Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a, “Səbail” “Sabah”a qarşı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura bu gün iki oyunla yekun vurulacaq. Görüşlər paytaxt stadionlarında keçiriləcək.

Masazır qəsəbəsindəki “Bank Respublika Arena”da “Sabah” və “Səbail” komandaları üz-üzə gələcək. Hər iki kollektiv son 2 matçından qələbə ilə ayrılıb. Hazırda “Sabah” 19 xalla 6-cı, “Səbail” 18 xalla 7-ci pillədə qərarlaşıb. Bu görüşün qalibi 5-ci pilləyə yüksələcək.

İki komanda indiyədək 6 dəfə qarşılaşıb. Oyunlardan 3-də "Sabah", 2-də "Səbail" qələbə qazanıb, 1 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də masazırlılar öndədirlər - 9:7. “Sabah” son üç oyunda 3 qol vuraraq qalib gəlib. Bu komandanın ev matçlarında üç və ya daha çox top qeydə alınır.

Turun son oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt"ı qəbul edəcək. Görüşün nəticəsi nə 38 xalla 1-ci yerdə gedən Ağdam klubunun, nə də 22 xalla 4-cü olan "gənclik şəhəri" təmsilçisinin mövqeyinə təsir edəcək. Bununla belə, hər iki kollektivə qələbə qazanaraq, hazırkı mövqelərində möhkəmlənmək və ən yaxın izləyiciləri ilə xal fərqini artırmaq vacibdir.

Çünki, "Neftçi"nin ilk oyun günündə "Qəbələ" üzərində 2:0 hesablı səfər qələbəsindən sonra "Qarabağ"la xal fərqi 5-ə enib, "Keşlə"nin "Zirə"ni evdə 4:0 hesabı ilə yenməsindən sonra isə "Sumqayıt" 3-cü pillədən 7 xal geri düşüb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv cari mövsüm Premyer Liqada yeganə məğlubiyyətini məhz bugünkü rəqibindən alıb. 2019-cu il noyabrın 22-də keçirilmiş matçda "Sumqayıt" evdə 2:1 hesablı qələbə qazanıb. "Qarabağ" isə ilk dövrənin oyununda üstün olub - 2:0.

Ümumiyyətlə, iki komanda arasında indiyədək 30 çempionat görüşü keçirilib. Bunların 22-də "Qarabağ", 5-də "Sumqayıt" üstün olubsa, 3 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də ağdamlılar böyük fərqlə öndədirlər - 64:14. 17 matçdır meydanı qolsuz tərk etməyən “Qarabağ” axırıncı 8 ev oyununda qalib gəlib. “Sumqayıt” isə səfərdəki son 4 matçda qol vurmayıb.

Azərbaycan Premyer Liqası, XVIII tur

23 fevral (bazar)

16:00. “Sabah” - “Səbail”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Bank Respublika Arena”

18:00. “Qarabağ” - “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Tofiq Bəhramov adına Respublika Stadionu.(report)

Son xəbərlər
Bütün xəbərlər »