Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus duası, fil doktoru, 4 qəpiklik maskanın manat yarımlıq intibah dövrü

Hərə fəlakətdən bir cürə qazanır. Dünən 20 yanvar metrosu yaxınlığında eləcə maraq üçün maskanın qiyməti ilə maraqlandım. Satıcı dedi ən uzağı 5 dənə verə bilər Onu da manat yarıma.

Nərimanov metrosu yaxınlığında isə 10 qəpiklik sadə maska 1 manat 40 qəpiyə satılırdı. Əldə etdiyim məlumata görə, hər zaman apteklərdə 10 qəpiyə satılan bu maskalar aptekə 4 qəpikdən satılır. Maya dəyəri yəqin ki 2 qəpik təşkil edir. Bu işlərlə məşğul olmalı olan qurum, yəni Səhiyyə Nazirliyi isə deyir ki, apteklərin işinə biz qarışmırıq, özləri bilər.Şəhər ərazisində maraqlandığım digər apteklərdən “maska yoxdur” cavabını aldım. Hərçənd maska virusdan qoruma sa da ən azından psixoloji dəstək verir insanlara. Psixoloji dəstək demiş, az öncə Türkiyə saytlarının birində gördüyüm xəbər başlığına heyrətləndim. Koronavirus duası dərc edilmişdi. Bunu da gördük.Üstəlik xəbər saytı izləyicilərin dindarlara verdiyi sualları da dərc etmişdi.

Koronovirus duası

Koronavirusdan qorunmaq üçün hansı duanı oxuyaq? Bu virusa qarşı necə dua edək? İmam da xəstəliklərdən qorunmaq üçün duanı təqdim edib. Belə sual verən insanların qapısı şarlatan, hər fəlakətdən qazanc götürmək istəyənlər üçün açıqdır əlbəttə. Kim bilir sabah bu ajiotajdan istifadə edib nələri nə bahasına alıb satacaqlar.

Azərbaycanda isə başqa bir dünya var. İrandan Azərbaycan ərazisindən keçərək, Gürcüstana gedən vətəndaşda koronavirus epidemiyası Azərbaycan ərazisində yox, Gürcüstanda aşkarlanır. Bizimkilər də buna bir təhər don geyindirirlər. Gürcüstan vətəndaşında da virusun aşkarlanması epidemiyanın gizli dövrü ilə bağlıdır. Təki elə olsun. Əsas odur ki, o xəstəliyi müəyyənləşdirə bilsinlər, olana yoxdur deyib, onun başqa ölkələrin həkimləri tərəfindən tapılması bir təhər görünür.

Hə, bu mənə bir az Molla Nəsrəddinin fil doktoru lətifəsini xatırlatdı. Molla padşahdan maaş almaq üçün yalandan deyir ki, fil doktoruyam, ürəyində də düşünür ki, ölkədə filmi var? Kim biləcək mən fil doktoruyam ya yox. Təsadüfən ölkəyə gətirilən fil xəstələnəndə Molla Nəsrəddini çağırılar ki, gəl bu heyvana bir bax. Ömründə ilk dəfə fil görən Molla Nəsrəddin də onun xortumuna, quyruğuna baxıb anlayammır ki, filin başı hardadı, arxası harda. Deyir filin başı ilə arxasını müəyyən edə bilsəm, sağaldacam.

Bir neçə il öncə dünya Donuz qripi həyəcanı ilə silkələnəndə yerli kanallarımızdan birində bir xəbər eşitdim. Ucar rayon Mərkəzi Xəstəxanasının həkimləri donuz qripindən müalicə alan xəstəni 3 gün içində sağaldıb evə buraxmışdılar. Daha bilmədim Ucar Xəstəxanası elə güclü işləyir, yoxsa donuz qripi deyildiyi qədər qorxunc deyildi.

Belçikada yaşayan bir türk ailə ilə dostluğumuz var. Az öncə zəng edib mənə deyirlər ki, Bakıya köçmək istəyirik. Donuz qripi, quş qripi dünyanı bürüyəndə Azərbaycanda görülmədi, indi də koronavirus ətrafınızda dolaşır, amma ölkənizə girmir.

Dedim biz qapıları açıq qoymuşuq, bizdə olanları başqa ölkələrə göndərib sonra qapıları daldan bağlayırıq. Taciklərin Aldar Kosası da qışda cırıq köynəkdə gəzərmiş ki ,belə daha isti olur. Soyuq burdan girir, ordan çıxır, paltarın içində ilişib qalmır. Yazım sizə qəribə gəlirsə, aldırış etməyin, yəqin qızdırmışam xəbərim yoxdu. Nazirlik bilməyən yerdə mən hardan bilim?

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »