Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dayanacaq var, piyada keçidi yoxdur – Yusif Səfərov küçəsi

Qəza olanda birdən olur, əvvəlcədən heç kəsə xəbərdarlıq məktubu yazmır.

Mənzilə çatdığımı düşünüb təzəcə sevinmişdim ki, qanım qaralır. Dayanacaqda “Bakubus” avtobusundan enib ətrafa boylanıram. İdarə ilə üzbəüz dayanmışam. Baxıram görüm keçid hansı tərəfdədir. Beş-on addım sağa-sola gəzinib ətrafa boylanıram. Nəsə gözümə piyada keçidi dəymir. Qanım yaman qaralıb. Döyükərək öz-özümə: “Bu necə ola bilər axı? Bu boyda dayanacaq quraşdırasan, amma yan-yörəsində piyada keçidi olmaya. Yəqin mən görmürəm” – deyə fikirləşirəm. Ümidlə bir də ətrafa göz atıram, amma piyada keçidinin heç izi-tozu da gözə dəymir.

Yusif Səfərov küçəsi

Magistral yolla üzbəüz dayanmışam, maşınlar sürətlə şütüyür. İdarə də tam qarşıdadır. Elə bu dəmdə dayanacağın yaxınlığında ətrafı müşahidə edən polis işçisini görürəm. Ümidlə yanaşıb keçidi soruşuram. Sualımı eşidən kimi o da məni kimi mütəəssir olur. Keçidin hər iki istiqamətdən də uzaqda olduğunu bildirir. İnanmağım gəlməsə də, keçidlərin hər iki istiqamətdə yerini izah etdiyindən sonra vəziyyətlə barışıram. Yadıma yay ayında da burada olduğum və eyni vəziyyətlə qarşılaşdığım düşür. İsti yay günündə yolun digər istiqamətindən indiki kimi keçə bilmədiyimə görə ümidlə “Beş metr, on metr irəlidə olar” deyə-deyə irəliləyib “Heydər Əliyev mərkəzi”nə piyada çatmışdım. Bu dəfə o yorğunluğu, əziyyəti yaşamaq istəmirəm. Məcbur qalıb növbəti avtobusa minirəm və “Heydər Əliyev Mərkəzi”nin yanında avtobusdan enərək yolun əks istiqamətinə keçirəm. Növbəti avtobusa minib geri dönürəm. Bu dəfə də dayanacaqda avtobusdan enirəm, lakin yenə keçid yoxdur. Amma burada bir az ümid var. Piyada keçidi olmasa da, yolayrıcında avtobuslar yavaş hərəkət edir və piyadalar da buna görə yolu qaça-qaça keçə bilir. Naəlac mənlə avtobusdan enib yolu keçən piyadalara qoşuluram. Solumdan sürətlə gələn maşın siqnal verə-verə rolunu döndərib yanımdan keçir. Nəhayət, Bakı şəhər Baş Polis İdarəsinə çatıram. Geri döndüyümdə piyada xanımlarla söhbətləşirəm. Sən demə, xanımlar da bu yoldan yaman narazıdır. Yarı rusca, yarı azərbaycanca danışan, xoş görünüşlü, mehriban yol yoldaşlarımdan bir deyir ki, səhər saat 10da işə gedir. O saatlarda sözügedən yolda – Yusif Səfərov küçəsində sakitlik olur. O da işə gecikdiyindən yolu qaçaraq keçir. Deyir: “Fərqindəyəm ki, özümü də, sürücüləri də təhlükəyə atıram. Amm neynəyəsən ki, dayanacaq yaxın olsa da, ona çatmaq üçün keçid yoxdur. Uzaqda olan keçidə getmək, gəlmək adamı lap əldən salır”. Xanımlarla sağollaşıb yoluma davam edirəm, piyada gəzə-gəzə dayanacağa çatıram. Nərimanov istiqamətinə getməli olsam da, uzaqda olan keçid ucbatından “28 May” metro stansiyası tərəfə gedən avtobusa minirəm. Beləcə, 28 Maydan Yusif Səfərov küçəsində yerləşən Bakı şəhər Baş Polis İdarəsinə bircə dəfə gəliş-gedişim “oyun-oyuncağa” dönür.

Mövcud vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxladım. BNA-nın sözçüsü Mais Ağayev “Piyada təhlükəzisliyi bildiyiniz kimi ən vacib məsələlərdəndir. Bu çərçivədə Yusif Səfərov küçəsində də müəyyən işlərin görülməsi planlaşdırılır” – deyə münasibət bildirdi.

Ümid edirik ki, bu problem tezliklə öz həllini tapacaq. Bütün piyadalar məni kimi qaydaları pozmamaq, özü və sürücülərin həyatını təhlükəyə atmamaq naminə bu qədər dolanıb-duracaq səbrə sahib deyil. Bir çox insan on metr o yanda olan keçiddən keçməyi əziyyət hesab edir. Keçidi qoyub maşın yolundan keçir, özünü də, sürücüləri də təhlükəyə atır. Sağ qalanları sorğu-suala çəksən “Bilmədim, tələsirdim” kimi onlarla bəhanə sadalayırlar. Amma qəza da olanda birdən olur, əvvəlcədən heç kəsə xəbərdarlıq məktubu yazmır.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »