Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa görə kredit ödənişlərinə güzəştlər edilsin - Deputat

Xəbər verildiyi kimi Baş nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün dünən keçirilən hökumətin iclasında koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb. Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün, dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Bizimyol.info-nun xəbərinə görə, Nazirlər Kabineti koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması məqsədilə sahibkarlara dəstək üçün hazırlayacağı təkliflərlə bağlı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, məhdudlaşdırıcı tədbirlərin sahibkarlara, eləcə də vətəndaşlara iqtisadi təsirlərini minimumlaşdırılması üçün bu tədbirlərin də paketə daxil olunması məqsədəuyğun olar:

Vüqar Bayramov Vüqar Bayramov

“Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərdə güzəştin verilməsi məqsədəuyğundur. Doğrudur 2 bank istisna olmaqla digər banklar özəl qurumlardır. Amma Mərkəzi Bank tərəfindən banklara belə tövsiyə xarakterli müraciət edilə bilər. Bizə olan müraciətlərdə də bəzi vətəndaşlarımız koronavirus səbəbindən gəlirinin azaldığını və kredit ödəməkdə çətinlik çəkdiyini bildirirlər. Məsələn, Almaniyadan avtomobil idxal etməklə gəlir əldə edən vətəndaşımız artıq maşın satışı ilə məşğul ola bilmir, amma onun ipoteka kredit borcu var və borcunu ödəməkdə çətinlik çəkir. Bu baxımdan, kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və peniyaların hesablanmasının dayandırılmasını məqsədə uyğundur. Koronavirusla qlobal mübarizənin nəticəsindən asılı olaraq bu müddətə yenidən baxıla bilər”.

İqtisadçı-ekspert bildirib ki, koronavirus onlayn ticarətin inkişafını daha da aktuallaşdırıb:

“Sosial təcrid tədbirlərinin həyata keçirildiyini nəzərə alsaq, onlayn ticarətin təşviq edilməsi üçün güzəştlərin tətbiq olunması məqsədəuyğun olar. ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə onlayn ticarət satış vergisindən azaddır. Oxşar praktikanın bizdə də tətbiq olunması məqsədəuyğundür”.

V.Bayramovun sözlərinə görə, sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var:

“Xüsusən rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var. Banklar girov üçün paytaxtdan əmlak tələb etdikləri üçün onların bir sıra hallarda bu imkandan faydalanmaqda çətinlikləri olur. Bu baxımdan girov mexanizminin təkmilləşdirilməsinə və xüsusən də rayonlarda yaşayan sahibkarlarımız üçün daha güzəştli sistemin formalaşdırılmasına ehtyac var”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »