Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Azərbaycan atıcı silahların istehsalına görə azsaylı ölkələrdəndir

Silah əsgərin şərəfidir, namusudur. Silah ən sülhsevər ölkənin belə özünümüdafiə qüdrətinin göstəricisidir. Müharibə şəraitində olan ölkə olaraq hərbi gücümüz torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası üçün vacibdir, hərbi gücümüz isə ordumuzun ən müasir silahlarla təchizatından asılıdır. Müxtəlif beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Azərbaycan son illərdə hərbi məqsədlərə daha çox vəsait xərcləyib.

Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsi, qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilinin həyata keçirilməsi işlərinin tarixi təxminən 15 ili əhatə edir. Azərbaycan silahları dünya standartlarına cavab verimi, onlara tələbat varmı. Bizimyol.info-nun suallarını hərbi-siyasi icmalçı Ramil Məmmədli cavablandırır.

- Ramil bəy, Azərbaycan istehsal etdiyi silahlara dünya bazarında tələbat varmı?

- Azərbaycan müdafiə sənayesi kompleksinin yeni dövrü 2005-ci ildən Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə başlayıb. Ötən 15 il ərzində bu nazirliyin müəssisələrində istehsal olunan məhsulların 90 faizə qədəri hərbi təyinatlı olub. İstehsalı tam həyata keçirilən müdafiə təyinatlı məmulatların çeşid sayı mindən artıqdır. İstehsal olunan məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunub. Bu siyahıya Türkiyə daxil olmaqla, İran, Afrika ölkələri, Pakistan və digər dövlətləri nümunə olaraq göstərmək olar. Azərbaycan atıcı silahların istehsalına görə dünyada azsayda ölkələrdən biridir. Məhz buna görə də hər iki ildən bir Bakıda beynəlxalq hərbi sənaye sərgisi keçirilir və burada da Azərbaycan öz məhsullarını da təqdim edir.

-Keyfiyyət baxımından bizdə istehsal olunan odlu silahlar dünyada böyük rəğbətə səbəb olan Rusiya və ya İsrail silahları ilə müqayisə oluna bilərmi?

- Əlbəttə, adıçəkilən ölkələrin hərbi sənaye kompleksinin yaşı bizim bu sahədə fəaliyyət dövrümüzdən daha çoxdur və onların elmi potensialı da bu məsələdə irəlidədir. Lakin atıcı silah sənayesində Azərbaycan öz sözünü deyə bilmiş ölkələrdəndir. Bu gün Azərbaycanda döyüş şəraitində özünü yüksək səviyyədə göstərmiş avtomat, pulemyot, snayper tüfəngləri, minaatan, qumbaraatan, o cümlədən müxtəlif çaplı mərmilər istehsal olunur. Paralel olaraq, ölkəmizdə müdafiə sənayesinin özəl sektoru da inkişaf mərhələsindədir. Bu gün Azərbaycan əsgəri öz milli istehsalımızla silahlanıb. Bu arzuolunan və çox vacib məqamdır. Yəni silahlı qüvvələrin təchizat problemi artıq arxa planda qalıb. Birinci Qarabağ müharibəsində ordumuzun qarşılaşdığı silah-sursat problemi artıq yoxdur.

-Bizdə istehsal olunan silahlar , məslən avtomatlar Kalaşnikovun bazasında hazırlanıb, yoxsa fərqli layihə və dizaynla buraxılır?

- Dünya silah istehsalında öz sözünü deyən silah və sursat formaları mövcuddur. Azərbaycan da bu qaydalara riayət edərək, tələbata uyğun öz istehsalını qurub. Bu baxımdan ordumuzun tələbatına uyğun olaraq, Kalaşnikov avtomatının bazasında hazırlanmış Az-7,62x39 avtomatı əsgərin əsas silahıdır. Bu silah AK-74-ün bazasında yaradılsa da, analoqundan üstün cəhətləri mövcuddur. Yəni daha praktik olması üçün azərbaycanlı mühəndislər silah üzərində yeniliklər ediblər. Bu gün postsovet ölkələrinin bəzilərində istehsal olunan avtomatlar Sovet istehsalı olan AK-74-ün bazasında yaradılıb. Qeyd etdiyim kimi bu ordunun tələbatına uyğun həyata keçirilir.

- Bizim xaricdən aldığımız yüksək texnologiyalı silahların proqram təminatı ölkəyə gətildikdən sonra dəyişdirilir, özümüzküləşdirlirmi? Məsələn bir zamanlar belə iddialar gəzdi ki, Rusiyadan alınan qırıcı təyyarələrimizi ruslar istəsələr uzaqdanidarəetməylə yerə sala bilərlər. Bu nə dərəcədə doğru fikirdir?

- Hazırda bu əsas problem olaraq diqqətə alınmır. Yəni alınan məhsulların əlbəttə ki, proqram təminatı milliləşdirilir. Amma müəyyən hərbi təyinatlı məhsullar var ki, onların rəqəmsal sistemləri yalnız istehsalçı müəssisəyə aiddir. Bunun əldə olunması isə mümkün deyil. O ki, qaldı döyüş təyyarələrinin uçuş əməliyyatlarına məhdudiyyət qoyulmasına, bu mümkün deyil. Çünki yerli mütəxəssislər bu məsələnin həllində lazımı tədbirlər görə biliblər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »