Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Aktyor Fikrət Məmmədov: “Gecəni kompüter klubunda keçirmişəm”
Fikrət Məmmədov - Aktyor

İllərini incəsənətə, kinoya həsr edən, çəkildiyi filmlər bu gün tarixə çevrilən qəhrəmanımız. Təəssüf ki, bəzən dəyərli yaradıcı şəxsiyyətləri sevdikləri peşələrindən, hətta həyatdan küsdürəcək addımlar atılır. Onlar çətin vəziyyətlərlə qarşılaşırlarsa, bunda aidiyyəti qurumlarla yanaşı, insanların münasibətinin də rolu var.

Bir çox filmlərdə fərqli obrazlarla evlərimizin qonağı olan yaradıcı şəxslərdən biri də aktyor Fikrət Məmmədovdur. Dəyərli incəsənət nümayəndələrimizdən biri olan F.Məmmədov evi olmadığı üçün çətin şəraitdə yaşayır.

Oxu.az-ın əməkdaşı "Fəryad” filmində canlandırdığı Aşot obrazı ilə də yaddaşlarda silinməz izlər qoyan aktyor F.Məmmədovla əlaqə saxlayıb, yaşadığı problemləri ilə əlaqədar onunla söhbət edib.

“Bunu dilə gətirmək mənim üçün çox çətindir, amma yaşamağa evim yoxdur”

- Çoxdandır gözlərdən uzaqsınız.

- Təəssüf ki, elədir. Teatr bağlandığı üçün işlərimiz azalıb. Ölkədə koronavirus epidemiyası ilə bağlı vəziyyət isə hər şeyi daha da çətinləşdirib.

- Son olaraq “Ol” teatrında çalışırdınız, elə deyilmi?

- Uzun illər sənətdən uzaq düşmüşdüm. Amma 2 il bundan əvvəl “Ol” teatrının yaradıldığını eşitdim. Tələbələrimlə birgə teatrda işləməyə başladım. Çox zəhmət çəkdik. Yeni fəaliyyətə başlayanda teatra mütləq dəstək lazımdır. Təəssüf ki, bu dəstəyi teatra göstərən olmadı.

- Sonra nə üçün işsiz qaldınız?

- İnanın, bunu demək mənim üçün çox çətindir. Amma bu yaşdan sonra belə bir vəziyyətlə qarşılaşmaq məni həyatdan küsdürür. 2 il fəaliyyət göstərdikdən sonra teatr bağlandı. Artıq 6 aya yaxındır teatrla əlaqəm yoxdur.

- Hazırda hansı fəaliyyətlə məşğulsunuz, harada yaşayırsınız?

- Son vəziyyətlə bağlı bir çox sahələrdə iş dayandırılıb. Tədbirlər, bayram proqramları, eləcə də serial və kinoların çəkilişi dayandırılıb. Mən incəsənət adamıyam, başqa gəlir yerim yoxdur. Aldığım məvaciblə kirayədə qala bilirdim. Amma artıq o da yoxdur. 1 aya yaxındır ki, qalacaq yerim yoxdur. Ötən gecəni paytaxtda fəaliyyət göstərən kompüter klublarından birində keçirmişəm.

- Bəs sənət dostlarınız, sizə dəstək olan kimsə yoxdur?

- “Ata ocağı”, “Əks təsirlər” kimi seriallarda rol almışam. Amma o dəvətlər də artıq yoxdur. Ömrümün böyük hissəsini Azərbaycan kinosuna həsr etmişəm.

İndi bunu söyləmək mənim üçün çox çətindir. İnanmırlar ki, incəsənət adamlarının qazancı ev alacaq qədər çox deyil. Mən incəsənət adamıyam. Teatrlara, film sahəsinə dəstək lazım olduğunu hər kəsdən yaxşı bilirəm. Bu gün teatrlarda verilən maaşla ailə saxlamaq mümkün deyil. Çox çətindir. Ev ala bilməkdən isə heç danışmıram. 2 il əvvəl qaraciyərimdə problem yaşadım. Ağır müalicədən sonra özümü bir qədər normal hiss etməyə başladım.

- Səhhətinizlə bağlı problemlər aradan qalxıbmı?

- Səhhətimlə bağlı hazırda ciddi problemim yoxdur. Ağır xəstə olduğum zamanlarda belə heç kəsdən heç nə istəməmişəm, bu gün də istəmirəm. Bu, məni utandırır. Mən tələb deyil, rica edə bilərəm. Yaradıcı insanların diqqət və qayğıya ehtiyacı olur. Mənim bu gün ən ciddi problemim ev məsələsidir. Bir aya yaxındır dostlarımın, tələbələrimin yanında qalıram. Hazırda da tələbələrimdən birinin yanına gəlmişəm. Bundan sonra necə olacağını deyə bilmərəm. 64 yaşım var və evimin olmaması məni çox çarəsiz qoyur.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir. Təəssüf hissi ilə qeyd edirəm ki, yaradıcılığı ilə Azərbaycan kinosuna imzasını atmış aktyor Fikrət Məmmədov ötən gecəni şəhərdə fəaliyyət göstərən kompüter salonlarından birində keçirib.

Xatırladaq ki, Fikrət Məmmədovu kinostudiyada hər zaman “Fiko” deyə səsləyərdilər. Bu gün də insanlar onu öz adı ilə deyil, ya canlandırdığı obrazlarla, ya da elə “Fiko” deyə çağırırlar.

Fikrət Məmmədov "Axırıncı reys” (film - 1989), "Bağlı qapı” (film - 1981), "Bayquş gələndə” (film - 1978), "Cin mikrorayonda” (film - 1985), "Çarə” (film - 1981), "Doğma sahillər” (film - 1989), "Əlaqə” (film - 1989), "Fəryad” (film - 1993), "Fırıldaqçı” (film - 1983), "Gözbağlıcı” (film - 1986), "Gümüşgöl” əfsanəsi (film - 1984), "Güzgü” (film - 1990), "Hədiyyə” (film - 1986) "İbrət dərsi” (film - 1984) və başqa filmlərdə müxtəlif obrazlar canlandırıb. Aktyor "Fəryad” filmindəki Aşot obrazı ilə isə yaddaşlarda silinməz iz qoyub.

Paylaş »
››› Azərbaycanlı həkimdən sinirli açıqlama: "Karantin rejimləri ləğv edilməlidir"
››› “Postların yığışdırılması karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən daha bir açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Azərbaycanda benzinin ardınca siqaret də bahalaşdı
››› Bəhram Bağırzadə ilə bağlı açıqlama: ECMO cihazından ayrılıb
Son xəbərlər
Bütün xəbərlər »