Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalı abidəsinin qarşısında polislə müxalifətçilər arasında gərginlik

Xocalı soyqırım abidəsini ziyarət edən müxalifətçilərlə polis arasında gərginlik yaşanıb.

Bizimyol.info xəbər verir ki, Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edərkən müxalifət liderləri ilə polis arasında mübahisə baş verib. Buna səbəb polisin abidəni ziyarətə 25 nəfər qrupla buraxıldığını bildirməsi olub.

Müsavat partiyasının başqanı Arif Hacılı polis əməkdaşlarının ziyarətçilərin bir yerə toplaşmasına mane olmasına etiraz edib.

“Almaniyanın paytaxtı Berlin şəhərinin mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirirlər. Amma Bakıda Xocalı abidəsini ziyarət etmək üçün müxalifətçilərin toplaşması hakimiyyət strukturlarında gərginlik yaradır.

Hər il Xocalı abidəsinin ziyarəti üçün marşrut dəyişdirilir. Nəticədə hər il ziyarətçilərin sayı azalır.

Kommunist partiyasının dövründə 20 yanvar şəhidlərinin dəfnində polisin iştirakı olmadan dəfn həyata keçirildi. O zaman şəhidlər xiyabananda polisin iştirakı olmadan xalq təşkilatlandı. Kənardan müdaxilə olmasa, xalq özü soyqırım abidəsini ziyarət edər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli izdihamlı ziyarətin qarşısının alındığını bildirib: “Bu gün bu abidəni ziyarət edənlər Xocalıya ədaləti istəyirlər. 20 yanvar günündə necə edirlərsə, Xocalı soyqırımı günündə də yolları bağlayırlar. Kütləvi ziyarəti çətinləşdirirlər. Küçələr və prospektlər vətənpərvər insanların üzünə qapadılır. Almaniyanın paytaxtının mərkəzində Xocalıya ədalət tələb etmək olar, amma Bakıda belə tədbirləri keçirmək olmur. Polis vətəndaşla üz-üzə qoyulmamalıdır”.

Son xəbərlər
Bütün xəbərlər »