Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ağa Mehdi: “Bir milyard da versələr, bir də getmərəm”
Ağa Mehdi

Onun barəsində öncədən də məlumat vermişdik. Həmyerlimiz Ağa Mehdi dünyanın diqqətini ekoloji problemlərə çəkmək üçün Avropanı piyada gəzəcəyini bəyan etmişdi.

Ağa Mehdi Estoniyanın paytaxtı Tallindən velosipedlə yola çıxaraq səfərini Lissabonda (Portuqaliya) başa vurmaq fikrindəydi, lakin İspaniyada iqtisadi səbəbdən layihəni dayandırmalı olub. Səyahət proqramına Estoniya-Latviya-Litva-Kalininqrad-Polşa-Almaniya-İsveçrə-Fransa-İspaniya-Potuqaliya daxil idi. Bu isə ən azı 4000 kilometr yolu piyada getmək demək idi. 2019-ci ilin noyabr ayında başlayan səfər 2020-ci ilin fevralında Lissabona 900 kilometr qalmış başa çatıb.

Dedi də etdi də. Bu gün Bizimyol.info-nun qonağı çox gəzən, çox bilən soydaşımız Ağa Mehdidir.

- Ağa Mehdi səfər necə keçdi?

- Çox çətin və eyni zamanda yaxşı. Çətinlik ondan ibarət idi ki, mən səfər üçün qış aylarını seçmişdim. Qışın da məlum məsələdir ki, öz çətinlikləri var. Bu yolçuluq bir avtomobillə isti kofe içə- içə edilsəydi və axşam məni komfortlu yataq gözləsəydi, təbii gözəl adlana bilərdi. Mən isə əsasən piyada və ya velosipedlə hərəkət edirdim.Yüz kilometrlərlə tənha meşələrin içərisindən gedən avtobanlarda hərəkət edirdim. Sürətli hərəkət üçün nəzərdə tutulmuş bu yollarda velosipedlə hərəkət son dərəcə təhlükəli idi. Uzunluğu 15 metr olan TIR son sürətlə yanından keçəndə küləyi adamı yıxırdı, üstəlik aramızda 30 sm məsafə ola, ya olmaya. Hər an ölümlə üz – üzəsən. Mənə deyirdilər ki, o yollarda dəfələrlə peşəkar velosipedçiləri yük maşınları əzib, tikələri ələ keçməyib. Qaranlıq tənha meşədə 15 saniyəlik də olsa bir maşının işığını görmək, insan hiss etmək yaxşı idi, amma bu təmas eyni zamanda ölüm gətirə bilərdi. Üstəlik meşələrdəki vəhşi heyvanlar ayı və ya canavar hücum edə bilərdi. Sadəcə çalışırdım o barədə düşünməyim. Yəni bilirdim ki, hücuma məruz qalsam ya öldürəcəm, ya da öləcəm.

- Özünüzlə silah götürmüşdünüz?

Estoniyada evində qaldığım Jann mənə bir balta vermişdi. Bir müddət onunla gəzdim, sonra Kalininqradda unutdum.

- Yerlilərin evində qala bilirdiniz?

- Bəzən elə tanışlıqlar olurdu ki, bu imkan yaranırdı. Təyyarədə tanış olduğum bir cütlük yolum Estoniyadan keçəndə öz dostlarının evinə getməyi mənə təklif etmişdilər.Estoniyada olanda ayağım əzildiyi üçün iki gün Janın evində qonaq qaldım, anası mənə xeyli yardım etdi. Eston evlərində evin içində sauna olur. İsti saunadan çıxıb soyuq qarın üzərində ayaqyalın gəzdim, sonra yenidən ayaqlarımı isti örtüyə bürüyüb yatdım. Bu mənə həmin şəraitdə xeyli kömək etdi və ayağımın ağrısı keçdi. Yolçuluq müddətində mən təbii ki, tez- tez bərbərə gedə bilmirdim, saç saqqal, üstəlik qalın geyimlər, hər dəfə yuyub təmizləmək alınmırdı, yüküm çox olurdu, hətta üst geyimimə qədər tərləyiridim, mən ancaq hosteldə quruda bilirdim.

İsveçrədə kafedə yanaşı oturduğum bir müəllimə ilk tanışlıqdan sonra hədəfimi, məqsədimi bilincə məni işlədiyi məktəbə dəvət etdi və həmin gün məktəblilər məni çox mehriban qarşıladılar, maraqlandılar, suallar verdilər. Orada 3 fərqli sinifdə ingilis dilində çıxış etdim.

- Bəs səfərdə olduğunuz müddətdə olduğunuz ölkələrdə azərbaycanlılar , səfirlik və ya hansı rəsmi qurum maraqlandı sizinlə?

- Xeyr

- Bircə dəfə İsveçrədə Beynəlxalq şirkətlərdən birində çalışan azərbaycannlı mənimlə görüşdü vəssalam.

- Mənim heç kimdən maddi istəyim arzum olmayıb. Olsa da, qəbul etməzdim. Bilirsinizmi, başqa ölkələrdə Azərbaycan bayrağı qaldırırlar, bunu sosial şəbəkələrdə paylaşırlar. Hər bir bayrağın arxasında xalq amili dayanır. Xalq olmasa o bayraq da olmaz. Mən də bu xalqın övladıyam. Xalq üçün böyük işlər görmək üçün çoxlu vəsait, çoxlu insan lazım deyil. Doğru ideya, düzgün intellekt, şəffaf maliyyə mənbəyi olmalıdır.Bir qrup gəncin maraqlı, kreativ ideyası ilə də dünyada səs gətirə, bayrağımızı qaldıra bilərik.

- Gələndən sonra Azərbaycanda hansısa rəsmi qurum sizinlə maraqlandı?

- Xeyr

- Səfərə nə qədər maliyyə ayırdınız və bu səyahətdən sonra işdən ayrılmaq məcburiyyətində qalmadınız ki?

- Nə qədər maliyyə ayırdığımı deməyəcəm. Azərbaycan reallığı üçün böyük vəsait idi. Özümü doğruldum özümə gəlməyim üçün bir il lazımdır. İşdən ayrılmadım və axşam evə çatdıqdan sonra yazışmalarımı edir, zənglər edirdim.

- Necə düşünürsünüz getməyə dəyərdimi? Siz dünyanın diqqətini ekoloji problemlərə çəkməyə çalışdınız. Bu gün dünya elə ekoloji fəlakət sayıla biləcək bir bəlayla -havayla yayılan koronovirusla vuruşur. Bunun üçün də hansısa bir kampaniya başlatmağa dəyərmi? Yenə getmək istəyərsinizmi?

- İnsanın bir məqsədi amalı olmalıdır. Mən elə də böyük fiziki gücə malik deyiləm, amma inamım, imanım mənə güc verdi, xəstələnmədən səfərimi baş vurdum. Bir milyard versələr yenidən çıxmaram belə bir səfərə . Çox çətin idi. Bəlkə kimlərsə bu sözümün qarşısında təklif edər sınamaq üçün, amma həqiqətən getmərəm. Amma dəyərdimi? Bəli dəyərdi. Çünki, yaşanacaq başqa dünyamız yoxdur.

- Bəs bu səfər şəxsən sizin özünüzə nə verdi? Səfərdən öncəki və sonrakı Ağa arasında fərq varmı?

- Dəyişdim. Mən bu səyahətə qədər də dünyanı çox gəzmişdim. Bu dəfə isə piyadaydım.Avropada saat 4-dən sonra hava qaralır. Mən isə gecələməli olduğum yerlərə saat 9-da çata bilirdim. Tanımadığım qərib diyarlarda piyada, gözün gözü görmədiyi zülmətin içində tək -tənha gedirsən. Hər an bu zülmətin içərisindən bir təhlükə atlaya bilər üstünə və yaxın ətrafda bir insan nəfəsi belə yoxdur. Yalnız hiss edirsən ki, Allah səninlədir, səni qoruyan bir qüvvə var. Daha Gücləndim, çox gücləndim.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Həkim: "Koronavirusa yoluxub heç bir əlaməti olmayan xəstələr də var"
››› “Azərişıq” ödənişlə bağlı yayılan məlumatlara cavab verdi
››› İtaliyada virusa yoluxanların və ölənlərin sayında azalma qeydə alındı
››› Koronavirusun olmadığı tək yer - Fotolar
››› İtaliyada koronavirusdan ölənlərin statistikası
Son xəbərlər
Bütün xəbərlər »