Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Namizəd: “Deputat olmaq istəyən hər kəs birinci öz mənafeyini güdür”

Bizimyol.info-nun müsahibi siyasi şərhçi, deputatlığa keçmiş namizəd, Bakı metropoliteninin növbə rəisi Ramil Paşşanovdur.

-Ramil bəy, seçkilərdən sonra demək olar ki, bütün namizədlər deyirlər ki, bizim səsimizi oğurladılar. Heç kim məğlub oldum demir. Düşünürsünüz ki, sizin də səsinizi oğurladılar?

Ramil Paşşanov Ramil Paşşanov

- Yox , mən belə demirəm. Mübarizə aparmağı da, kişi kimi məğlub olmağı və düzünü deməyi bacarmaq lazımdır. Ağstafada seçkilər şəffaf keçirildi.Bunu nəyə əsasən dediyimi izah edim. Bizim ən güclü rəqibimiz , Milli Məclisin deputatı,akademik Nizami Cəfərov idi. Seçkilərə əsasən xalqın oxumuş, dövlət müəssisələrində işləyən qismi qatılır. Onların da böyük əksəriyyəti Nizami Cəfərovu tanıyır və Nizami Cəfərov həqiqətən layiqli namizəd idi. Namizədlərin hər birinin bu gün çıxıb MSK-nın qarşısında oğurlanmış səsləri tələb etməsini düzgün hesab etmirəm. Seçki vaxtı kimsə seçkiyə gəlib səs vermək istəmirsə, bu onun haqqıdır, heç kimi zorla seçkiyə gətirib “səs ver” deyə bilməzsən.Səs xalqındır, qoy xalq səs verməyə maraqlı olsun, gəlmirsə deməli onlar üçün seçki önəmli deyil.Bu seçkilərdə seçicilərin 50-55 faizi gəlib səs verib. Bəs bu xalqın digər yarısı hanı? Seçkiyə gələnlər əsasən, savadlı elmli və dövlət müəssisələrində işləyən insanlardır.

- Sizcə bu il namizədlərin sayı niyə bu qədər çox oldu?

- Bu gün deputatların yaşam tərzinin digər insanlardan yaxşı olması, onların yüksək statusu, maaşları, onlara edilən güzəştlər başqa kimdə var? Parlamentdə oturan deputatların demək olar ki, böyük əksəriyyətinin səsini eitmədik, “yatmaqla” məşqul idilər. Bir çoxları da danışanda elə danışdılar, gülüş obyektinə çevrildilər, lağlağıya qoyuldular. Bu anlamda kənardan baxana deputat olmağın zor iş olmadığı təsəvvürü yarandı, “niyə mən olmayım?” dedilər. Deputatlığa namizədlərin və deputat olmaq istəyən hər kəsin ilk növbədə düşüncəsi öz şəxsi mənafeyini güdməkdir.Kim deyirsə ki, o ilk növbədə xalqa xidmət etmək üçün deputat olmaq isteyir, burda yalan demiş olur.

-Siz də namizdə idiniz.Sizində şəxsi mənafeyiniz var idi?

- “Yox idi” desəm yalan olar. Deputatların yaxşı maaşı olur.Insana özünü göstərmək üçün böyük imkanlar verir. Amma bu fikrə sadəcə öz mənafeyim naminə düşdüm demək də düz deyil. Mən iki ali təhsil almışam. Üçüncünü də alıram. Özümü Milli Məclisdə mühüm qərarların müzakirəsində iştirak etmək üçün kifayət qədər intellektual və hazırlıqlı hesab edirəm. Vətənim üçün müəyyən xidmətlərim olub. Milli Məclisdə yaxşı iqtisadçılar, hüquqşünaslar, politoloqlar, sosioloqlar olmalıdırlar.Hesab edirəm ki,mənim orda olmağımım xalqa faydası dəyərdi.Fayda demişkən bir nüansa da diqqət çəkmək istərdim.

Deputatlardan yol, su çəkilməsini istəyirlər. Məişət problemlərinin həllinə kömək gözləyirlər. Fayda gözləyirlər. Çünki, yerli icra orqanları yarıtmaz işləyir ki, camaat da gözünü dikib deputatlara.

- Seçki kampaniyalarında gərəksiz hay-küy salan namizədlər də gördük...

- Bilirsinizmi, Qarabağ qazisi olmaq, nə bilim hansısa başqa bir status bizlərə həyasızlıq etmək kimi üstünlük vermir.İnsan haqqını, hüququnu müdafiə edəndə bunun bir başqasının haqq və hüquqlarını pozmadan etməlidir Bizim azadlığımızın çərçivəsi başqasının azadlığının çərçivəsinə çatanda bitir.O cümlədən blogger Mehman Hüseynovun da hərəkətlərini doğru hesab etmirəm. Mehman, sənə kim haqq verir ki, gedib kimlərinsə şəxsi həyatını çəkəsən. Nə olar məmurdur, vəzifə adamıdır. Sən onun şəxsi işlərinə qarışmalı, onlarla kobud danışmalı deyilsən. Jurnalistlərin bir çoxunun fəaliyyətində belə uyğunsuzluq var. Cəbhədə ölən əsgərlərimiz, əsir düşənlərimiz barədə yazın, çatışmayan nöqsanları yazın, araşdırın, kiminsə özəl həyatına qarışmaq demokratik cəmiyyətin qanunlarına ziddir. Mehman bu cür hərəkətlər edir, sanki gözləyir ki, kimsə ona bir şapalaq vursun, bu da haray-həşir salsın. Mehman deputatlarla “ə” deyərək danışmalı deyil. Belə bir adamın parlamentdə olması o deməkdir ki, səhər düşmənlərimizin əlinə onun çıxışları ilə bizə qarşı, dövlət idarəçiliyinə qarşı əsas verək. İnkişafdan danışan bir çox namizədlər millət vəkilinin işinin nədən ibarət olduğunu bilmirlər.İnkişaf modelimizə nəzər salsınlar.Azərbaycan MDB dövlətləri arasında minimum əmək haqqına görə birinci yerdədir. Bəziləri Azərbaycanı Almaniya ilə müqayisə edirlər.Almaniyanın inkişaf tarixinə baxın, bir də Azərbaycanın müstəqillik tarixinə baxın.Amma sosial layihələrin inkişafına görə Azərbaycan Almaniyadan qabaqdadır.Xalq olaraq düşüncələrimizin dəyişməsi lazımdır ki, bir çox problemlərimizi həll edək.

- Hansı düşüncələri məsələn?

- Bilirsinizmi, hər şeyi bir qədər fərqli yanaşmadan görmək lazımdır. Elə məsələlər var ki, burda artıq biz müxalifət və ya iqtidara bölünmədən xalq olaraq özümüzü göstərməliyik.Məsələn bu günlərdə Münhendə Azərbaycan və Ermənistan liderlərinin debatı oldu. Çıxışında tarixi faktlara istinad edən Azərbaycan Prezidenti Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə susdurdu, onu geniş auditoriya qarşısında çıxılmaz vəziyyətdə qalıb. İlham Əliyev Ermənistan liderinə həqiqətən çox layiqli cavab verdi, öz intellekti, dil bilgisi, tarix bilgisi, gətirdiyi faktları əsaslandırması ilə ondan qat-qat üstün olduğunu gördük. N.Paşinyanın debat zamanı tarixi faktları təhrif etməsi, ingilis dilində normal danışa bilməməsi, həmçinin əsassız siyasi təhlili onu çıxılmaz və gülünc vəziyyətə saldı. Bunu beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Ermənistanın tarixçi və jurnalistləri də etiraf edirlər.Bəs niyə bizim müxalifət bunu dilə gətirmədi? Müxalifət olmaq o deməkdir ki, hansısa yaxşı bir məsələ bardə danışmaq olmaz? Bir neçə il öncə Ərdoğanın İsrail lideri ilə polemikası türklər tərəfindən necə böyük rəğbətlə qarşılanmışdı, xalq onu hava limanında alqıqşlarla qarşıladı. Bunu bizlər niyə etmirik?

Müxalifət normal müxalifət olsaydı xalqı bunu qeyd etməyə çağırmalıydılar. Niyə mitinqə çağıra bilirlər, amma bunu demək üçün bir yerə toplanmağa yox? Axı söhbət Qarabağdan gedirdi. Milli ruhumuz bütövləşməlidir ki, Qarabağ uğrunda savaşdan qələbə ilə çıxaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »