İtaliya koronavirusun episentri sayılan Çindən, bura yaxın Yaponiyadan və Cənubi Koreyadan sonra epidemiyadan ən çox zərbə görən ölkədir. Avropa dövlətində virusa yoluxanların sayı 219-a çatıb.
Bizimyol.info xəbər verir ki, İtaliyada 6 nəfər həyatını itirib. Altıncı qurban yaşı 80-i ötmüş kişi olub. Başqa bir xəstəliyə görə xəstəxanaya gələn təqaüdçünün halı pisləşib. Müayinədən sonra onda koronavirus aşkarlanıb. Yaşlı adam epidemiyaya çox tab gətirməyib.
İtaliyada aşkar təşviş hiss olunur. Hökumət rəhbəri Cuzeppe Konte vəziyyətin belə hal alacağını gözləmədiklərini etiraf edib. Sosial şəbəkələrdə paylaşılan şəkillərdə insanların mağaza rəflərini necə boşaltdığı görünür. Xüsusilə Milanda panika nəzərə çarpır. Supermarketlərdə ərzaq çatmır.
İtaliyanın 11 qəsəbəsinə giriş-çıxış yasaqlanıb. Dünən futbol üzrə A seriyasının 4 oyunu təxirə salınıb. Qonşu ölkələr bir-birinin ardınca İtaliya ilə sərhədləri bağlayır. Dünya üzrə koronavirusdan ölənlərin ümumi sayı 2624 nəfərə çatıb.