Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Komarovski: “Azərbaycanlılar, yaşlı insanları qoruyun”
Yevgeni Komarovski

Uşaqların sağlamlığı ilə bağlı kitabların müəllifi, tanınmış həkim, sovet və Ukrayna həkim-pediatrı, “Doktor Komarovskinin məktəbi” televiziya şousunun aparıcısı Yevgeni Komarovski Media.Az-a verdiyi müsahibədə Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi COVID-19 koronavirusuna münasibət bildirib. Ölkələr hava nəqliyyatını dayandırır, sərhədlər, məktəblər, uşaq bağçaları, muzeylər, teatrlar bağlanır. Bəs dünyaca məşhur həkim Yevgeni Komarovski nə düşünür?

- ABŞ-dan tutmuş, Çinə qədər dünya ölkələrinin tətbiq etdiyi tədbirləri əsaslı sayırsınızmı? Müvafiq sərt tədbirlər həmçinin Azərbaycanda da qəbul edilib...

- Əsas anlamalı olduğumuz odur ki, bir nəfər var və həmin insan qərarları qəbul edir. Bu dövlət başçısıdır. O, məhdudlaşdırıcı tədbirlərin görülməsi göstərişini verir. Söhbət böyük məsuliyyətdən gedir. Gecikmənin hər günü on və ya yüzlərlə, hətta minlərlə insanın ölümünə səbəb ola bilər. Odur ki, fövqəladə siyasi qərarlar bu virusun əsl epidemioloji xüsusiyyətləri ilə əsaslandırılır.

Diqqət yetirin, Azərbaycanda uzunömürlülərin sayı çoxdur. Buna görə də, ölkəniz üçün ən sərt tədbirlər son dərəcə vacibdir, çünki koronavirus, əsasən, yaşlı insanları “vurur”. Azərbaycan qitənin bir çox ölkəsində insanların çoxunun hətta 50 yaşına belə çatmadığı Afrika deyil.

- Martın 27-dək Azərbaycanda bütün təhsil müəssisələrində dərslər dayandırıldı: uşaq bağçalarından tutmuş, məktəblərə və universitetlərə qədər. Sizin fikrinizcə, karantin müddəti nə qədər olmalıdır? Həddən artıq ehtiyatlı davranmaq gərəkdirmi?

- Baxın, mən vaxtaşırı “Youtube” kanalımda videolar hazırlayıram. Və hər dəfə mənə elə gəlir ki, mümkün olan hər şeyi artıq demişəm. Ancaq üç-dörd gün keçir və bir daha başa düşürəm ki, bütün xəbərləri deyib çatdırmamışam. İnformasiyanın yığılması, hadisələrin inkişafı - hər şey çox tez baş verir. Beləliklə, martın 27-də (Azərbaycanda - red.) nə olacağını anlamaq, sadəcə, mümkün deyil.

Azərbaycan cəmiyyətinin diqqətini, ümid edirəm ki, eşidərsiniz, çox vacib bir məqama çəkmək istəyirəm. Koronavirus uşaqlarınız üçün xüsusi təhlükə törətmir. Lakin COVID-19 yaşlılar, xüsusən də, 70 yaşdan yuxarı olanlar üçün çox təhlükəlidir. Onları qorumaq gərəkdir. Onlara yeməyi, pensiya pulunu çatdırmaq lazımdır. Bu insanlara kömək edin. Gənclər kömək etməlidir. Və cəmiyyət özü üçün həmin məsələni həll etməlidir! Yaşlıları onların öz təhlükəsizliyi üçün təcrid etmək lazımdır! Onlar apteklərdə, mağazalarda, ictimai nəqliyyatda görünməməlidirlər. Qoy onlara lazım olan hər şeyi evlərə gətirsinlər.

Təkrar edirəm ki, hamı xatırlasın - xəstəliyə həssas olan yaşlılardır. Buna reaksiya vermək gərəkdir. Hər binada, hər həyətdə, hər kənddə hamı çölə çıxmamalı olan yaşlı insanlara kömək etməlidir. Onlara lazım olan hər şey gətirilməlidir.

Bu mənim hər kəsə çağırışımdır. Niyə İtaliyada belə dəhşət baş verir? Çünki ölkə əhalisinin üçdə biri yaşlı insanlardır. Səlahiyyətlilər də karantin üçün gecikdilər. Ümumiyyətlə, bu, ağciyərlərin süni ventilyasiya aparatına, oksigenə və həkimlərə deyil, təşkilatlılıq və qarşılıqlı hörmətə ümid etməyimiz gərək olan həmin andır. Azərbaycan həmişə yaşlı nəsilə hörmətlə məşhur olub. İndi bunun konkret fəaliyyətlərə çevrilməsi zəruridir. Əminəm ki, sizdə - Azərbaycanda bu alınacaq.

- Bəs hansı praktik tövsiyələr verə bilərsiniz? Aydındır ki, əlləri tez-tez və sabunla yumaq gərəkdir...

- Əsas onu anlamalıyıq ki, bu virus üçün (yayılması üçün - red.) kontakt-ötürmə üsulu xarakterikdir. Yəni adam öskürür, ağzını əli ilə tutur və sonra qapının dəstəyindən və ya məhəccərdən yapışır. Daha sonra başqa bir adam eyni məhəccərə və ya qapı dəstəyinə toxunur, sonra yanağına toxunur, gözlərini ovur və s. Budur, yoluxma baş verir. Buna görə, iki əsas prinsipə əməl edilməlidir. İlk növbədə, insanlardan uzaq durun (ən azı 1,5 metr). Çətin olsa da, məsələn, supermarketlərdə. Bu cüzi bir şey kimi görünür, amma çox vacibdir.

Əlbəttə ki, sizin dediyiniz kimi, əlləri yumaq vacibdir. Xəstələr, vurğulayıram, məhz xəstələr maska taxmalıdır. Və hər hansı bir otaqda havanı dəyişmək lazımdır. Hava hərəkətsiz, quru olduqda virusun çox “xoşuna gəlir”. O, təmiz havanı “bəyənmir”. Onu həm də nəmləndirmək gərəkdir. Əlbəttə ki, mümkün qədər çox su içmək də lazımdır.

Paylaş »
››› Koronavirusu və SARS-ı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı
››› Karantinə görə işə çıxa bilməyənlərə dövlət tərəfindən pul ödəniləcək - Rəsmi
››› Mübariz Mənsimovdan Əliyev və Ərdoğana müraciət: “Atama və anama yalan demişik”
››› “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video
››› ABŞ-da tibb işçiləri virusa görə diz çöküb Allaha yalvarır - Video
Son xəbərlər
Bütün xəbərlər »