Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gerçəklərdən qaçarkən
qorxu

Koronovirusun bizə tanıtdırdığı biz: qorxularımızın essesi

Epiqraf əvəzi:

"Belə bir dünyada, belə bir ölkədə yaşamaqdan qorxmadıqsa, ölməkdən niyə qorxmalıyıq ki?!”

"Qorxunun əcələ faydası yoxdur". Bu məsəl bizə yüzillərdən keçib gəlib. Sosial şəbəkələrin, internetin, televiziyanın, qəzetin, kitabın, hətta yazının olmadığı zamanlarda insanlar daha ağıllı, daha müdrik, daha cəsur olublar demək. İnformasiyaya, biliyə əlçatanlıq artdıqca, ya ağlımız azalıb, ya müdrikliyimiz, ya cəsarətimiz. Yaxud da hamısı birdən...

Çox məlumatlı olmaq hələ çox ağıllı olmaq demək deyil. Ən yeni silahlarla silahlanmaq hələ cəsur olmaq deyil. Ən böyük olmaq ən güclü olmaq da deyil; siçanın filin qulağına daxil olması fili öldürməyə yetir, bunu bilirsiniz. Dünyada istehsal olunan məhsulun az qala üçdə biri Çin iqtisadiyyatının payına düşür. Nəhəng gücdür. Təkcə iqtisadi deyil, hərbi, demoqrafik, siyasi gücdür. Dörd qlobal güc mərkəzindən biridir. Ancaq mikroskopla görünəcək qədər kiçik bir virus onu çökdürmyə yetir. Bəzən çox güclü olmaq da özünü qorumağa yetməyə bilir. Böyük olana atılan daşların dəymə ehtimalı daha çoxdur; kiçik bir həşəratı öldürmək üçün bəzən nə qədər vaxt və enerji sərf edir insan. Ancaq insanı nə öldürür? Qorxuları. Həm də ölüm qorxusu.

Bu gün dünyada bu qədər silahlanma da, başqa insanları öldürməyə bu qədər canatım da insanın özünün ölüm qorxusundan yaranıb. Dünyadakı milyardlarla adamın hamısı tanatofobiyadan - ölüm qorxusundan əziyyət çəkir. Hər kəs öləcəyini bilə-bilə heç ölməyəcəkmiş kimi yaşayır - çox var dövlət yığmağa, çox yeməyə, ifrat dəbdəbəyə, komforta can atır. Varlandıqca, rahatlandıqca, ölümdən daha çox qorxur. Bu dünyada yığdıqlarını, çəkdiyi zövqi- səfanı itirməkdən, qoyub getməkdən qorxur. Təbii ki, bu dar düşüncəli insan tipinə aiddir. Geniş düşünəcək olsaq, özümüz özümüzdən soruşacağıq: bu dünyada, illah da bu ölkədə doğulmaqdan qorxmadıq, yaşamaqdan da qorxmadıq, ölməkdən niyə bu qədər qorxuruq ki?!

Bir az əvvəl tanatofobiyadan danışdım. Ancaq ABŞ-ın əfsanəvi 32-ci Prezidenti Franklin Delano Ruzvelt tanatofobiyadan yox, fobofobiyadan "əziyyət" çəkirdi; qorxmaqdan qorxurdu. Bəli, insan qorxularının içində bu da var- qorxmaqdan qorxmaq. Əslində insanlığın proqressiv tarixini fobofoblar yaradıb. Bəli, ölüm qorxusunun situativ tərəfi də var; ölüm qorxusunu insanın canından çıxaran durumlar da olur. İlk dəfə jurnalist kimi Qarabağda döyüşü, demək olar, elə döyüşün içindən izlərkən çox qorxmuşdum, İnsanı soyuq tər basır. Ancaq sonra bu, yerini başqa bir ruh halına verir; sən ölüm qorxusunu hiss etmirsən, əksinə döyüşün mərkəzinə doğru can atırsan. Üzərinə gələn güllələr, mərmilər sənin vecinə də olmur. Bu, insan orqanizminin belə situasiyalarda lazımlı anda işə saldığı sirli bir mexanizmdir. Bütün üsyanların, inqilabların, savaşların sonu-sonucu bu ruh halından, bu mexanizmin zamanında işə düşməsindən asılıdır. O halda insan bədənini unudur, sadəcə, ruhdan ibarət olur (Bunu məşhur Co Dispenza da elmi dəlillərlə isbatlayıb ; insan orqanizmi keçmişdən, hətta bu gündən qopub həmin an gələcəkdə yaşayır - qarşısıalınmaz gücə çevrilir).

Cəsurluq ya qorxusuzluq

Ağır yaralanan əsgərlərin şoka girdiyini də dəfələrlə gördüm. İnsanın ağrılara dözüm həddi var. O həddi keçəndə orqanizm elə özü özünü söndürür ki, dəhşətli ağrılara dözə bilsin. Fobofobiya da orqanizmin, bax, bu cür bir qoruma mexanizmidir. İnsanlar hamısı birlikdə cəmiyyət adlı orqanizmi yaradır. Və cəmiyyətdə nifrət hissi nə zaman hakim olur, bilirsiniz? Qorxu hissi topluma tamam hakim olanda. Bernard Şou deyirdi ki, nifrət qorxağın öz qorxu hissinə görə aldığı qisasdır. Biz bir-birimizdən qorxduqca, qarşılıqlı nifrət də artacaq. Dövlətin zorundan qorxu çoxaldıqca, dövlətə sevgi də bir o qədər azalacaq. Ancaq dövlətə sevginin geri qazanılması qorxunu aşmaqla mümkündür. Tanatofobiyanın yerini fobofobiya tutunca, bütün daşlar yerinə oturmağa başlayacaq.

Fobiyalara baxsanız, iki növü sizdə daha çox maraq yaradacaq. Bunlardan biri mikrobiyofobiya - mikroblardan qorxu, o birisi isə, sinofobiyadır. Yəni... Çinlilərdən qorxu. Bu gün koronovirus dediyimiz bizdə bu fobiyaların hamısını birdən körükləyir. Biz bu virusdan çox qorxuruq, həm də çox. Təkcə ona görə yox ki, bu virus bizi öldürəcək. Həm də elə insan tipləri var ki: "Mən öləcəm, ancaq başqaları sağ qalacaq" deyə qorxur...

Tibbi tarixində maraqlı bir faktlar oub: koronovirus tipli epidemiyalar, pandemiyalar zamanı təbiblər özlərinin də yoluxacağını və öləcəyini bilə-bilə xəstələri müalicə edirdilər. Müalicənin gedişinin qeydiyyatını aparırdılar. Ölən həkmi başqası əvəz edirdi. Və əvvəlcə özündən qabaqkı müalicənin qeydlərinə baxırdı. Nə edilib, nə nəticə verib deyə. Beləcə, xəstəliyin əlacı tapılana qədər təbiblər, loğmanlar bilərək və ölüncəyədək Hoppokrat andına sədaqət göstırirdilər. Onlar qorxmaqdan qorxanlardı. Əgər Ruzvelt də dünyanı bürümüş böhrandan qorxsaydı, Amerikanı "Böyük Depressiya"dan xilas edə bilməzd. Böhran qorxusunun onu saracağından qorxdu və qalib oldu. Biz hamılıqla ölümdən qorxsaydıq, 20 yanvar da olmazdı,müstəqil dövlətimiz də olmazdı.Biz bu gün az qala hamılıqla ölümdən qorxuruq (tanatofobuq) deyə Qarabağ işğaldadır. İndi də virusdan qorxuruq. Onun ölkəmizdə varlığını gizlətməyə çalışırıq. Gizlətdikcə daha çox qorxuruq, qorxduqca daha çox gizlədirik. Ancaq əslində böhrandan qorxmayacağıq. Böhranın üstünə getməməkdən qorxacağıq.

...Biz, əfsus ki, ilk uğurdan eyforiyaya, ilk uğursuzluqdan apatiyaya düşən toplumuq. Bu həddi, bu səddi aşa bilməsək, heç bir böhrandan qalib çıxa bilmərik. Bəli, nə bu cinli və mikrob qorxusuna qapılıb isterikaya düşməliyik, nə də: "Gözümü yumaram, yox olarsan" qəflətinə yuvarlanmalıyıq. Bizim ən böyük problemimiz, bilirsiniz, nədir? Həqiqətdən qaçmaq. Koronovirus aşkarlandıqca, bizim bu neqativ tərəfimiz daha da aşkar olur. Hamılıqla gerçəklərdən qaçdıqca, özümüzə xülyalardan bir alternativ dünya quraraq - Qoqolun məşhur "Müfəttiş"indəki Xlestyakov kimi özümüzü öz yalanlarımıza inandırdıqca, daha çox uduzur, daha çox zərər görür, daha da kiçilirik.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Azərbaycanda koronavirus statistikası və obyektiv gerçəklər
››› Putin ərəblərə "təslim oldu", neftin qiyməti kəskin artdı - Son durum
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »