Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun təhlükəli... ədaləti

COVİD-19 yeni tipli koronavirus hər gün yeni canlar alır. Ümumdünya Səhiyyə Təşkilatının martın 17-ə olan məlumatına görə, virus artıq 162 ölkəyə yayılıb. Bu günə qədər bütün dünyada bu virusa yoluxanların sayı 182 min 742 nəfərə çatıb. Bunlardan 7 min 174 nəfər ölüb, 79 min 883 nəfər sağalıb. 290 nəfər bu xəstəliyə yenicə yoluxub. Yeni sağalanlar 1300 nəfərdir.

Yenə rəqəmlərə baxsaq, bir həftə ərzində - martın 10-dan 17-dək virusun yayılma coğrafiyası 115 ölkədən 162 ölkəyə çatıb. Ölənlərin sayı həmin dövrdə 4027-dən 7174-ə yüksəlib. Martın 10-a olan məlumatda ümumi yoluxanlar 114 min nəfərdən çox, sağalanlar 64 min 88 nəfər idi. Doğrudur, yeni yoluxanların sayı həmişə yeni sağalanların sayından azdır; martın 17-də 290 nəfər yeni yoluxan, 1300 nəfər yeni sağalan var. Bu, nikbinlik üçün müəyyən əsas ola bilər. Ona görə də təşvişə, xüsusi ajiotaja yer yoxdur; doğrusunu desək, heç faydası da yoxdur. Panik duruma düşməmək üçün ən başlıca səbəb: siz virusdan qorxduqca, onun qarşısında daha zəif düşürsünüz - immuniteti itirirsiniz. Marketlərə axışıb rəfləri silib-süpürdükcə, evlərinizə ehtiyacınızdan çox ərzaq daşıdıqca, ətrafdakıları da qorxuya salır, onları da mümkün yoluxmaya yaxınlaşdırırsınız. Bu, eynilə şaiyələr yayanlara da aiddir. Rəsmi olmayan, dəqiq olmayan xəbərlər özləri də ən az o virus qədər zərərlidir. Siz qorxu, təşviş saçdıqca, yan-yörənizdəki insanlar da bu illətə daha çox yenik düşəcək. Və sual: ətrafda koronavirusa yoluxanların sayı sayənizdə həndəsi silsilə ilə çoxalsa, evə daşıdığınız makaronların sizi xilas edəcəyinimi düşünürsünüz?! Elə bir şey olmayacaq.

Virusdan qorunmağın əsas yolları dövlətin qoyduğu qaydalara əməl etməkdən keçir. Dövlət də qərarlarını Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun qurur. Nə düşmüsünüz səhiyyə nazirinin üstünə?! Ondan nə umursunuz ki, sosial şəbəkələrdə "qırmızı xətlə axtarış" vermisiniz?! Adamı rahat buraxın. Ümid ona qalsaydı, indi ölkənin yarısı yoluxmuşdu.

Karantini pozan şəxslərlə bağlı göstəriş verildi

Baxın, dünyanın böyük, qüdrətli dövlətlərində nələr olur, nələr! İnsanlar kütləvi yoluxur. Kütləvi qırılır. Çin, ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya və sair və ilaxır. Azərbaycanda mağazalara ilk günlərdə hücum edilmiş olsa da, bu günlər hər şey var; ərzaq qıtlığı yoxdur. Gəzirik, görürük. Çörək var. Zəruri tələbat malları da var. Sadaladığımız böyük ölkələrə baxın. Mağazalar bomboş. Türkiyə ilə, Gürcüstanla, hətta İranla Azərbaycan arasında əlaqələrin məhdudlaşdırılmasını sosial şəbəkələtdə tənqid edənlər var. Hərçənd dünənə qədər sərhədlərin bağlanmamasından qəzəblənirdilər. Baxın, ABŞ-ın və Avropanın qüdrətli dövlətlərinə də baxın. Onlar da məhdudlaşdırır. Sərhədlər bağlanır. ABŞ Prezidenti bütün ölkəboyu fövqəladə vəziyyət elan edib. İtaliya hökuməti bütün ölkəni karantin zonası elan edib. Fransa, Almaniya və sair ölkələr - hamı lazım olan qaydalar tətbiq edir.

Demokratik, sivil Qərb dediyimiz dünya gərəkli bildiyi ən sərt sanksiyaları tətbiq etməkdən belə çəkinmir. Çünki bu cür fövqəladə durumlarda milyonlarla, on milyonlarla, hətta Çin, ABŞ, Braziliya və sair kimi ölkələrdə yüz milyonlarla insan real təhlükədədirsə, əhalini qorumaq üçün insanların müəyyən hüquqları məhdudlaşdırılmalıdırsa, bu addımları atırlar. Bizim ölkəmizdə hələ heç o sərt addımlar atılmayıb; ölkənin miqyası kiçikdir, bizdə də virus yayılıb. Ancaq vəziyyət düşünüldüyü qədər də fəlakətli deyil; yoluxanların sayı var. Ancaq kütləvi ölümlər şükür ki, yoxdur.

Preventiv addımlar da atılıt. Ancaq bu, arxayınlığa da əsas vermir. Risq böyükdür. Hər kəs dövlətin qoyduğu qaydalara əməl etmək zorundadır. Bu məsələdə dövlətə kömək etmək özünə köməkdir. Özünə köməyin ən əsas şərti də qoyulan qaydalara qarşı anlayışlı olmaqdır. Dövlət bundan da sərt qaydalar qoya bilər. O qaydaları pozanlara daha ağır sanksiyalar ola bilər. Çünki əhalinin bu virusa kütləvi yolux(durul) ması təhlükəsi var. Bu təhlükə qaldıqca, ən sərt qərarların verilməsi ehtimalı da qalır. Bu üzdən bu günlər hərə özünü, hər həs bir-birini və dövlət də hər kəsi qorumaq üçün əlindən gələni etməlidir. Təhlükə gözümüzün önündə, əlimizin içində - bir sözlə burnumuzun ucundadır. Bu, reallıqdır. Bu reallıqdan qaça bilməsək də, mümkün olduğu qədər qoruna bilərik. Koronavirus təhlükəsi hazırda koronavirusdan qorunmamaq təhlükəsi deməkdir. Bu çətin sınaq anında dövlətimiz bizimlə, biz isə dövlətimizlə birlikdə olmalıyıq. Məhdudlaşdırıcı addımlardan insanlara, sahibkarlara dəyən zərərin qarşılanması və azaldılması üçün də hamılıqla bir şeylər düşünməliyik. Bunun da çarəsi tapılmalıdır.

Almaniya zərər çəkən sahibkarlara limitsiz kredit xətti açıb. ABŞ böyük vəsait ayırıb. Çünki elə sahələr var ki, evdə oturmaqla, məsafədən işləmək olmur. Onlar faktik işsiz, çörəksiz, çarəsiz qalır. Hökumətin üzərinə böyük iş düşür bu mənada.

Ancaq təkcə hökumətlik də deyil. Böyük şirkətlər, varlı, imkanlı adamlar sosial məsuliyyət hiss etməlidir. O pulları bu ölkədən, bu camaatdan qazanmısınız, cənablar! Bu gün onun bir hissəsini paylaşmaq lazımdır. İşsiz qalan, işə çıxa bilmədiyi üçün qazanc yerindən məhrum olan insanlara, risq qrupunda olan yaşlı adamlara, ailə başçısını itirmiş əlsiz-ayaqsıza əl tutun, kömək edin. Onsuz da bu ərzağı evlərə daşınan mağazalar, bu qarşısında dollar növbəsi düzülmüş banklar, bu apteklər, klinikalar, alış-veriş mərləzləri... nə varsa, sizindir. Bu gün xərclədiyinizi sabah qat-qat artıqlaması ilə qazanacaqsınız. Elə bu günün özündə də qıtlıq yaradıb, qiyməti qaldırıb bu fəlakətdən qazananlar da var aranızda. Bütün pulları qazana bilməzsiniz. Qazansanız da, pulların özü də ən böyük virus daşıyıcısıdır, unutmayın. Paylaşmaq zorundasınız. Zira koronavirus varlı ilə kasıba fərq qoymur. Koronavirusun ədaləti də bu!

Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »