Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İrandan gətirilən “ağ ölüm”ü məhəllə uşaqlarına satıblar
narkotik

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 34 yaşlı Salyan rayon sakini Pərviz Tarverdiyev və 33 yaşlı Bakı şəhər sakini Turan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda İrandan Azərbaycana yük daşıyan "Kamaz" markalı, 42 BD 226 dövlət nömrə nişanlı avtomobilin yarımqoşqusuna baxış keçirilib. Baxış zamanı dəri məmulatlarından birinin içərisində ayrı-ayrı yerlərdə kəsiklər olduğu müəyyən edilib. Həmin kəsiklərdə 4 ədəd bağlamada ümumi çəkisi 2 795 qram olan narkotik vasitə - heroin və 0,522 qram psixotrop maddə - metamfetamin, eləcə də 297 ədəd həb şəklində narkotik vasitə - metadon aşkar olunub.

Əməliyyat tədbirləri nəticəsində Pərviz Tarverdiyev və Turan Əliyev içərisində narkotik vasitələr və psixotrop maddə olan həmin yükü təhvil alarkən saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Pərviz Tarverdiyev narkotik vasitələri gömrük nəzarətindən gizli keçirib realizəsini təşkil etmək barədə Turan Əliyev və şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı şəxslə cinayət əlaqəsinə girib. Narkotik vasitələrin aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yüklərin arasında yerləşdirib, cinayətkar qrupun digər üzvü Turan Əliyevə təhvil verilməsi üçün həmin yükü cinayətdən xəbərsiz olan Elməddin Qasımovun idarə etdiyi “Kamaz” markalı avtomobillə daşınmasına nail olub. Ötən il mayın 30-da P.Tarverdiyev və T.Əliyev “Sədərək” Ticarət Mərkəzinin 16-cı sırasında yerləşən anbardan qeyd olunan “yükü” təhvil alarkən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Əvvəllər xuliqanlıq etdiyinə görə məhkum olunan Pərviz Tarverdiyev ifadəsində vərəm xəstəliyindən əziyyət çəkdiyini, 2009-cu ildən bəri narkotik vasitələrdən - əsasən “kakos”və “şüşə”dən istifadə etdiyini göstərib. İlk dəfə 2011-ci ildə müalicə məqsədilə İrana getdiyini, orada tanımadığı şəxslərdən heroin aldığını deyən P.Tarverdiyev növbəti səfərlərində də bunu təkrarlayıb. İrandan aldığı heroini dost-tanışına satıb. İki-üç il öncə isə Tehranda yaşayan taksi sürücüsü “Hüseyn” adlı şəxslə tanış olub. Özünün deməsinə görə, “Hüseyn” ona heroinin 1 qramını 10 manata təşkil edəcəyinə söz verib. O vaxtdan da “Hüseyn”lə aralarında dostluq yaranıb: “Heroin satışı ilə məşğul olurdu, yaxşı qazanc əldə edirdi. Maddi vəziyyətim ağır idi deyə İrandan heroin alıb Salyanda satmaq qərarına gəldim. Bu barədə tanışım Turan Əliyevə də dedim, narkotik vasitələri satmaqda köməklik göstərməsini, qazanc əldə etməsini təklif etdim, razılaşdı”.

Aralarındakı razılaşmaya əsasən, P.Tarverdiyev ötən il aprelin 24-də İrana yola düşüb. Sərhəddin o tayında Pərvizi “Hüseyn” qarşılayıb. Onunla birgə Tehrandakı otellərdən birinə gəliblər. Söhbət əsnasında “Hüseyn”ə 3 kiloqram heroinin müqabilində 25 min manat verəcəyini, pulun 12 min manatını əvvəlcə, yerdə qalanını isə heroini satdıqdan sonra verməsi barədə razılığa gəliblər: “Heroin almağa çox pul lazım olduğundan avtomobilimi 17 min manata satmışdım ki, pulun 12 min manatını “Hüseyn”ə verim. “Hüseyn” 3 kiloqram heroinin 500 qramını birinci partiyada, qalan 2500 qramını isə növbəti partiyada göndərəcəyini dedi. Danışığa əsasən, mallar parça yükünün arasında İrandan Azərbaycana karqo vasitəsilə göndəriləcəkdi.Turana bu barədə məlumat verdim. Azərbaycana qayıdandan sonra Turana narkotik vasitəni satmaq üçün alıcı tapmasını tapşırdım”.

İçərisində narkotik vasitə olan parça yükü ilk olaraq 2019-cu ilin mayında Bakı şəhərinə gəlib. “Hüseyn” karqoya P.Tarverdiyevin ad və soyadını yazıb. Parça yükü Bakıya çatanda Pərvizə zəng vurub xəbər veriblər. T.Əliyevlə birgə “Sədərək”Ticarət Mərkəzində yükü qəbul edərək Salyana aparıblar. P.Tarverdiyev evində parçanı açaraq içərisindəki 500 qram heroini çıxarıb və həyətdə basdırıb. Növbəti günlərdə özləri istifadə edəcəkləri qədər götürüblər, yerdə qalanını məhəllə uşaqlarına satıblar.

Pərviz İrana növbəti səfərində Turanı da özüylə aparıb. “Hüseyn”ə vermək üçün yenə də 12 min manat götürüb. Tehranda onları “Hüseyn” qarşılayaraq otelə aparıb. Oteldə həm Turan, həm də Pərviz iranlının onlara verdiyi 8 qram “kakos”u nəfəslərinə çəkiblər. Sonrasa gətirdikləri pulu iranlıya veriblər, “Hüseyn” onlara 2500 qram heroini parça yükünün arasında Azərbaycana göndərəcəyini deyib: “Mayın 28-də Turanla birgə Azərbaycana qayıtdıq. İyunun 1-də bir nəfər zəng vurub karqonun əməkdaşı olduğunu dedi və yükləri “Sədərək”dən götürməyi söylədi. Turanla birgə getdik. Karqonun pulunu verdikdə bir neçə nəfər bizə yaxınlaşdılar, gömrük əməkdaşları olduqlarını dedilər”.

Qeyd edək ki, P.Tarverdiyev sonrakı ifadələrində baş vermiş cinayəti təkbaşına törətdiyini, Turanın bundan məlumatı olmadığını deyib: “Turanla aramızda razılaşma olmayıb. Onu həbs olunmazdan iki-üç ay əvvəl tanımışam, taksi sürücüsü işləyirdi. Bir neçə dəfə birlikdə narkotik vasitədən istifadə etmişik. Maddi vəziyyəti yaxşı olmadığına görə hərdən marixuana, tiryək verirdim ki, satıb qazansın. Turan bilirdi ki, mən İrandan narkotik vasitələr gətirib satmaqla məşğul oluram”.

Təqsirləndirilən Turan Əliyev ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu, Pərvizi həbs olunmazdıan iki-üç ay əvvəl tanıdığını göstərib. İfadəsinə görə, Pərviz ona İranda işi olduğunu deyib və Astara gömrük postuna aparmasını xahiş edib. Orada Pərvizin təklifi ilə onunla birgə İrana keçib: “Pərvizlə Hüseynin arasındakı hər hansı söhbətdən, Hüseynin nə işlə məşğul olmasından xəbərim olmayıb. Azərbaycana qayıdandan sonra Pərviz zəng vurub taksi kimi onu “Sədərək”ə aparmağımı xahiş etdi. Həmin yerə çatanda bir neçə nəfər bizə yaxınlaşdılar. Protokol tərtib olundu. Malların arasından çıxan narkotik vasitənin kimə məxsus olması, kimlərə təhvil verilməsindən xəbərim olmayıb. Pərviz mənim adıma hansısa yükün gətirilməsi haqda mənə heç nə deməyib”.

Məhkəmə prosesi fevralın 27-də davam edəcək.(virtualaz.org)

Paylaş »
››› Beynəlxalq reytinq agentliyindən manatla bağlı proqnoz
››› İtaliyada virusdan rekord sayda insan öldü
››› Neftin qiyməti yenə düşdü
››› Vahid Əhmədov: “Hökumət çörəyin, ətin və şəkərin qiymətini dondurmalıdır”
››› DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama - Foto
Son xəbərlər
Bütün xəbərlər »