Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bibiheybət yolu"nda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən davam etdirilir.

AAYDA-dan apa-ya verilən məlumata görə, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.

Sözügedən layihəyə uyğun olaraq artıq yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb. Tikinti-bərpa işlərinin növbəti, sonuncu mərhələsi üzrə hazırda yolun hərəkət hissəsinin tam bərpası istiqamətində addımlar atılır. Bu məqsədlə yamacın doldurulması üçün əraziyə qrunt gətirilərək dolğu işləri görülür.

Əraziyə dolğu üçün qruntun gətirilməsi ağır tonnajlı yük maşınları vasitəsi ilə təmin olunduğundan digər hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti bu həftənin sonunadək qısa müddətlik məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.

Qeyd olunan işlərlə yanaşı yamacın aşağısında olan mövcud istinad divarlarının əlavə bərkidilməsi üçün də svay vurma işləri görülür.

Ümumilikdə tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »