Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Seçicisindən asılı deputat görməliyik”
Əlməmməd Nuriyev: “Yeni tərkibin üzərinə böyük yük düşüb”

Martin 10-da Milli Məclisin yeni tərkibi öz işinə başladı. İlk iclasda Prezident Ilham Əliyev də iştirak və çıxış etdi. Parlamentin yeni tərkibinin seçilməsinə, formalaşmasına münasibətini bildirdi və deputatlara, bütövlükdə parlamentə öz tövsiyyələrini verdi.

Parlamentin yeni tərkibdə ilk iclasının nəticələrini, eləcə də, Prezident İlham Əliyevin çıxışındakı mesajları Bizimyol.info xəbər portalına müsahibəsində Konstitusiya Araşdırmaları Fondunun Prezidenti, Milli Məclisin keçmiş deputatı Əlməmməd Nuriyev geniş şərh edib.

- Milli Məclisin yeni tərkibinin ilk iclasında Prezident İlham Əliyev dedi ki, parlament demokratik seçki əsasında formalaşıb və xalqın iradəsini əks etdirir. Parlamentdən kənar qalan siyasi partiyalar isə bu fikirlə razılaşmadı. Sizcə, Prezidentin fikirləri nəyə əsaslanırdı?

- Növbədənkənar parlament seçkillərində istər hazırlıq mərhələsində, istərsə də namizədlərin qeydə alınması mərhələsində hər hansı problemlər baş vermədi. Eyni zamanda ortalama bir yerə qarşı 10-13 deputatlığa namizəd iştirak edirdi. Bu da rəqabət göstəricisi idi. İndikatorlardan rəqabətlilik göstəricisidir...

- Bir yerə 13 nəfərin namizəd olması mütləq demokratik seçkidirmi? Yəni 13 nəfər iştirak edir, amma deputat mandatı yenə seçilməyənə verilir...

- Ancaq Avropa İttifaqının rəyinə baxın. Cənab Prezident də bu rəyə əsaslanır; Aİ bildirdi ki, seçilən deputatlarla işləyəcəyik. Azərbaycan əhalisi də seçkinin nəticələrini sakit qarşıladı...

- Etirazlar var idi. Pozuntulardan narazı qalanlar fikirlərini bildirirdilər...

-Bəli, Cənab Prezident də dedi ki, seçki pozuntuları baş verib, qüsurlar var. İstənilən seçkidə bunlar olur. Eyni zamanda 4 dairədə səsvermə, 300-dən məntəqənin də nəticələri ləğv olundu. Bununla bağlı da Prezident fikirlərini səsləndirdi. Seçkidən narazı qalanlar da olacaqdı. Çünki seçkidə bir dairədə 10-13 şəxs iştirak edirsə, bunların bir qismi narazı qala bilər. Eyni zamanda seçkilərə qoşulmayan bir sıra siyasi qruplar vardı. Onlar da seçkilərin nəticələrindən narazı idilər. Yaxud seçkilərə qoşulan, amma seçiləməyən siyasi pariyalar da var; onlar da narazı idilər. Yəni seçki elə deyil ki, seçkilərin nəticələri hamını təmin etsin, razı qalsın. Hər bir halda fəqrli fikirlər olmalıdı. Bu məsələrlə bağlı həmişə fəqli fikir səslənib, bundan sonra da səslənəcək.

- Məsələ fərqli fikirlərdə deyil, qanun pozuntularından söhbət gedirdi. Buna baxmayaraq Milli Məclisin tərkibi təsdiq olundu...

-Bəli, dünən parlamentin ilk içlası oldu, 121 deputatın mandatı təsdiq olundu. Parlament rəhbərliyi və komitələr formalaşdı, müavinlər seçildi. Parlamentdə artıq müxalifəti təmsil edən deputatlar da parlamentin rəhbərliyində, komitələrin rəhbərliyində təmsil olunmağa başladı. Prezident çox mühüm bir məsələyə də toxundu; siyasi partiyalarla dialoqun olması, siyasi partiyalarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, siyasi partiyalara aid ideyaların dəyişdirilməsi, fəaliyyəti üçün bütün alətlərin tətbiqi məsələsi. Bunlar vacib bir məsələlərdir. Parlamentin daxili nizamnaməsində olan siyasi plüralizmin təmin edilməsinə müsbət yanaşmalar baş verib. Indiyə qədər Azərbaycan parlamentində belə hal olmamışdı. Amma hələ görüləsi işlər çoxdu. Bunu Cənab Prezident də öz çıxışında qeyd etdi. Çoxlu çağırışlar var. Parlamentin üzərinə böyük yük düşüb. Eyni zamanda bir çox qanunlarda boşluqlar var və onları təftiş etməlidir. Qanunların icra mexanizmləri yoxdur və keyfiyyət məsələləri əsas olmalıdır. Parlamentin Aparatının strukturunda dəyişikliklərin baş verməsi çox vacibdir. Ən əsası, parlament ölkədə gedən islahatlar kursuna dəstəyini verməlidir. Bunun öhdəsindən bu parlament gələcəksə, cəmiyyət tərəfindən pozitiv yanaşmalar genişlənəcək.

-Prezident həmçinin dedi ki, parlament çoxpartiyalılıq əsasında formalaşıb. Siz də, az əvvəl buna toxundunuz. Sizcə, parlamentin buna qədərki, elə son çağırışda və indiki çağırışda formalaşan tərkibində iştirak edən partiyalar ciddi siyasi qüvvələrdirmi? Yəni onların parlamentdə 1 və ya ən çoxu 3 deputatla təmsil olunması çoxpartiyalılıq deməkdirmi?

-İndiyə qədər müxtəlif partiyaların nümayəndələri parlamentdə təmsil olunub. Amma bu dəfə isə fəqli yanaşılıb. Parlamentin rəhbər strukturlarında siyasi partiyaların nümayəndlərinin iştirakı məsələsidir. Bu, yenilikdir, indiyə qədər olmamışdı. Eyni zamanda plüralizmə təkan verə biləcək bir məqam ola bilər. Bu nə dərəcədə real olacaq? Bu, artıq seçilən şəxslərdən asılı olacaq. Onların peşəkar bacarıqlaı ilə bağlı məsələdir. İnanıram ki, töhfə verəcəklər. Eyni zamanda istənilən parlamentin coxpartiyalı olmasının əsas elementlərindən biri müxtəlif partiyalardan orda deputatların təmsil olunmasıdır. Onun sayı ilə bağlı məsələ deyil. Bir tərəfdə iqtidar, bir tərəfdə siyasi partiyaların nümayəndələri. Orda iki fikir səslənirsə, iki fərqli fikirdən söhbət gedir. O demək deyil ki, bütün müxalifət partiyaları eyni fikir söyləsin. Bu, mümkün deyil.

-Parlamentin rəhbərliyi tamamilə dəyişdi, komitə sədrləri və sədr müavinləri arasında da dəyişikliklər var. Bu dəyişikliklər Milli Məclisin işinə ciddi və müsbət mənada təsir edəcəkmi?

-Bu dəyişikliyin əsas mahiyyəti və bunlara əsas odur ki, Mill Məclisin işinə təsir göstərsin, səmərəliliyini artırsın. Parlament deputatları hökumətin hesabatlılığı ilə bağlı daha ciddi, tələbkar olsunlar, hökümətlə əlaqələri daha da dərinləşdirsinlər. Seçicilərlə əlaqənin daha da sıx olması lazımdır; seçicisindən asılı olan deputat görməliyik. Çox zaman biz onu müşahidə etməmişik. Çox az hallarda rast gəlinib. Əksər hallarda deputat belə fikirləşir ki, seçildi, qurtardı. Bir də 5 ilin sonunda gedir ki, hömətli seçici, mən gəlmişəm, yenidən seçin. Amma fəqrli bir tərəflər də var. İstər- istəməz parlamendə keyfiyyət dəyişikliyi baş verəcək. Bu gün desək ki, hər şey əladı, yüksəkdi. Yox. Biz ancaq müəyyən işin təşkili ilə bağlı ilkin, müsbət yönələ biləcək tendensiyaları görə bilirik. Ancaq rüşeymlər formasında. Parlamentin yeni rəhbərliyi də peşəkar, təcrübəli insanlardır. Ümidvaram ki, demokratiyanın inkişafına töhfə verə biləcəklər.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »