Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyə gec-tez üzünü Qarabağa çevirəcək”

Nəzakət Məmmədova: “Prezident Ərdoğanın Azərbaycana hər səfəri yeni səhifə açır”

Məlum olduğu kimi, dünən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfərə gəldi. Səfərin əhəmiyyəti və nəticələri ilə bağlı beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, politoloq Nəzakət Məmmədova Bizimyol.info xəbər portalına müsahibə verib.

Nəzakət Məmmədova Nəzakət Məmmədova

- Dost, qardaş ölkənin prezidenti Ərdoğanın Azərbaycana səfəri başlayıb. Bu səfər iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlanğıcı hesab oluna bilərmi?

- Əlbəttə. Türkiyə və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərləri hər zaman əlaqələrin inkişafında yeni bir səhifədir. Elə Azərbaycan prezidenti İlham Əliyev də birgə mətbuat konfransında bildirdi ki, bu səfərlər müntəzəm olaraq keçirilir və hər bir görüş böyük məna daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı da bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin. Bir çox məsələlər geniş müzakirə olundu. Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Prezident dedi ki, iki dövlət arasındakı siyasi əlaqələr haqqında geniş fikir mübadiləsi aparılıb və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Azərbaycan və Türkiyə bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edir.

- Prezident İlham Əliyev prezident Ərdoğana Qarabağ məsələsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Türkiyənin Qarabağ münaqişəsinin həllindəki mümkün rolu barədə nə deyə bilərsiniz?

- Düşmənlə həmsərhəd Türkiyə kimi qüdrətli bir dövlətin mövcudluğunun özü artıq Ermənistan üçün daim psixoloji xof yaradan amil, Azərbaycan üçün dünyada böyük dəstəyin olması deməkdir. Türkiyə və Azərbaycan var olduqca və Ermənistan öz işğalçı siyasətindən və absurd "Böyük Ermənistan" iddialarından əl çəkmədikcə, blokada altında, anklav vəziyyətindəki kiçik forpost ölkə olaraq qalmaqda davam edəcəkdir. Bu, Ermənistanın faciəsidir. Əslində, onlar fikirləşir ki, bu cür təfəkkürlə irəli gedə biləcəklər, lakin əksi baş verir: Ermənistan xaos içərisində zəifləməyə davam edir. Türkiyənin Azərbaycanla dostluğunun özü Qarabağ münaqişəsinin həllində bilavasitə iştirak etməsə də, hər halda Azərbaycanın üstünlüyüdür. Türkiyə - Rusiya münasibətlərinin yaxşılaşması özü də Ermənistanı narahat edir. Ermənistanla sərhədləri bağlı saxlaması, diplomatik müstəvidə beynəlxalq aləmdə daima Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi, Azərbaycanın da eynilə Türkiyəyə qardaşlıq əli uzatması bu iki ölkəni bölgədə və dünya siyasətində söz sahibi etmişdir. Təsadüfi deyildir ki, islam aləmində liderlik iddiasını ortaya qoyan Türkiyə İslam Əməkdaşlıq Təşkilatının sədri olarkən Qüdsün tanınması məsələsində İstanbul toplantısına Azərbaycan prezidenti İlham Əliyevi də dəvət etmiş, onun çıxışı xüsusi rəğbətlə qarşılanmışdı. Bu da onu göstərir ki, ölkələrimiz bir çox beynəlxalq məsələlərdə söz sahibidir. Doğrudur, Türkiyənin hazırda Yaxın Şərqdə, Şimali Afrika və Şərqi Aralıq dənizi hövzəsində siyasəti böyük msneələrlə üzləşmişdir, lakin Türkiyənin gec, ya tez üzünü Qarabağa tərəf çevirəcəyi şübhəsizdir.

- Prezident İlham Əliyev Türkiyənin dünya miqyasında bir güc mərkəzinə çevrildiyini qeyd etdi və bunun prezident Rəcəb Tayyib Ərdoğanın türk xalqı qarşısında göstərdiyi xidmətlər, yorulmaz fəaliyyəti nəticəsində gerçəkləşdiyini xüsusi vurğuladı. Bu barədə fikirlərinizi bölüşərdiniz.

-Həqiqətən də, Türkiyə bu gün beynəlxalq miqyasda qəbul olunan güclü dövlətdir və bu, Ərdoğanın hakimiyyətə gəlişindən sonra daha da geniş vüsət almağa başladı. İndiyədək Türkiyə NATO-nun cinah dövləti, ABŞ və İsrailin Yaxın Şərqdə ən etibarlı müttəfiqi, Avropa Birliyinə üzv olmaq üçün çalışan Qərbyönümlü bir müsəlman ölkəsi kimi xarici siyasət həyata keçirirdisə, bu gün onun daxili və xarici siyasət kursu tamamilə əks istiqamətdə inkişaf etməkdədir. Düşünürəm ki, bu gün Türkiyə regionda və dünyada gedən prosesləri öz xeyrinə istifadə etmək üçün yetərincə potensiala malikdir. Türkiyə həm yeni müttəfiqi Rusiya, həm də köhnə müttəfiqi ABŞ ilə manevrlər edərək nəinki öz ərazi bütövlüyünü qoruys biləcək, əksinə Afrika, Yaxın Şərq və Aralıq dənizi hövzəsində söz sahibinə çevrilə biləcəkdir. 2023-cü il Cümhuriyyətin 100 illiyinə Ərdoğanın böyük planları vardır və o, bunları uğurla həyata keçirə biləcəkdir.

- Ancaq Türkiyəyə qarşı sanksiyalar tətbiq edilir. Bu, Türkiyənin siyasətinə əngəl olmayacaqmı?

- Türkiyəyə Qərb tərəfindən tətbiq olunan sanksiyalar o qədər də ağır deyil və daha çox xəbərdarlıq səciyyəlidir. Lakin Türkiyə, İran, Rusiya kimi ölkələrdə xalqların xüsusiyyəti belədir ki, xarici təzyiq olduqca onlar öz hakimiyyətlərinin ətrafında daha sıx birləşirlər. Bir avropalı, yaxud amerikalı komfortlu həyat tərzi pozulan kimi küçəyə çıxıb hökumətdən nəsə tələb edə bilər. Lakin Şərqin xüsusiyyətləri başqadır. Burada insanlar məhrumiyyətlərə daha dayanıqlıdır. Sanksiyalar, təzyiqlər Türkiyə və Rusiyanı daha sıx birləşdirir. Ümumi düşmən olduqda onlar təklikdə bacarmayacaqlarını bildikləri ücün eyni mövqedən çıxış edirlər. Onların bu həmrəyliyi bir çox hallarda öz səmərəsini verir və ABŞ-ı geri çəkilməyə məcbur edə bilir. Yəqin ki, bundan sonra daha da yaxınlaşacaqlar. Putin avrasiyaçıdır. Ərdoğan da qərbyönümlü deyil. Odur ki, bu iki liderin siyasəti Türkiyə və Rusiyanı yaxın və orta perspektivdə eyni mövqedən çıxış edən siyasət yeritməyə vadar edəcəkdir. Rusiya və İrandan fərqli olaraq Türkiyəyə qarşı daha yüngül, xəbərdarlıq səciyyəli sanksiya tətbiq edilib və həyati əhəmiyyətli sahələri əhatə etmir. Çünki Vaşinqton öz dəyərli müttəfiqini itirmək istəmir. Türkiyə istənilən an şərtləri yerinə yetirsə, Vaşinqtonun yanına geri dönə bilər. Rusiya və İranın isə belə bir şansları yoxdur. Türkiyə regionda ən böyük dövlət olma yolunda uğurla irəliləyir və bunun əsas səbəbkarı da, İlham Əliyevin də qeyd etdiyi kimi, Rəcəb Tayyib Ərdoğandır.

Gülnarə ƏMİRQIZI, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »