Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Distant təhsil sistemi ölkə təhsilinin səviyyəsini göstərir

Müasir dünyada ölkələrin rəqabətədavamlılığı artıq ciddi bir faktora çev-rilmimişdir. Qloballaşma hər bir ölkənin davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik yiyələnməyi tələb edir. Ölkələrin rəqabətqabiliyyəliyi isə onun insanlarının rəbabətqabiliyyətliyi ilə təyin edilir. Bu işdə təhsil sisteminin rolu aparıcıdır.

Qloballaşma prosesləri artıq 30 ilə yaxındır ki, təhsildə də özünü göstərir. Bu İKT-nin təhsil sisteminə nüfuzu hesabına mümkün olmuşdur. Təhsildə gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Müasir təhsildə modernləşmənin əsas məqsədi kütləvi və əlyetərli təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır. Bu məqsədə nail olmaq üçün İKT bazasında yaranan təhsil innovasiyalarından geniş istifadə edilir. Bunun bariz nümunəsi isə distant təhsildir. Ona görə mütəxəssislər distant təhsili 21-ci əsrin təhsil innovasiyası hesab edirlər.

Son iki ayda pandemiyanın təsiri ilə bütün dünyada distant təhsil, onlayn təhsil ideyaları daha da aktuallaşdı. O, ölkələr ki, son 20- 25 il ərzində effektiv distant təhsil sistemi yarada bilmişdilər, həmən ölkələr problemsiz olaraq 3-4 gün ərzində bütün ölkə boyu təhsil sistemini onlayn təhsilə asanlıqla transformasiya edə bildilər. Hansı ölkələrdə ki, distant təhsil sistemi yox idi, bu ölkələr gec də olsa, nəhayət ki, bu barədə düşünməyə başladılar. Lakin artıq çox gecdir.

Normal şəraitdə distant təhsil sistemi qurmaq istəməyənlər ( bunun əhəmiyyətini və zəruriliyini vaxtında düzgün qiymətləndirə bilməyənlər) və ya bacarmayanlar ( səriştəsizlikdən və ya digər səbəblərdən) indiki pandemiya şəraitində, məktəblərin və universitetlərin bağlı olduğu, əhalinin karantin tələblərinə uyğun olaraq “evdə qal” rejiminə keçdiyi halda tələsik olaraq bunu necə edəcəklər? Buna illər və milyonlarla pul lazımdır. İqtisadi artım illərində bunu etmək istəməyənlər, iqtisadi böhran illərində görəsən buna pul tapa biləcəklərmi?

Beynəlxalq təcrübə göstərir ki, 10 fakultəsi və 20.000 tələbəsi olan universitetdə DT sistemini qurmağa 10 il vaxt, təxminən 20-30 milyon dollar pul lazımdır. Təbii ki, bu məsrəf bizim universitetlərin imkanı daxilində deyil. TN burada öz funksiyasını vaxtında yerinə yetirməli, universitetlərə hər cür dəstək verməli idi. Amma biz 15- 20 il ərzində bunun tam əksini müşahidə etdik.

Hətta öz vəsaiti hesabına dünyanın tanınmış universitetlərində distant təhsil alan tələbələrə ( o cümlədən ikinci ali təhsil alan, kurs bitirən v.s.) TN “diplomunuzu tanımayacam” kimi “hədələr” də gəlirdi (bu gün də bu münasibət davam edir). Əvvəla ali təhsilə dair diplomların tanınması haqqında beynəlxalq və lokal qanunlarda belə müddə yoxdur, distant təhsil alan tələbə ildə iki dəfə sərhədi keçməlidir. Bu beynəlxalq qanunlara sayqısızlıqdır TN tərəfindən. Heç nostrifikasiya haqqında əsasnamədə də belə bənd yoxdur, bu bəzi təhsil məmurlarının özlərinin yazdığı qanunu bilərəkdən pozması, distant təhsilə etimadın azaldılmasıdır. İkincisi ölkə iqtisadiyyatının 80% özəl sektordur, TN heç bir özəl müəssisəyə “hansı diplomu tanı, hansı diplomu tanıma” kimi göstəriş verə bilməz və vətəndaş da distant təhsil alıb özəl sektorda problemsiz işləyə bilər. Bu diplom yerli universitetlərin verdiyi diplomlardan fərqli olaraq bütün dünyada tanınır, bu diplomun arxasında olan bilik və bacarıq yerli universitetlərin verdiyi bilikdən az deyil ki, çoxdur.

Beynəlxalq əmək bazarı elə səviyyəyə gəlib ki, bir çox şirkətlər vakant yerə əməkdaş işə qəbul edərkən, heç diploma da baxmırlar, əsas namizədin real bilik, bacarıq və səriştəsidir. Buna da distant təhsil formatında nail olmaq daha asan və ucuzdur. Xaricdə bir çox şirkətlər distant oxuyan tələbəni və ya məzunu daha tez işə qəbul edir, çünki onlar artıq informasiya məkanında yüksək iş qabiliyyətinə malikdirlər, bu keyfiyyət informasiya cəmiyyətində, rəqəmsal iqtisadiyyat və 4-cü sənaye inqilabı dövründə çox mühümdür. Bir çox distant təhsil almış məzunlar məsafədən iş rejimində hətta xarici şirkətlərdə işləmək imkanına malikdirlər. Bu keyfiyyət distant təhsilin tələbəyə qazandırdığı əsas səriştələrən biridir.

Ölkəmizdə distant təhsili yaratmaq üçün bu gün peşəkarlardan ibarət mütəşəkkil layihə qrupları lazımdır, belə komanda hər bir universitetdə olmalıdır. Təəssüf ki, distant təhsili incəliklərini kifayət qədər bilən belə komanda nə universitetlərdə, nə də nazirlikdə yoxdur. Bəs niyə biz illəri belə məsuliyyətsizliklə itirmişik? Niyə bu 20 il ərzində bu məsələləri bilən mütəxəssislər yetirməmişik? Bilənlərə niyə dəstək olmamışıq ki, tədricən işi irəli aparsınlar?

Təhsil Nazirliyi 2009-cu ilə qədər deyirdi ki, yeni “Təhsil Qanunu” qəbul ediləndən sonra biz də distant təhsili inkişaf etdirəcəyik. Təbii ki, bu bəhanə idi. Çünki distant təhsil texnologiyadır, artıq təhsil forması deyil, bundan əyani, qiyabi və ekstern təhsil alan bütün tələbələr faydalana bilər və bu müddəanın “Təhsil Qanun”unda olmasına ehtiyac yoxdur. Sonrakı dövrdə isə TN deyirdi ki, distant təhsilin tətbiqi mexanizmi və hüquqi-normativ bazası olmadığından biz bunu inkişaf etdirə bilmirik. Bəs distant təhsilin tətbiqi mexanizmini və normativ bazasını görəsən kim yaratmalı idi? Bəlkə bu kənd təssərrüfatı nazirliyinin və ya hər hansı digər nzirliyin vəzifəsi idi? Yoxsa TN öz vəzifəsini bilmir ya icra etmək istəmir? Distant təhsilin normativ bazasını illərlə yarada bilməyən bir qurum, lazım gələndə çox cəld işləyirdi. Belə ki, 2009-cu ildə, “Təhsil Qanunu” qəbul ediləndən az sonra, TN çox operativ olaraq öz nizamnaməsində dəyişiklik edərək, orada distant təhsillə əlaqədar olan maddələri ixtisar etdi. Belə “söz oyunu” indiyə qədər də davam edir, bunun ziyanını isə bu gün şagirdlər, valideynlər, müəllimlər, universitetlər çəkirlər. Bu katoqoriya insanlar ölkə əhalisinin 50%-dən çoxudur. Çünki, təhsil hər bir ailənin həyatına nüfuz etmişdir.

Bəzən ekspertlərə və digər tədqiqatçılara deyirlər ki, tənqid etmək asandır, konkret nə kömək edə bilərsiniz? Bu mənada bəzi faktları qeyd etmək istərdik. 2005-ci idə "Azərbaycan Respublikasında Distant Təhsilin yaradılması və inkişafı strategiyası" və müvafiq 5 illik icra planı tərəfimizdən hazırlanıb TN-ə təqdim edilmişdir. Daha sonra 2010-cu ildə "Universitetlərdə DT yaradılması strategiyası" və müvafiq 5 illik icra planı tərəfimizdən hazırlanıb TN-ə verilmişdi. Sonrakı illərdə də TN-nin səlahiyyətli məmurları ilə müxtəlif tədbirlərdə və fərdi söhbətlərdə bu məsələnin zəruriliyi dəfələrlə vurğulanmışdır. İnsafən orta pillə kadrları bunu etiraf edirdilər hər zaman, amma hiss edilirdi ki, rəhbərliyin fikri tam fərqlidir. Vəziyyət hələ də dəyişməmişdir. Rəsmilər əsas arqument kimi bu işdə maliyyə qıtlığını və normativ bazanın yoxluğunu göstərirlər.

Maliyyə qıtlığı ilə əlaqədar qeyd edək ki, illər ərzində hər universitetlərin təmirinə, əlavə korpusların tikilməsinə, binalara üzlük vurulmasına v.s. təmir işlərinə aludəçilik nəticəsində milyonlarla vəsait sərf edilişdir. Belə səxavəti TN niyə distant təhsilin yaradılmasında göstərməyib? Bir neçə dövlət proqramları icra edilib bu istiqamətdə, hanı nəticəsi? Hətta büdcənin bol vaxtında universitetləri şəhərdən kənara çıxarmaq üçün ətraf qəsəbələrdə kampusların tikintisinə yüz milyonlar ayrılması nəzərdə tutulanda belə onlayn təhsilə pul ayırmaq, bu sahəni formalaşdırmaq heç yada düşmürdü.

TN universitetlərə karantin dövründə distant təhsildən istifadə etməyi tövsiyyə edib, bu məqsədlə MİCROSOFT TEAMS proqramından istifadəni məsləhət bilib. İndi ölkə üzrə bütün universitetlərin rəhbərliyi və professor-müəllim heyəti evdə oturduğu, tələbələrin pərakəndə halda rayonlarda olduğu fövqəladə şəraitdə TN az vaxtda distant təhsil sistemi yaratmaq cəhdi yəqin ki, fiasko olacaq. AzTV-nin və votsapın köməyi ilə distant təhsil görüntüsü yaratmağa cəhd ediləcək yəqin ki. Universitetlərin və professor- müəllim heyətinin distant təhsil barədə təcrübəsi və bilgisi olmadığı halda, bu proqramla tanış olmadığı halda bunu necə operativ reallaşdırmaq olar görəsən? Əvvəlcə professor- müəllim heyəti üçün distant təhsilə dair xüsusi təlim təşkil edilməli idi, (hər halda beynəlxalq təcrübədə belə olmuşdur, bu məqsədlə 72 və 144 saatlıq xüsusi kurslar var). Belə ilkin hazırlıq olmadan az vaxtda universitetlər xaotik və plansız, strategiyasız işlər görərək distant təhsil qura bilməzlər. TN bəlkə düşünür ki, DT sistemini 1-2 aya “quraq”, sonra da strategiya hazırlayarıq? TN yaxşı ideyanın pis icra edərək, yarımçıq yaradılmış informasiya- təhsil mühiti vasitəsi ilə oxumağa çox da həvəsli olmayan tələbələrdə distant təhsilə qarşı mənfi münasibət, psixoloji diskomfort yarada bilər. Bu “qaş düzəltmək əvəzinə gözü kor etmək” olar.

Mövcud fövqəladə şəraiti nəzərə alsaq, əslində distant təhsilə hazırlıq üzrə xüsusi kurs da distant formatda olmalı idi. Bu məqsədlə vaxtında "universitet müəllimlərinin təkmilləşdirilməsi və ixtisasartırılması" kimi bir qurum yaradılmalı və onun köməyi ilə bu kursu təşkil etmək lazım idi. Təəssüf ki, bu gün ölkədə universitet müəllimlərinin təkmilləşdirilməsi və ixtisasartırılması sistemi yoxdur.

Ölkədə təhsilin informatlaşması ilə də ciddi məşğul olan qurum yoxdur. Amma ölkə səviyyəsində təhsilin informatlaşması ilə məşğul olan elmi-metodik-texniki quruma (Mərkəz) ehtiyac vardı. RF nəinki ölkə səviyyəsində, hətt universitetlər səviyyəsində 20 ildir ki, belə qurum- “Təhsilin İnformatlaşması” adlı institutlar fəaliyyət göstərir (hər biri 100-200 nəfər ştatla). Sonralar həmən institutlar inkişaf edərək “Distant Təhsil” institutlarına çevrildi. Bu institutlar öz böyük potensialı ilə universitetlərdə distant təhsil sistemi yaratdılar. Bizim universitetlərdə bu işlə indi hansı infrastruktur məşğuldur görəsən?

20 il ərzində ölkədə təhsil islahatları getdiyi dönəmdə nazirliyin nəznində və universitetlərin tərkibində təhsilin informatlaşması mərkəzlərinin yaradılması və onların layihələrinin maliyyələşdirilməsi çox vacib idi. Çünki indiki dönəmdə təhsil islahatlarının lokomotivi İKT olmalıdır.

Distant təhsil sistemi ölkə təhsilinin səviyyəsini göstərən mühüm indikatordur. Ölkədə təhsilin informatlaşması təbii olaraq distant təhsil sisteminin yaradılmasına gətirir. Eyni ilə də universitetdə təhsilin informatlaşması təbii olaraq distant təhsil sisteminin yaranması ilə nəticələnir.

Ali təhsili islahatlarının ikinci hərəkətverici qüvvəsi isə onun elmi təminatı yaradılmalı idi. Bu elmi təminat reallaşan ali təhsil islahatlarının beyin mərkəzi olmalı idi. Bu günə qədər bu mərkəzlər də yaradılmayıb. Ona görə də Boloniya prosesi 15 ildir ki, heç bir nəticə vermir. Heç universitetlərimizdə də belə mərkəzlər yoxdur. Biz dəfələrlə TN təklif vermişik, məqalələrdə qeyd etmişik ki, heç olmazsa 4-5 universitetin nəznində istiqamətlər üzrə ali təhsilin problemləri adlı kiçik elmi-tədqiqat institut və ya böyük elmi tədqiqat laboratoriyası yaradılsın (məsələn, ali texniki təhsilin problemləri, ali iqtisadi təhsilin problemləri v.s.)

Bütün bunlara rəğmən 2012-ci ildə ali təhsilin problemlərinə dair maraqlı jurnal nəşr edilməyə başlandı (“Ali təhsil və cəmiyyət”). Lakin 2013-cü ildə ali məktəblərə çox lazımlı bu jurnal nədənsə bağlandı.

Distant Təhsilin ölkəmizdə vaxtında yaradılmaması TN tərəfindən reallaşan Dövlət Proqramlarının səmərəsini də azaldır. Məlum olduğu kimi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilmişdi. Proqram çərçivəsində ümumilikdə 3600 nəfərə yaxın Azərbaycan vətəndaşı 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almışdır. Lakin onların müəyyən hissəsi təhsilini tamamladıqdan sonra xarıcdə qaldı və vətənə dönmədi, beləliklə də dövlətin onların hər birinə xərclədiyi yüz minlərlə dollar vəsait ölkə iqtisadiyyatına xeyir vermədi, real olaraq ölkəmizin insan kapitalına çevrilmədi. Amma ölkəmizdə distant təhsil sistemi olsaydı və ya bu gənclərin həmən ölkələrdə ali təhsilini distant almasına şərait yaradılsaydı, onlar Bakıda yaşayaraq həmən universitetlrdə təhsil alacaqdılar və təhsillərini də tamamladıqdan sonra da ölkəyə qayıtmaq kimi problem olmayacaqdı. Digər tərəfdən bu Dövlət Proqramına ayrlan vəsaitə 3-4 min yox, 20-25 min gənc xarici universitetdən onlayn təhsil və diplom ala biləcəkdi. Çünki, yol pulu, sığorta, yaşayış və qidalanma v.s. xərclərə, təhsil haqqına (distant təhsil dəfələrlə ucuzdur) qənaət ediləcəkdi. Biz vaxtı ilə bu Dövlət Proqramı hazırlanarkən TN belə təklif vermişdik. Heç olmasa bu tələbələrin 50% distant oxusaydı, Dövlət Proqramı daha səmərəli icra olunardı.

Məlum olduğu kimi hal hazırda isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” icra edilir. Bu proqrama görə də müəyyən qism gənclər xarıcdə doktorantura təhsili alacaqlar. Dövlət Proqramının əsas hissəsi isə 5 istiqamət üzrə ikili diplom verilməsinə həsr edilib. Proqramda qeyd edilir: “Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır”. Bu məqsədlə hər hansı bir xarici unuversitetlə birgə konkret ixtisas üzrə tədris planı hazırlanacaq və həmən universitetin professorları gəlib Bakıda universitetlərdə dərs deyəcəklər. Bu layihəni də distant təhsil üzərindən daha tez, ucuz və daha əhatəli reallaşdırmaq mümkün idi. Bu halda tələbələrimiz müvafiq xarici dili öyrənib sertifikat aldıqdan və ilkin seçimdən keçdikdən sonra, ikili diplom proqramı kimi həmən universitetin hazırladığı təhsil proqramını onlayn formatda öyrənə bilərdi. Bu daha operativ, ucuz və davamlı ola bilərdi, layihəyə cəlb edilən universitetlərin sayı da mox ola bilərdi.

Göründüyü kimi distant təhsilin uzun illər ərzində heç bir ciddi əsas olmadan inkar edilməsi təhsilimizin dünənini, bu gününü və sabahını xeyli geri salıbdır. Aparılan təhsil islahatlarının yekunu olaraq deyə bilərik ki, “Kurikulum islahatı”nın keyfiyyətsiz icrası, bərbad məzmunda hazırlanmış məktəb dərslikləri orta təhsilimizə nə qədər ziyan vurmuşdusa, (PİSA-2018 beynəlxalq qiymətləndirmə nəticələrini yada salın), distant təhsilin yaradılmasına mane olmaqla da ali təhsilin inkişafına bir o qədər ziyan vurulmuşdur.

Pandemiyadan sonrakı dövrdə onlayn təhsilə, virtual təhsilə təlabat daha da artacaq. Hələ 15 il əvvəl "...Azərbaycanda virtual dərslər keçirilməlidir...” deyən ölkə rəhbərliyinin TN qarşısında qoyduğu vəzifə hələ də öz həllini gözləyir. Vaxtında distant təhsil sistemi qurmayan ölkələrin universitetləri yaxın gələcəkdə qlobal reytinqi yüksək olan xarici universitetlərə yerli təhsil bazarında da uduzacaqlar. Artıq bir milliard tələbəni pulsuz oxuda bilən olnlayn universitetlər yaradılır. Sünü intellektin yazılı və şifahi sürətli tərcümə imkanları ilbil artır. Bunun nəticəsində bizim tələbələr yaxın zamanlarda hətta bilmədiyi xarici dildə əcnəbi universitetlərdətəhsil ala biləcəklər. Bu yaxın illərin perspektividir. Bu zaman bizim milli universitetlərin durumu xeyli çətinləşəcəkdir.

Bu gün distant təhsili olmayan universitet beynəlxalq təhsil məkanında ciddiyə alınmır. Belə universitetlər tədricən tələbələrini itirəcək, qlobal rəqabətdə məğlub olaraq öz fəaliyyətini saxlamaq məcburiyyətində qalacaqlar. Bu təhsildə gedən qlobal trendlərin acı nəticəsidir.

İlham Əhmədov İlham Əhmədov, təhsil eksperti
Son xəbərlər
Bütün xəbərlər »