Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ya panikaya düşürük, ya da vecsizləşirik

Rayonlardan Bakıya, Bakıdan rayonlara giriş-çıxış bağlanmalıdır.

Goranboydan yola düşdüyüm avtobusda kifayət qədər sıxlıq var. Az qala ağız-ağıza, bir-biri ilə yaxın təmasda əyləşmiş sərnişinlər virusu rahatlıqla bir-birinə ötürə bilər. Özünü xəstə kimi hiss etməyənlər daha təhlükəlidir. Çünki virus daşıyıcısında kəskin qızdırma, öskürək, nəfəs almaqda çətinlik 14 gün içində büruzə verir. Belə olduqda isə bu cür avtobuslar elə birbaşa virus daşıyıcıları ola bilər.

Digər problem isə rayon camaatının əksəriyyəti bu virusun siyasi oyun olduğunu hesab edir. Virusdan çox, dollardan danışan var. Virusun olduğunu qəbul etməyən insanlara onunla mübarizə üsullarını anlatmaq da faydasızdır. Kimsə daxilən təlaş içindədir, xəstə oldu-olmadı maska taxır, tez-tez spirtlənir. Kimi də qeyd etdiyim kimi belə bir virusun olduğuna inanmır, olsa belə, onlara çatmayacağından əminliyini ifadə edir. Əlqərəz, mənzərə heç ürəkaçan deyil. Ya panikaya düşürük, ya da vecsizləşirik. Təlaşa düşmədən tədbirli davranan insanlar olsa da, kifayət qədər deyil. "Göz gördüyündən qorxar" deyimi vəziyyətimizin qısa izahıdır. Yoluxma, ölüm halı az olduğundan çoxumuz məsuliyyətsizlik etməkdə davam edirik. İtaliyanın halına baxıb dərs çıxarmırıq.

Vəziyyətin kəskinləşməməsi üçün hər kəs öz öhdəsinə düşəni etməlidir. Öz gigiyenasına riayət etmək bəs etmir. Gərək bu vəziyyəti dərk edək, ciddi yanaşaraq yaxın ünsiyyətdən, vacib olmadıqca sıx yerlərdən uzaq duraq, ictimai nəqliyyatdan az istifadə edək. Xüsusi rejimi, müəyyən olunmuş qaydaları pozanlara qarşı sərt və qərarlı davranaq. Çünki kiminsə ehtiyyatsızlığı, laqeydliyi onlarla insanın yoluxmasına, ölümünə səbəb ola bilər. Əzizlərimiz, doğmalarımız üçün diqqətli, tədbirli olaq.

Aləmdə Nəsib
Son xəbərlər
Bütün xəbərlər »