Fevralın 2-də Çin hökuməti koronavirusdan ölənlərin cəsədlərinin xüsusi krimatoriyalarda yandırılacağı barədə açıqlama vermişdi. Ölkənin Səhiyyə Nazirliyinin xüsusi direktivində deyilir ki, infeksiya səbəbi ilə ölmüş şəxslərin cədlərini basdırmaq olmaz. Hətta, onların cəsədlərinin bir əyalətdən başqa əyalətə aparılması da yasaqdır.
Direktivə əsasən, ölənlərin cəsədləri dezinfeksiya edildikdən sonra, xüsusi hermetik bağlanan paketlərə yerləşdirilir və xüsusi krimatoriyalara aparılır. Cəsədlərin krimatoriyaya daşınması üçün də ayrıca nəqliyyat və xidmətçilər fəaliyyət göstərir. Bəs digər ölkələrdə, xüsusən müsəlman ölkələrdə bu proses necə baş tutacaq? Bildiyimiz kimi qonşu İranda koronavirus səbəbi ilə ölənlərin sayı artıq 34 nəfərə çatıb. Virusdan ölənlərin hansı şəkildə dəfn edilməsi barədə sualımıza İran səfirliyindən dəqiq cavab verilmədi, onlar bu barədə məlumatsız olduqlarını qeyd etdilər. Biz də üz tutduq həkim məsləhətinə. Koronavirusdan ölənlər mütləq şəkildə yandırılmalıdırmı?
Bizimyol.info-nun bu sualına hazırda Səudiyyə Ərəbistanında, “Məlik Fəth” xəstəxanasında fəaliyyət göstərən həkim Azər Mustafayev cavab verir.

“Əslində yandırılmağa gərək yoxdur. Viruslar cansız bədəndə çox yaşamır. Məsələn qarayara kimi qorxulu xəstəlikləri yandırmaq lazım gəlir. Daha doğrusu heyvanları yandırıdılar, insanları isə daha dərinə basdırılar. Çünki bakteriyalar istənilən şəraitdə inkişaf edir. Sporlar ölmür və 100 il sonra da təhlükə törədə bilirlər. Virusların isə ömrü iki həftə çəkir. Spirtli nəm salfetlə silinsə belə onlar məhv olurlar. Ona görə hesab edirəm ki, virs nəticəsində həyatını itirənləri sadəcə dəfn etmək lazımdır, amma onların məzarı bir qədər dərin qazılmalıdır”. Bəs ölən şəxslərin orqanları orqan nəqli üçün yararlıdırmı? Azər Mustafayevin dediyinə görə əsla yararlı deyil.
“Virusdan ölənlərin orqanlarını transplantasiya etmək olmaz. Hansısa infeksion xəstəlik nəticəsində ölənlərin orqanlarını istifadə etmək olmaz. Ölən şəxslərin orqanları dərhal köçürülməldir. Üstəlik transplantasiya olunan bədəndə yeni orqanı qəbul etsin deyə immuniteti tamamən öldürürlər. Hər hansı bir yüngül infeksiya belə xəstələri dərhal öldürə bilər.Odur ki, virus və baktriyalardan ölən şəxslərin orqanları transplantasiya üçün yaramır”.
İlhamə Rəsulova