Fevralın 15-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ məsələsini müzakirə etdilər və münaqişənin tarixində ilk dəfə Azərbaycan və Ermənistan liderləri ictimaiyyətin gözü qarşısında debata çıxdılar. Debat həm Azərbaycanda, həm Ermənistanda böyük müzakirələrə səbəb oldu.
Debat zamanı görünən o oldu ki, təcavüzkar ölkənin hökumətinin başçısı, manipulyasiya və hətta məlum tarixi həqiqətləri təhrif etməklə əsl mahiyyətdən yayınmağa çalışırdı.
Azərbaycan Prezidenti isə beynəlxalq hüquq normaları çərçivəsində siyasi etika qaydalarına ciddi riayət edərək fikirlərini təmkinlə söylədi və açıq şəkildə mübahisə etdi. Təsadüfi deyil ki, Ermənistandakı bir çox ekspert və siyasətçi də Prezident İlham Əliyevi bu müzakirələrin qalibi hesab etdiklərini dilə gətirdilər.
Bu müzakirə sadəcə iki siyasətçinin deyil, iki siyasi məktəbin müzakirəsi idi. Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Nikol Paşinyan isə sivil dialoqa ümumiyyətlə hazır deyildi. Debat qlobal və regional geosiyasət arasındakı ziddiyyətləri nümayiş etdirmiş oldu.
Ermənistanlı politoloqlar da Baş nazir Nikol Paşinyanın Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə açıq müzakirə üçün ciddi hazırlaşmalı olduğunu və bunu etmədiyi üçün gülünc vəziyyətə düşdüyünü deməkdən çəkinmədilər.
Politoloq İlyas Hüseynov Bizimyol.info-ya verdiyi açıqlamada Paşinyanın ölkə daxili kütlə üçün hesablanmış çıxışını döyüşdən sonra atılan yumruq adlandırıb.
“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İlham Əliyev və Paşinyan arasındakı debat həmişəki kimi Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdu. ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını davam etdirsə də, ortalıqda bir real nəticə yoxdur. Azərbaycan diplomatik danışıqları davam etdirir və dövlət başçısı bütün görüşlərdə münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib. Bu debatda da İlham Əliyev Aszərbaycanın milli maraqları kontekstindən çıxış edərək tutarlı cavablar verdi. Onun söylədikləri fonunda Paşinyanın cavabları cılız və çarəsiz görünürdü. O, II Tiqrana istinad edirdi, qədimdən Qafqazda yalnız gürcü və ermənilərin yaşadığını söyləyərək gülünc vəziyyət yaratdı. Cənab prezident İlham Əliyev isə çox tutarlı şəkildə qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, onun paytaxtının Xankəndi ( Xanın kəndi) olduğunu, Stepanakertin adının sonradan verildiyini və Xankənidinin ermənilərlə heç bir bağlılığının olmadığını tarixi faktlara söykənərək diqqətə çatdırdı.Paşinyanın Xocalı soyqırımı ilə bağlı Ayaz Mütəllibovun adını çəkməsi məsələsi də diqqət yayınmadı və İlham Əliyev ermənipərəst medianın bu məsələni qabartdığını söylədi.Mübaliğəsiz Azərbaycan prezidenti bu debatda zəfər çaldı və bu Ermənistan rəhbərliyinə vurulan zərbə oldu. Paşinyan öz ölkəsində tənqid atəşinə tutuldu, onun diplomatik qabiliyyətinin olmadığını öz soydaşları qeyd etdilər. Münhen debatını Azərbaycanın beynəlxalq aləmdə xal qazanması kimi dəyərləndirmək olar. Mənim bir başlıq nəzərimdən qaçmadı. Ermənistan mətbuatı belə yazmışdı. “Paşinyan özünü elə aparırdı ki torpaqları itirən odur”. Paşinyan ingilis dilində deyə bilmədiklərini ictimai televiziyanın efirindən erməni dilində dedi, bu kütləyə hesablanmış çıxış idi. Lakin, bu çıxışın heç bir mənası olmadı, bu dava bitəndən sonra yumruq atmağa bənzəyirdi. Prezidentimizin çıxışı isə bizə qürur yaşatdı”.
İlhamə Rəsulova