Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: "Azərbaycanın qeyri-neft sənayesi 16 faiz artmışdır"

"Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunu tamamilə yeniləşdirib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında nəqliyyat infrastrukturu baxımından Azərbaycan dünyada 34-cü yerdədir. Dəmir yollarının səmərəliliyinə görə 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.

Dövlət başçısı bildirib: "Azərbaycan - açıq dənizlərə çıxışı olmayan ölkə artıq beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra mümkün olmuşdur. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın ərazisindən keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat dəhlizinin iştirakçısıdır və bu dəhlizlər, əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa da yol açıb. Hazırda biz Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri ilə bağlı işlərlə məşğuluq. Yüklər artıq bu dəhlizlər üzərindən dünya bazarlarına çıxarılır. Dünən imzalanmış memorandumun birində Azərbaycan Dəmir Yolları ilə İtaliyanın müvafiq qurumları arasında məsələ öz həllini tapıbdır. Biz İtaliyadan dəmir yolu texnikası alacağıq.

Kosmik sənaye də çox perspektivli sahədir. Azərbaycanın artıq 3 peyki vardır. İtaliyanın bu sahədə əldə etdiyi təcrübə bizim üçün çox maraqlıdır. Bu günə qədər iki ölkə arasında kosmik sənaye sahəsində əlaqələr olmayıb. Ancaq dünən imzalanmış sənədə görə biz artıq bu sahədə də əməkdaşlığı davam etdirəcəyik.

Sənaye istehsalının artması və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi işində İtaliya şirkətləri bizə kömək göstərirlər. Cənab Mattarellanın səfəri çərçivəsində biz böyük neft-kimya müəssisəsinin açılışında bərabər iştirak etmişik. İtaliyanın aparıcı şirkətlərindən biri Azərbaycanda təqribən 1 milyard dollara yaxın dəyəri olan iki böyük sənaye müəssisəsi istifadəyə vermişdir. Yəni podratçı kimi işləmişdi. Hazırda həmin şirkət Azərbaycanda neftayırma zavodunun yenidən qurulmasında fəal iştirak edir. İmzalanmış kontraktların məbləği 800 milyon avrodan çoxdur. Bu, hələ başlanğıcdır və əminəm ki, Azərbaycanın gələcək sənaye inkişafında İtaliya şirkətləri öz rolunu oynayacaq.

Bildirməliyəm ki, keçən il Azərbaycanın qeyri-neft sənayesi 16 faiz, bu ilin yanvar ayında isə təqribən 14-15 faiz artmışdır. Bu, onu göstərir ki, sənaye istehsalına çox böyük diqqət göstərilir və özəl sektor bu sahəyə böyük investisiyalar qoymaqdadır. Əminəm ki, bundan sonra da bu istiqamətdə işlər aparılacaq". (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »