Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni dünya nizamı formalaşdı, artıq biz yeni dünyanın vətəndaşlarıyıq

Bir çox fikir adamları politoloqlar koronadan sonra dünya dövlətlərinin qloballaşmanı azaltmaq istəyində olacağını düşünür. Onlar son günlər bu kimi çıxışlarında insanların daha çox öz milli dövlətlərinə bağlı olacaqları fikrini iddi edirlər.

Politoloq Əziz Əlibəyli Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, dünya dəyişən fikirlərin astanasındadır və bu günə qədər karbohidrogen resursları ilə dünya xəritəsini boyayan dövlətlər alternativ inkişaf planlarına keçəcək.

Əziz Əlibəyli

“Məsələn, mən də belə bir iddia irəli sürə bilərəm: Qloballaşma azalmayacaq, əksinə yeni fazaya keçəcək. Yəni iştirakçıların digər cəbhələrdə formalaşması, toplaşması yaşanacaq. Çünki virus qlobal mənada ümumi insan məsuliyyətini, dünya qarşısında hər bir fərdin cavabdeh olmasının zəruriliyi ortaya qoyub, ümumi dəyərləri möhkəmləndirəcək. Bundan sonra ekologiyaya, ətraf mühitə, qida siyasətinə ənənənəvi baxışlar olmayacaq. Eyni zamanda bəzi ölkələrin ciddi cəzalandırılması - bəşəriyyətə xəstəlik, bəla saran dövlətlərə qarşı hansısa prosedur işə salınmalıdır, amma bu imkan güman ki, olmaycaq. Əvəzində necə ki, I və II Dünya Müharibələrindən sonra beynəlxalq sistem çökdü, yenisi formalaşdı. Bu proses  bitən kimi yeni dünya ilə tanış olacağıq.

Bir daha Avropa Birliyini salamat görməyəcəyik, İtaliya - ardınca da digərləri oranı tərk edəcək. Virusla paralel problem yaradan neft qiymətləri də bütün enerji sənayesinə ciddi zərbə vuracaq. Bu günə qədər karbohidrogen resursları ilə dünya xəritəsini boyayan dövlətlər alternativ inkişaf planlarına keçəcək. Çox güman ki, BMT dağılacaq. Daha işlək mexanizmi və ədalətli idarəetməsi olan yeni qurum təsis ediləcək. Dünyada daha güclü və zəif dövlət anlayışı qalmayıb. O baxımdan bu proses güc yox, zəka, intellekt, inkişaf ideyaları ilə yeni dönəmi təsis edəcək.

Bu prosesə isə bir də iqtisadi nəzərlərdən baxanda başqa cür də proqnoz vermək mümkündür. 2008-ci ilin qlobal iqtisadi böhranından sonra fikirlər var ki, qloballaşma tərsinə inkişafa başladı. Çin virusu ilə isə onun tabutuna son mismar vuruldu. Yəni bir az daha geniş izah etsək, virus kontekstində dünya iqtisadiyyatı çökdü, ölkələrin iqtisadi əlaqələri qırıldı, nəqliyyat iflic oldu, əlaqələr zənciri qopdu. Hüquqi və siyasi zəmində isə ölkələr sərhədlərini bağladı, insanlarln hüquq və azadlıqları məhdudlaşdırıldı, ordu, polis küçələrə çıxarıldı, bəzi dövlətlərdə parlamentlər belə “bypass” edildi. Neft bazarından başlayan laxlama, maliyyə bazarlarında şok effekti yaratdı və on illər boyu sabit olan sistem dağılmağa başladı. İqtisadi böhran, alıcı-satıcı qanununun işləməməsi, insanların işsiz qalması, kütləvi iflaslar, maaşsız əhali və sonda da aylarla iş fəaliyyətinin olmamasına rəğmən artan borc faizləri heç bir iqtisadi qanuna söykənmir və izahı da yoxdur. Super inkişaf etmiş ölkələr ənənəvi həll yoluna – böyükhəcmli maliyyə paketlərinə əl atsalar da, elə ilk mərhələdən məlum oldu ki, uğursuz addım olacaq. Hətta iqtisadiyyat burda liberalizm və mühafizəkarlıq arasındakı müharibənin nəticələrinə görə qərar verəcək. Amma indiyə qədər məlum olan odur ki, radikal idarəetmə mühafizəkarlığı təkrar dünyaya qazandırmaqdadır və liberalizmə əlvida demək zamanı çatıb.

Yenidən sərhəd anlayışı yaranan dünyada, ölümə tərk edilən İtaliya nümunəsində hansı dəyərlərdən və əməkdaşlıqdan söhbət gedə bilər ki, Romanı “qazlar” yox, ruslarla, çinlilər xilas etməyə başlayıb. İkincisi, qloballaşma yüz il əvvəl Britaniyanın timsalında idisə, sonra ABŞ bunu üzərinə götürdü. İndi adamın az qalır ağlına həmin o məşhur sual gəlir? Qloballaşma bitdimi? Böyük qətiyyətlə, yox deyə bilərik. Amma bu suala da cavab verə bilmərik ki, yoxsa indiki qloballaşmanın aparıcı indikatoru Çindirmi və dünya artıq Çin saatı iləmi işə düşəcək? Axı yaxın illərdə elə bizim ölkənin də qoşulduğu “Bir kəmər- bir yol” layihəsi yeni qloballaşma deyilmi? Və daha bir incə nümunə… ABŞ qlobal siyasəti sanksiyalara, qarşıdurmalara, müharibələrə söykənəndə Çin elə Korona dövründə də o ölkələrə yumşaq güc misalında yardım etməyə başlamadımı? İkincisi, ABŞ və Qərb virusla savaşda öz-özünə qapanmağa, qalxanlarını üstünə örtməyə başlayıb. Çin əksinə açılır, açıldıqca da bütün boşluqları doldurur və İtaliya artıq fəth edilməkdədir. Yeni dünya nizamı formalaşdı, artıq biz yeni dünyanın vətəndaşlarıyıq, bir müddət də dözsək, valyuta vahidimizin tam şəklini görə biləcəyik”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »