Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vanqanın son dəhşətli proqnozları

Bir neçə gündür ki, həm dünya, həm də yerli mətbuatda, sosial şəbəkələrdə Vanqanın 22.02.2020 və 22.12.2020 tarixi üçün verdiyi qorxunc proqnozları yayılıb. İddia edilir ki, Vanqa bu tarixlərdə yerin asteroidlə toqquşacağını deyib.

Rusiya mətbuatı yazır ki, bu məlumatı vaxtı ilə Vanqan ən yaxın tanışı olmuş jurnalist Sergey Kostornoy açıqlayıb. Onun sözlərinə görə, Vanqa asteroidlə toqquşmanın bir gündə beş 2 rəqəmi olan tarixdə baş verəcəyini bildirib:

“Planetar fəlakət baş verəcək - naməlum epidemiya və dağıdıcı nəticələrə səbəb olacaq naməlum kosmik obyektlə toqquşma olacaq. Əgər bəxtimiz gətirsə, o yanımızdan keçəcək, amma yenə də sunami, zəlzələlər olacaq. Vanqa deyib: ”Qara kül Yeri və Günəşi örtəcək, çaylar məcrasından çıxacaq". Hətta o yandan ötüb keçsə belə, nəhəng ərazilər Yer üzündən silinəcək".

Epidemiyaya gəldikdə isə Sergey Kostornoy qeyd edib ki, Vanqa koronovirusu nəzərdə tutub:

“O deyib ki, planeti elə bir virus bürüyəcək ki, yüz minlərlə insan məhv olacaq. Vanqanın dediklərinə görə, bu virus təxminən vəbadan dönmə bir virusdur və tarixdə nə vaxtsa olub, bu onun ikinci ”həyatı" olacaq. Virusun ömrü üç ay olacaq və tezliklə onun vaksini tapılacaq. Təəssüf ki, o vaxt ərzində çox insan ölümü olacaq".

Qeyd edək ki, zaman-zaman bu cür proqnozlar ortaya çıxır və insanları qorxuya salır. Son proqnoz da, xüsusən 22.12.2020 tarixində səmada hansısa toqquşmanın olacağına inananlar var. Bu da əsassız deyil. Məlum olduğu kimi astroloqlar bu il 2 Günəş və 4 Ay tutulacağı proqnozunu veriblər. Günəş tutulmasını biri 14 dekabr tarixinə təsadüf edir.

Bu, tam Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 17:34-də başlayacaq və saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək, Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada görünəcək. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Bəs Vanqa, Nostradamus və bu kimi öncəgörənlərin proqnozlarına inanmaq nə dərəcədə doğrudur?

Astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Astroloq bu cür proqnozların əsassız olduğunu deyib: “Daimi olaraq kosmik obyektlər izlənilir, araşdırılır. Əgər belə bir şey olsaydı əvvəlcədən məlumat verilərdi. Bəlkə də kiçik cisim Yer kənarından keçə bilər. Amma Yerin hansısa cisimlə toqquşması ilə bağlı yaxın gələcəkdə heç bir proqnoz göstərilmir”.

Astroloq 2012-ci ildə də bu cür məlumat yayıldığını xatırladıb: “21 dekabr 2012-ci ildə dünya dağılması ilə bağlı iddialar yayılmışdı. Bununla bağlı ”2012-ci il - dünyanın sonu" adlı kitabım da çap olundu. Zaman-zaman insanları qorxuda saxlamaq üçün bu cür metodlar ortaya atırlar. Təlaşda olan insanları idarə etmək daha asan olur. İnsanları yalan proqnoza inandırmaq üçün milyonlarla pul ayırıb “2012-ci” adlı film də çəkmişdilər. Həmin zaman alimlər də, din xadimləri də susqunluq nümayiş etdirdilər, heç bir açıqlama vermədilər. Hətta efirə çıxıb “Allahın işidir, birdən ola da bilər” dedilər. Dini ölkə olan İranda belə bu proqnoza inananlar var idi. İranda da bu proqnozu təkzib edən olmamışdı.

2012-ci ildə dünya bank sistemində kredit faizi aşağı səviyyə düşmüşdü. İnsanlar kifayət qədər kredit götürdülər ki, “onsuz da dünya dağılacaq , pulu geri qaytarmayacağıq, ömumuzun son günlərini yaşayırıq, bunu ləzzətli keçirək. Həmin adamlar bu günə qədər kredit götürdükləri pulu geri qaytarmaq məcburiyyətində qalıblar”.

Astroloq qeyd etdi ki, zaman-zaman Vanqa, Nostradmusun adından yalan proqnozlar yayırlar:

“Bir dəfə sosial şəbəkədə də yazdım ki, sanki hər il Vanqanı, Nostrdamusu “dirildib”, ondan proqnoz alıb, təzədən “dəfn edirlər”. Bəzən yazırlar ki, ”Vanqa 2020-ci il üçün bürclər haqqında nə deyib?" Vanqa bürclər haqqında ümumiyyətlə heç vaxt heç nə deməyib. Nostradamus da bu haqda danışmayıb. Buna inanalar var və onlar bilgisiz olduğu üçün deyilənləri ciddi qəbul edirlər. Nostradamusla bağlı məlumatların hamısnı oxumuşam, təxminən 4 il onun tədqiqatı ilə məşğul olmuşam. Bütün məlumatlarda üstüörtülü olsun belə bu haqda bir məlumatlar yoxdur

Bir daha qeyd edirəm, dünyanın dağılması, hansısa metrolitin Yer yaxınlaşması barədə fikirlər Vanqanın üslubuna aid deyil. Vanqa yalnız onun yanına gəlib soruşulanlara cavab deyib. Vanqanın yayılan proqnozları hansı kitabda, mətbuatda, mediada əks olunub. Demək ki, bu cür proqnozlar mənbəsiz və əsassızdır".

Firudin Qurbansoy, Astroloq Firudin Qurbansoy, Astroloq

Astroloq Firudin Qurbansoy da yayılan son proqnozların əsassız olduğunu bildirdi: “Həmin Vanqadan bizim hər bir kəndimizdə 2-3 nəfər var, heç onlara əhəmiyyət verən də yoxdur. Vanqa da onlardan biridir. Vanqa sadəcə Sovet hökumətinə, Bolqarıstan ölkəsinə lazım idi. Vanqa həddindən artıq savadsız, dünya görüşü olmayan insan idi. Onun proqnozları sadəcə insanların beynini ”pudralamaq", Allahın, peyğəmbərin yolundan döndərmək məqsədi daşıyırdı.

Vanqa ciddi obyekt deyil ki, biz onu öyrənək, özümüzə örnək götürək. Bu tip məlumatlar sadəcə insanların əsəblərini gərgin hala salmaq, qorxu içərisində saxlamaq üçündür. İnsan qorxu içində olanda onu idarə etmək çox asan olur".

Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, astrofizik alim Ətayi Ədalət kosmik hadisə ilə bağlı proqnozlara bu cür şərh bildirdi: “Bir neçə il öncə belə bir hadisə baş vermişdi: Kosmik obyekt kosmik gəmilərin nəzərindən qaçaraq Yerlə Ayın arasından keçmişdi. Böyük xoşbəxtlikdən heç bir kosmik raketlə toqquşma baş verməmişdi. Adətən Yerlə Ay arasındakı məsafəni orta hesabla 384 min km məsafə götürürük və həmin obyekt həmin məsafədən keçib.

Əgər kiçik cisim Yerin yaxınlığından keçsə belə Yerin səthində, su hövzələrində hansısa təsir izini qoya bilməz. Adətən Yer səthində dənizlərdə Ay qabartma yarada bilir. Lakin qeyd etdiyim kimi, kiçik cismin belə bir təsir qüvvəsi yoxdur. Beləliklə, Yerlə bağlı heç bir narahatlığa əsas yoxdur".

 Emil Rahiloğlu, İlahiyyatçı Emil Rahiloğlu, İlahiyyatçı

İlahiyyatçı: “Din bizi tam məntiq, ağıl, düşüncə əsasında yaşamağa, həyat qurmağa, ömür sürməyə dəvət edir”

İlahiyyatçı Emil Rahiloğlu isə bildirib ki, din bu cür məsələləri rədd edir: “Keçmişdə yəhudilərdə uzaq görənlər olub. Hətta yəhudilikdə peyğəmbərləri qəbul etmək səbəblərindən biri öncəgörmə idi. Hansısa peyğəmbər özünü isbat etmək üçün həm də öncəni, yuxuyozmanı bilməliydi. Ola bilsin ki, kimsə astroloji heasblamaları öncədən desin. Amma təsdiq etmək olmaz ki, həmin hadisə 100 faiz baş verəcək. Bəzi falçı və baxıcılar bunları cinlərin vasitəsi ilə edə bilir. Amma cinlər də hər şeyi dəqiq, yüzdə yüz bilmirlər.

Bildiyiniz kimi Qurani-Kərimdə bununla bağlı ayələr var. Həzrəti Süleyman peyğəmbər cinlərdən istifadə edirdi. Lakin vəfat etdiyi zaman cinlərin bundan xəbəri olmamış və öz işlərinə davam etmişdilər. Allah-təala bir qarışqaya onun əsasını yeməsini əmr edib. Yalnız qarışqa həzrəti Süleymanın söykəndiyi əsasını yeyəndən sonra peyğəmbər yerə yıxılmış və onun öldüyü məlum olmuşdu. O zaman qədər heç kəs həzrəti Süleymanın öldüyündən xəbər tutmamışdı. Bu da onu təsdiq edir ki, əgər cinlər qeybi bilsəydilər, hamıdan əvvəl peyğəmbərin öldüyünü bilər, alçaldıcı əzaba davam etməzdilər.

Beləliklə, din uzaqgörənliyi, falçılığı qətiyyətlə rədd edir. Qurani-Kərimdə bildirilir ki, həmin şəxslərin yeri cəhənnəmdir və onları böyük bir əzab gözləyir. Nəinki onları, falçı və uzaqgörənlərin yanına gedən, ona ümid bəsləyənlərin də axirəti o cür olacaq.

Din bizi tam məntiq, ağıl, düşüncə əsasında yaşamağa, həyat qurmağa, ömür sürməyə dəvət edir".

Son xəbərlər
Bütün xəbərlər »