Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əsgər dönəmi bitir: Dron müharibələri başlayıb"
Dünya hibrid müharibələr və bu hibrid müharibələrdə istifadə olunan yeni ölüm silahları dövrünü yaşayır. Bir zamanlar Koroğluya istinad edilərək deyilən “tüfəng gəldi, mərdlik bitdi” ifadəsini indi fərqli şəkillərdə söyləmək olar. İndi artıq tarakan kəşfiyyat robotları, dronlar, bakterioloji silahlarla silahlanmış insan özünü yaratdıqlarının əsirinə çevrilib. İnsanı gücləndirən hər şey eyni zamanda onu texnologiyalarla müqayisədə cılızlaşdırıb. Heç bir yerdə yalnız deyilik, təhlükəsizlikdə deyilik. İdlibdə türk ordusunun dronlarla düşmən cəbhəsinə vurduğu zərbələr dünya mediasının gündəmindədir.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli dron savaşları və yeni dünyanın tələblərinə ayaq uyduran silahlar barədə Bizimyol.info-ya danışıb.

Əziz Əlibəyli

“Bu gün dünyanın gündəmi olan dronlarla müharibə hələ 2016 -cı ilin dördgünlük aprel savaşlarında zərbə məqsədilə istifadə edildi.

İsrail istehsalı IAI Harop anti-radiasiya kateqoriyalı drondur – hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Əlavə olaraq, əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır: Hədəfi özünü hədəfə vurmaqla məhv edir. Dron həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır.

İdlib probleminin ən gərgin vaxtında isə, Türkiyənin istifadə etdiyi SİHA-lar texnologiya dünyasında uçan quş sürüsü effekti yaradaraq, avtonom əsgəri funksiya yerinə yetirməyə başladı.

Bu prosesdən sonra sonuncu dəfə odlu silah çıxanda qılınc-qalxan tarixə qovuşmuşdusa, indi "ət" əsgər dönəmi bitir”,- deyə o qeyd edib.

Politoloq həmçinin bu müharibələrdə rus silahlarını İsrail istehsalı olan silahlarla müqayisə edib, bu fonda israil Silah sənayesinin məhsullarından yararlanan Azərbaycanın silah arsenalının gücünə diqqət çəib.

“Aprel savaşları rus silahları ilə təchiz edilmiş erməni ordusunun məğlubiyyəti ilə bitsə də, eyni zamanda rus silah sənayesinə qarşı da müəyyən şübhələr doğurdu, İsrail silahlarının, hansı ki, Azərbaycan ordusu təchiz edilib, üstünlüklərini dünyaya nümayiş etdirdi.

Bu yanaşma 2020-ci ilin fevral –mart ayları ərzində İdlib savaş bölgəsində bir daha təsdiq edildi ki, əsasən rus silahları artıq müasir ordu fəlsəfəsində çatışmazlıqlarla müşayiət edilir və dünya havada uçan robot əsgər dövrünə daxil olub.

Baş verən proseslər özündə bir neçə detalı fərqləndirir:

1. Artıq dünya silah bazarında rusların mövqeləri öləziyir, türklərin və alternativ mənbələrin gücü artır;

2. Azərbaycan ordusu Apreldə yarımçıq qalmış dron savaşını indi daha mobil və effektiv təcrübə ilə tamamlaya bilər;

3. Beynəlxalq humanitar hüququn normaları (jus in bello) alt-üst olu və silahlı münaqişələr hüququna baxışlar kökündən dəyişir.

Maraqlı məqam ondan ibrətdir ki, dünyanın dəyişən gedişatının kartasında Azərbaycanın adı və ərazisi var.

Qarabağda qartal onsuz da uçmurdu, barı dron uçsun”,- deyə o bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »