Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağacan Abıyev: “Boksçu qadının doğduğu uşaq sağlam ola bilməz, əyri-üyrü olacaq”

Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev müsahibəsini təqdim edirik:

– Teymur Məmmədov, Pərviz Bağırov kimi boksçulardan sonra Elvin Məmişzadə də karyerasını erkən yaşda bitirdi. Boks millimizin üzvlərinin bir-bir yarpaq kimi düşməsinə münasibətinizi bilmək maraqlı olardı...

– Burda yaş məsələsi var. Boksda 28 yaşı keçdinsə, artıq veteran sayılırsan. Onlar artıq bu yaşda Olimpiya Oyunlarında mübarizə apara bilməyəcəkdilər. 30 yaşda iştirak etmək ümumiyyətlə son həddir. Hesab edirəm ki, onlar vaxtında bacardıqlarını ediblər, yüksək nəticələrqazanı, sağ olsunlar. Bu yaşda artıq mübarizə aparmaq istəmirlərsə, bu, onların, ailələrinin şəxsi işidir. Cəmiyyət buna görə onlara təzyiq göstərə bilməz. Boksda 20 yaşında zərbəni qəbul etməyinlə 28 yaşda qəbul etməyin arasında fərq var.

– Elə Elvinin özü də Oxu.Az-a müsahibəsində bildirib ki, gördüm ki, əvvəlki kimi döyüşə bilmirəm...

– İnsan yaşa dolduqca əzələlərinin keyfiyyəti itir. Zərbənin qüvvəsi sürətindədir. Əzələnin keyfiyyəti itdiyindən zərbələr sürətli olmur, gecikirlər. Sən beynəlxalq idman ustası olsan belə, səndən altı yaş kiçik idmançı ilə döyüşürsənsə, çatdıra bilməzsən. Ona görə də onların indidən sonra nəticə qazanacağı da inandırıcı deyildi. Bu, təbii prosesdir. Bunu başqa cür dəyişmək mümkün deyil.

– Kişilərdən ibarət boks milimizə Kubadan baş məşqçi, qadınlar yığmamıza isə Kolumbiyadan idmançılar gətirilib. Onların gəlişinə münasibətiniz necədir?

– Mən indi yerlilərin tərəfindəyəm. Çünki mən azərbaycanlıyam. İkincisi də mən hesab edirəm ki, bir neçə qadın əcnəbi boksçunu yığmaya gətirməyin heç bir mənası yoxdur.

– Yəni onlardan nəsə öyrənmək mümkün deyil?

– Niyə bizim qadınlar boksu öyrənməlidir?! Bəyəm onlar üçün başqa iş, başqa gözəl idman növləri yoxdur? Bu qadınlar boksla sağlam olacaqlar?

– Onda belə başa düşülür ki, siz ümumiyyətlə qadın boks millimizin olmasının tərəfdarı deyilsiniz?

– Mən qadınların boksla məşğul olmasına dünya səviyyəsində qarşıyam və tərəfdarı deyiləm. Elmi cəhətdən ortaya fakt qoymuşam ki, boks gələcəkdə ana olmaq istəyən bu qadınların övladları üçün təhlükədir. Alimlər hara baxır?! Mən başa düşə bilmirəm. Bu zərbəni başa da, qarına da vururlar. Qarına vurulan zərbə gələcək uşağın sağlamlığı üçün zərərdir.

Analığın yerinin bir balaca deformasiya olması gələcək uşağın “ev”inin xarab olması deməkdir. Uşağın sağlam doğulması üçün onun ana bətnindəki “ev”i Allahın yaratdığı səviyyədə olmalıdır. Amma deformasiyadan sonra o “ev” artıq xarabaya çevrilir və ordan çıxan uşaq sağlam ola bilməz, əyri-üyrü olacaq.

Bu məsələni bir dəfə Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının iclasında demişəm. Başlarını tərpədib razılaşdıqlarını bildirirlər. Amma ordakıların elmdən xəbəri yoxdur. Qadınları bu işə qataraq pul qazanmaq insanlığa yaraşmayan hərəkətdir. Onlar bəşəriyyətin əleyhinə olan adamlardır. Qadınları boksa cəlb edənlər, nə qadınları, nə insanları, nə də bəşəriyyəti sevmirlər. O adamların dünyadan xəbəri yoxdur.

Çox heyflər olsun ki, boksda akademik Emil Jeçev, professor doktor Ənvər Çoudri artıq yoxdur. İndi boks biznesmenlərin əlinə keçib. Onlar da idmanı, sağlamlığı yox, pulu düşünür.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »