düşmək üçün səbəblər

Sığorta mütəxəssisi Şahin İsmayılov bildirir ki, daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” qanunun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulub: “Bu qanuna əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə dövlət əmlakının sığortası icbaridir, yəni məcburidir. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Bakı şəhərində yerləşən mənzilləri 50 manat məbləğində, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən mənzilləri 40 manat məbləğində, digər yaşayış məntəqələrində yerləşən mənzilləri 30 manat məbləğində icbari sığorta etdirib təminat ala bilərsiniz”.

Ş.İsmayılov bildirib ki, daşınmaz əmlakın icbari sığortası qanunsuz tikilmiş binaları, sürüşmə zonasında olan və sökülməsi nəzərdə tutulan əmlakı təminata götürmür: “Bu kimi müraciətlər sığorta şirkətləri tərəfindən imtina ilə qarşılanır”.

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı bildirir ki, daşınmaz əmlakın icbari sığortası müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsində cərimələr də nəzərdə tutulub.

Xəyal Məmmədxanlı Xəyal Məmmədxanlı

“İcbari sığortalar haqqında” Qanuna əsasən bu sistemə nəzarəti yerli icra hakimiyyəti orqanları və Fövqaladə Hallar Nazirliyi həyata keçirir: “Tədqiqatlar göstərir ki, onlar tərəfindən ötən 9 il ərzində sığortanın bu növünün tətbiqi tam mümkün olmayıb. Bu problemin həll olunması üçün əhalinin maarifləndirilməsinə, nəzarət mexanizminin yarımçıq olmamasına, qanunvericiliyin təkmilləşdirilməsinə və sığortanın elektronlaşdırılmasına ehtiyac var”, - deyə X.Məmmədxanlı bildirib.

Sahibkarlara bəhanə qalmadı

Paytaxtın müxtəlif yerlərində inşa edilən yaşayış və qeyri-yaşayış obyektlərinin önündə tikinti şirkətlərinin təxminən belə bir elanına rast gəlinir: “Burada durmayın və dayanmayın. Əks halda dəyən ziyana görə cavabdeh deyilik”.

Sığorta mütəxəssisi İlkin İbrahimov bildirir ki, tikintisi başa çatmayan yaşayış və qeyri-yaşayış sahələri üçün nəzərdə tutulmuş icbari sığorta növü daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasıdır:

İlkin İbrahimov

“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası “İcbari sığortalar haqqında” qanunun Xüsusi bölməsinin 3-cü fəslində nəzərdə tutulub. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir”.

Ekspert Ş.İsmayılov bildirir ki, hüquqi və fiziki şəxslərə aid hər hansı bir obyektdə sahibkarlıq fəaliyyəti göstərən zaman üçüncü şəxslərin saglamlığına və əmlakına dəyən maddi ziyanı qarşılamaq üçün istismar ilə bağlı məsuliyyət mütləq qaydada sığortalanmalıdır. Bu sığorta növü risk dərəcəsinin yüksəkliyinə görə dörd qrupa bölünür və sığorta haqqı da müvafiq olaraq artır. Sığorta haqqı 30, 60, 90 və 120 manat olmaqla ayrı-ayrı risk qruplarına uyğun təyin olunur”.

Ziyanın yarısından qayıtmaq qəniməti

Sığorta mütəxəssisi Şahin İsmayılov bildirir ki, sığorta bazarında avtomobillərin icbari sığortasından sonra mühür yer tutan daşınmaz əmlakın icbari sığortasının bazar payının artırılması sığorta şirkətlərinin ən mühüm vəzifələrindən biridir:

Şahin İsmayılov Şahin İsmayılov

“Məlum olduğu kimi yaşayış sahələri üzrə daşınmaz əmlakın icbari sığortasında çox böyük bir durğunluq hökm sürürdü və əhalinin bu sığorta növünə marağı demək olar ki, yox dərəcəsində idi. Baxmayaraq ki, "İcbari sığortalar haqqında” qanuna əsasən yaşayış sahələri mütləq qaydada sığortalanmalı idi və sığortasız əmlak üçün qanunla 30 manat məbləğində cərimə nəzərdə tutulurdu.

Bu sahədə çox böyük ajiotaj ötən ilin dekabrından başladı və buna da səbəb mətbuatda sığortasız əmlak sahiblərinin cərimələnəcəyi barədə şayələrin tirajlanması oldu. Çox qısa zaman kəsiyində müvafiq sənədləri olan yaşayış sahələrinin 50 faizə qədəri icbari olaraq sığortalandı.

Qeyri-yaşayış sahələrinin icbari sığortasında isə məsələ qismən stabildi. Çünki son dövrlər “Diqlas”, “EuroHome” və “Sədərək” ticarət mərkəzlərində, həmçinin digər obyektlərdə baş vermiş yanğın hadisələrinə diqqət yetirsək, görərik ki, bu obyektlərin heç birinin nə icbari sığortası, nə də daşınar əmlakın icbari sığortası mövcud olmayıb. Nəticədə həm əmlak sahibləri, həm də ticarətçilər külli miqdarda maddi ziyana düşdülər.

Belə nəticəyə gəlmək olar ki, nə sahibkarlar, nə də icarə ticarəti ilə məşğul olan iş adamları sığorta məsələsində ya maraqlı deyillər, ya da məlumatsızdırlar. Digər nəticə odur ki, əksər sahibkarlar sığorta şirkətlərinə etimad etmədiklərini, inamsız olduqlarını dilə gətirirlər”.

Ekspert Ş.İsmayılov bildirir ki, əhalini əmlaklarını sığortalamağa təşviq etmək üçün sığorta şirkətləri öz fəaliyyətlərində müəyyən dönüş yaratmalı və əmlakın icbari sığortasının nə dərəcədə əhəmiyyətli olduğunu əhaliyə sübut etməlidir: “Yəni sığorta şirkətləri öz fəaliyyətlərini daha çox şəffaflıq üzərində qurmalı, baş vermiş sığorta hadisələri və onlara verilən ödənişlər barədə mütəmadi olaraq mətbuata məlumat açıqlamalıdırlar.

Eləcə də, mediada sığorta təşkilatlarının müxtəlif nümayəndələri ilə müsahibələr təşkil edilməli, cəmiyyəti narahat edən sualları şirkətlərə ünvanlamalı və cavabları ictimaiyyətə çatdırmalıdırlar. Maarifləndirmə işi sürətləndirilməli, sığorta məhsullarının mahiyyəti insanlara hər kəsin başa düşəcəyi dildə izah olunmalıdır. Bir sözlə sığorta siyasəti kökündən dəyişilməlidir”.

Ş.İsmayılov deyir ki, Azərbaycan sığorta bazarında daşınmaz əmlakın icbari sığortası və istismarla bağlı mülki məsuliyyətin icbari sığortası məhsulları nisbətən yeni məhsullardır: “Sığorta bazarı ilə bağlı qanunların hazırlanması və tətbiqi mütləq qaydada beynəlxalq sığorta şirkətlərinin təcrübəsinə əsaslanır və onların qanunlarına uyğunlaşdırılaraq hazırlanıb. Dünya sığorta bazarının ən son texnoloji yenilikləri bizim sığorta bazarında da uğurla tətbiq olunur”.

Ekspert iddia edib ki, bir çox sahibkarlar ümumiyyətlə əmlak sığortasında maraqlı deyillər və buna yalnız cərimə olunmamaq üçün gedirlər: “Digər tərəfdən sahibkarların əksəriyyəti daşınmaz əmlakın icbari sığortası ilə daşınar əmlakın sığortasını qarışıq salırlar. Daşınar əmlakın sığortası könüllü sığorta növüdür. Məhz bu amil sahibkarlar arasında böyük çaşqınlıq yaradır və sığorta hadisəsi baş verdikdə böyük narazılıqlar ortaya çıxır. Daşınmaz əmlakını sığorta edən şəxs öz aləmində elə hesab edir ki, daşınar əmlakını da sığorta etdirib. Bunun da səbəbi məlumatsızlıq, sığorta şirkətlərinin nümayəndələrinin məsuliyyətsizliyi, sahibkarların özlərinin səhlənkarlığının nəticəsidir.

Öz təcrübəmdən deyim ki, əksər sahibkarlara yaxınlaşdıqda, onlar ümumiyyətlə sığorta barədə nəsə eşitmək belə istəmirlər. Sığorta mütəxəssisi ilə sahibkar arasında daim bir gərginlik hökm sürür və nəticədə sahibkar sığortasız qalır.

Amma sığorta hadisəsi baş verdikdə, sığorta şirkətləri günahkar çıxarılır, onlara bu barədə məlumat vermədiklərini bildirirlər və bütün ittihamlar sığorta şirkətlərinə ünvanlanır”.

Sığorta boş şeydir deyənlərə...

Ekspert deyib ki, artıq sığorta sahəsi həyatımıza daxil olub: “Bu gün əmlakımızı, sağlamlığımızı, xarici səyahətlərimizi, kommersiya yüklərimizi və s. çox rahatlıqla sığortalaya bilirik və əminliklə həyatımızı yaşayırıq. İstəsək də, istəməsək də müxtəlif sığorta hadisələri ilə üzləşməyimiz qaçılmaz haldır. Sığortasız olduğumuz halda çox böyük maddi ziyanlarla üz-üzə qala bilərik.

Axı sığorta hadisəsi baş verdikdən sonra vətəndaşımız hər şeyini itirə bilər. Sığortalı olmaq, qəzasız həyat deyil! Sığortalı olmaq hər qəzaya hazırlıqlı həyat deməkdir! Əlinizi yelləyib, boş şeydir deməyin.

Bugünkü gündə sığorta şirkətləri yığdıqları məbləğin 65-70 faizini ödəniş olaraq geri qaytarır. Müəyyən növlər üzrə artıq sığorta şirkətləri ziyana işləyirlər. Bu faktlar, sığorta boş şeydi deyənlərə tutarlı cavabdır.

Sığorta məhsullarının nə dərəcədə əhəmiyyətli olduğunu, sığorta hadisəsi ilə üzləşmiş və kifayət qədər ödəniş almış müştərilər məndən daha yaxşı izah edə bilərlər.

Məncə belə insanların araşdırılaraq mətbuat səhifələrində təqdim edilməsi, onların sığorta şirkətlərinə münasibətlərinin işıqlandırılması, sığorta sahəsində çox böyük maarifləndirmə effekti yarada bilər.

Bu işlərdə sığorta şirkətləri də maraqlı olmalı, belə şəxslər barədə mütəmadi məlumatlar paylaşmalı və sığorta sektorunun inkişafına öz töhfələrini verməlidirlər”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »